Qarabağda “Qəzəb” əməliyyatı: dörd nəfər həlak olub, bir nəfər yaralanıb. Bakıda nə deyirlər?
Qarabağda “Qəzəb” əməliyyatı
Azərbaycan Silahlı Qüvvələri ilə Qarabağda qanunsuz silahlı birləşmələr arasında epizodik döyüşün nəticəsində erməni tərəfdən dörd nəfər həlak olub, Azərbaycan tərəfdən isə bir nəfər yaralanıb. Azərbaycan bəyan edib ki, hərbçisi yaralanandan sonra ordu “Qəzəb” əməliyyatını həyata keçirib. Xankəndinin tanınmamış rejimi üçtərəfli razılaşmanın pozulduğunu iddia edir. Azərbaycanlı hərbi icmalçı qeyd edir ki, “qeyri-qanuni hərbi qruplaşmaların tam tərksilah edilməsi qaçılmazdır”.
- Azərbaycanda üzümçülük və şərabçılıq məmur kölgəsində inkişaf edir
- ABŞ səfirliyində Söyüdlü hadisələrinə diqqət çəkmək istəyən aktivistlər polisə təhvil veriliblər
- “Gürcüstan 12 tövsiyədən 3-nə tam əməl edib” – Avropa Komissiyasının aralıq hesabatı
2023-cü il iyunun 27-də axşam saatlarında Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi hissəsində qanunsuz silahlı birləşmələrin Ağdam istiqamətində açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralanıb. Nazirlik əlavə edib ki, cavab tədbirləri görülür.
İyunun 28-də səhər saatlarında Xankəndinin tanınmamış rejimi Azərbaycan ordusunun atəşə tutması nəticəsində 4 nəfərin həlak olduğunu bildirib.
Qarabağda gecə saatlarında keçirilən antiterror əməliyyatı Bakıda “Qəzəb” adlandırılıb.
“Qeyri-qanuni hərbi birləşmələrin tamamilə tərksilah edilməsi qaçılmazdır”
“Ölkəmizdə Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar”, – hərbi icmalçı Ədalət Vəliyev bildirib.
Onun sözlərinə görə, bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi.
“Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddür. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir”, – ekspert əlavə edib.
Verdiyev qeyd edir ki, erməni silahlılarının yeganə çıxış yolu silahı təhvil verib getməkdir, əks halda legitim hədəf kimi Azərbaycan ordusu tərəfindən məhv ediləcək.
“Bu fəaliyyətlərimizi daha əvvəl keçirdiyimiz Fərrux, Sarıbaba, Qırxqız, Buzdux və digər əməliyyatlarımızı düşmən tərəfə nümayiş etdirmişik.
Erməni silahlılarının təxribatları daha çox rus kontingentinin təkidi ilə keçirdiyi şübhə doğurmur. Çünki Laçın sərhəd-buraxılış məntəqəsində ataəşkəsin pozulması və gizirimizin yaralanmasından sonra rus kontingenterməni silahlıları ilə əlaqələrini intensivləşdirib onların ölkəmizə qarşı fəaliyyətlərə istqamətləndirdiyi də istisna olunmur”, – deyə o qeyd edib.
“Azərbaycan hərbi əməliyyata başlamalıdır”
Politoloq Qabil Hüseynli söyləyib ki, Azərbaycan ordusu Ağdərədən hərbi əməliyyatlara başlamalıdır.
“Hal-hazırda Vaşinqtonda danışıqlar prosesi gedir. Danışıqlarda Azərbaycan ərazisində hələ də qalan erməni silahlı dəstələrinin çıxarılması ciddi müzakirə olunmalıdır.
Biz isə Ağdərə, Əsgəran və bütün Qarabağda erməni terrorçuların son nəfərinə kimi torpaqlarımızından çıxarılması üçün işlər aparmalıyıq. Çünki başqa cür nə sülh müqaviləsi imzalanacaq, nə də bölgədə sabitlik olacaq.
Çox anormal bir vəziyyətdir ki, sülh danışıqları getsin, ancaq bununla birlikdə ərazində silahlı dəstələr olsun və təxribatlar törətsin. Mənim fikrimcə, Qarabağda yaşayan ermənilərin də Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün separatçıların tərksilah edilməsi vacibdir. Ona görə də Azərbaycan Ağdərədən hərbi əməliyyatlara başlayaraq, erməni silahlılarını zərərsizləşdirməlidir”,- deyə politoloq bildirib.
“Rusiya sülhməramlıları sıravi müşahidəçilərə çevriləcəklər”
“Qarabağ ətrafında baş verənlərdən xəbərdar olanların sözlərinə görə, “Qəzəb” adlı əməliyyat hələ başa çatmayıb. Düşünürəm ki, Vaşinqton danışıqlarının aralıq nəticələri burada həlledici olacaq”, – deyə siyasi icmalçı Hacı Namazov deyir.
O vurğulayıb ki, danışıqlar prosesində Azərbaycanın əsas şərtlərindən biri “müdafiə ordusu”nun Qarabağdan dərhal çıxarılmasıdır:
“Heç bir dövlət öz ərazisində mərkəzi hökumətə tabe olmayan silahlı qrupların olmasına göz yuma bilməz. Üstəlik də əgər bu qüvvələr dövlətin özünə düşmən hesab etdiyi qeyri-qanuni rejimə tabedirsə. Bu aydındır və hətta müzakirə edilə bilməz.
Ermənistan dəfələrlə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib. Buna əsaslanaraq Xankəndi yeganə dayaqlarını itirir və tanınmamış rejimin arxalanacağı heç kim qalmır. Bu gün dünyada tanınmamış rejimin yaşamaq hüququnu tanıyan az-çox ciddi bir qüvvə yoxdur.
Əgər Xankəndidəki qanunsuz rejimin rəhbərliyi kifayət qədər tədbirli olsa, heç bir antiterror əməliyyatı olmadan hər şey sülh yolu ilə bitə bilər. Dəfələrlə qeyd etdiyim kimi, qüvvələr çox qeyri-bərabərdir və Bakı uzun müddət dözməyəcək. Və dünən axşam gördüyümüz kimi, Azərbaycan Qarabağda erməni quldur dəstələrinə qarşı hərbi əməliyyata başlasa, Rusiya sülhməramlıları sıravi müşahidəçi rolunu oynayacaqlar”.