Qarabağ, döyüşlər və bəyanatlar. 20 oktyabr, hadisələr, üç həftə sürən toqquşmalar
Gecədən başlayaraq oktyabrın 20-də bütün gün ərzində Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan orduları arasında bir neçə istiqamətdə gərgin döyüşlər davam edir.
2020-ci il sentyabrın 27-də eskalasiya başlayan vaxtdan rəsmi məlumata görə, hər iki tərəfdən hərbçilər və dinc sakinlər arasında min nəfərdən çox insan həlak olub. Qeyri-rəsmi daha çoxdur. Hər iki tərəf qarşı tərəfin böyük texnika itkilərinin olduğunu bildirir və bir-birini dezinformasiya yaymaqda günahlandırır.
İki dəfə atəşkəs elan olunub – oktyabrın 10-da və 18-də, amma hər iki dəfə atəşkəs dərhal pozulub. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
20 oktyabr 16:00-a qədər hadisələr haqda
Bakıdan informasiya
• Azərbaycanın Müdafiə Nazirliyindən bildirilir ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində Ermənistan ordusu atıcı silahlardan, minaatannlardan və toplardan istifadə edir.
Həmçinin qeyd olunur ki, Ermənistan hərbçiləri Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutur.
• Azərbaycan prezidenti İlham Əliyev növbəti dəfə xalqa müraciət edib. O bildirib ki, Azərbaycan ordusu Qarabağ münaqişəsi zonasında daha 24 kəndi və Zəngilan şəhərini nəzarət altına alıb.
• Azərbaycanın Rus Pravoslav Kilsəsi bəyanatla çıxış edib:
“Ordu ordu ilə müharibə edir, əsl döyüşçü heç vaxt uşağa, qadına, qocaya əl qaldırmaz. Ermənistan silahlı qüvvələrinin törətdiyi vəhşiliklər açıq şəkildə terror aktları adlandırıla bilər. Dünya birliyi bu dəhşətli təcavüz aktlarını qınamalı və günahkarları cəzalandırmalıdır”.
Bəyanatda Tərtər şəhərində dəfnə toplaşan insanların atəşə tutulması və gecə Gəncə şəhərinin yaşayış binalarının raketlə vurulması haqda bəhs edilir. Hər iki hücum zamanı onlarla dinc insan həlak olub, yüzlərlə insan yaralanıb.
• Dinc sakinlər arasında qurbanlarla bağlı yeni məlumat: 61 nəfər həlak olub, 291 nəfər yaralanıb.
Yerevan və Stepanakertdən informasiya
• Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, cəbhənin şimal hissəsində qarşı tərəf aviasiya və artilleriyadan istifadə edir, cənubda (İran sərhədinə yaxın) intensiv döyüşlər davam edir.
• Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyanla və Bako Saakyanla görüşüb və “Azərbaycan-Türkiyə təcavüzü nəticəsində Dağlıq Qarabağda yaranan vəziyyətin” qarşısını almaq üçün atılmalı olan addımları müzakirə edib.
• Paşinyanın parlamentdə təmsil olunmayan və hakimiyyətə qarşı kəskin müxalifətdə olan partiyaların nümayəndələri ilə görüşündə də eyni gündəm elan olunub.
• Görüşdən sonra “Daşnaksütün” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, erməni xalqının geri çəkilmək haqqı yoxdur, çünki bu müharibədə dövlətin mövcudluq məsələsi həll olunur.
“Artsaxın müstəqilliyi tanınmadan nizamlama “Daşnaksütun” partiyası üçün qəbuledilməzdir. Həm əvvəlki kimi, həm də indi hər hansı mərhələli variant qəbuledilməzdir”.
• Ermənistan Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Artsax xalqının öz müqəddaratını təyin etmək hüququnun təmin edilməsinə alternativ yoxdur”.
• Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan parlamentdə bildirib:
“Hər şey döyüş meydanında həll olur. Dünya ictimaiyyətinin, BMT-nin və sairə reaksiyasına gəlincə, bizim üçün bütün bunları görmək çox ağrılıdır. Amma biz dərk etməliyik ki, əgər söhbət təhlükəsizliyin təmin olunmasından gedirsə, o zaman ilk növbədə bu, bizim borcumuz və bizim öhdəliyimizdir.
Ermənistan Türkiyənin də cəlb olunduğu müharibə şəraitindədir, bu da yeni soyqırım təhlükəsi deməkdir”.
• Ermənistanın baş naziri Facebook səifəsində yazıb ki, müharibənin gedişatında Qarabağ müdafiə ordusu Türkiyənin onlarla “Bayraktar” dronunu vurub və Ermənistan tərəfində “görünür ki, “Bayraktar”ın fraqmentləri var”.
Ermənistranın baş naziri bunu Türkiyənin Qarabağa qarşı terrorçu müharibəyə cəlb olunduğunu sübut etdiyini bildirib və Türkiyəni “Bayraktar” üçün lazım olan komponentlərlə təchiz edən ölkələri Kanadanın nümunəsində olduğu kimi təchizatı dayandırmağa çağırıb.