Qarabağda uşağın cinsiyyəti səbəbindən həyata keçirilən abortlar qadağan ediləcək. Dağlıq Qarabağ Parlamentinin 33 deputatından 28-i bu qərarın lehinə səs verib. “Reproduktiv sağlamlıq və reproduktiv insan haqları haqda” Qanuna dəyişiklik və əlavələrin edilməsi haqda qanun layihəsi marın 30-da parlamentdə qəbul edilib. Dəyişikliklər DQ prezidenti sənədi imzalayan kimi qüvvəyə minəcək.
Qanun layihəsi ciddi yanlış anlama doğurub: KİV-də dərc olunan məlumatlardan və sosial şəbəkələrdə gedən müzakirələrdən belə anlaşılırdı ki, söhbət abortların tam qadağasından gedir, anlamaq olmurdu ki, qüvvədə olan qanuna hansı dəyişikliklər ediləcək.
Buna görə də biz məsələni aydınlaşdırmaq üçün Milli Məclisin Sosial Təminat və Səhiyyə Daimi Komissiyasının sədrinə müraciət etdik. Aram Qriqoryan bildirdi ki, “Qarabağdakı demoqrafik vəziyyəti, həmçinin bu məsələdə diskriminasiya və humanizm amillərini nəzərə alaraq, bu qanun layihəsi ilə uşağın cinsiyyəti səbəbindən hamiləliyin süni yolla dayandırılmasının qarşısını almaq istədik”.
Deputat xatırladıb ki, Qarabağda hamiləliyin 12-ci həftəsinə qədər abortlar könüllü əsasda, 12 həftədən 22 həftəyə qədər həkim təyinatı ilə həyata keçirilir. Onun sözlərinə görə, təyinat siyahısı çox uzundur. Əsasən söhbət dölün inkişafında anomaliyaların müşahidə edilməsi və ananın həyatının təhlükədə olmasından gedir.