Qarabağda atəşkəs niyə pozulur? Bakıdan şərh
Son iki gün ərzində Azərbaycan Müdafiə Nazirliyi Şuşa istiqamətində rusiyalı sülhməramlıların səlahiyyət ərazisində yerləşmiş erməni silahlı birləşmələri tərəfindən atəş açılması barədə iki dəfə məlumat yayıb. Azərbaycan hərbçiləri buna atəşlə cavab veriblər. Atışmalardan biri Rusiyanın Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib. Baş verənlər nə deməkdir? Azərbaycanlı ekspertlər bu barədə nə düşünür?
- Azərbaycan-Ermənistan sərhədində atışma nəticəsində erməni hərbçi həlak olub
- Şərh: Gürcüstan – “demokratiya mayakına” hücum
Nə baş verib?
14 iyul 2021-ci il tarixində Azərbaycan Müdafiə Nazirliyi gözlənilməz məlumatla çıxış etdi.
“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.
Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”, – Azərbaycan Müdafiə Nazirliyini mətbuat xidmətinin məlumatında deyilir.
Bu məlumat elə həmin gün Rusiya Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib:
“Atəşkəs rejimi ümumilikdə bütün təmas xətti boyunca qorunur.
Bununla yanaşı, iyulun 13-də saat 20:27-dən 20:53-ə qədər Şuşa şəhərinin şimal-şərq hissəsi istiqamətində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atışma qeydə alınıb.
Rusiya sülhməramlı kontingentinin səyləri nəticəsində atışma dayandırılıb. Hər iki tərəfin bildirdiyinə görə, atışma nəticəsində xəsarət alan olmayıb”.
Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi daha bir analoji məlumat yayıb:
“İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”.
Son aylar ərzində bu, Qarabağda atəşkəs rejiminin ilk pozulma hallarıdır. Nə baş verir?
Politoloqun şərhi
Mümkün ssenarilər
“Əgər bu hallar Rusiya komandanlığının bilgisi və iradəsi daxilində baş verirsə, 2 ehtimal ağıla gəlir”, – deyə, azərbaycanlı politoloq Şahin Cəfərli bildirib.
“1. Bölgədə mövcud olan qanunsuz silahlı dəstələrin və Ermənistan ordusunun sülhməramlı əməliyyata, ümumən sülh quruculuğuna mane olması rəyini yaradıb, bu problemi aktuallaşdıraraq birincilərin tərksilahına, Ermənistan hərbçilərinin isə ölkələrinə göndərilmələrinə zəmin hazırlanır, bu barədə Azərbaycan və Rusiya arasında razılaşma var;
2. Birinci ehtimalın əksinə, Rusiyanın Azərbaycandan hansısa gözləntiləri var və Moskva Azərbaycan dövlətinin və xalqının ən həssas olduğu Şuşa istiqamətində təzyiq yaradaraq Bakıya xəbərdarlıq siqnalı göndərir”, – ekspert fikirlərinə davam edib.
Onun sözlərinə görə, bu ehtimalı da tam istisna etmək olmaz ki, atəşlər Rusiya sülhməramlılarının bilgisi, iradəsi xaricində baş verir və məqsədyönlü provokasiya deyil, siyasi mahiyyət daşımayan sıradan hadisələrdir.
Monitorinq mərkəzi hara baxır?
“Maraqlı məqamlardan biri budur ki, atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəz hər hansı açıqlama ilə çıxış etmir. Atəşkəs pozuntuları, bu pozuntulara hansı tərəfin yol verdiyi Mərkəzdə qeydə alınırmı? Yəqin ki, alınır. Buna qarşı hansısa tədbir görülürmü? Bilmirik.
Açıqlama verilməməsi oradakı Rusiya və Türkiyə təmsilçiləri arasında bu barədə konsensus olmaması ilə izah oluna bilər. Çünki Rusiya Müdafiə Nazirliyinin açıqlamasında pozucunun ünvanı göstərilmir, “Şuşa şəhərindən şimal-qərbdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan nizamsız atəş” qeydə alındığı deyilir”, – Şahin Cəfərli vurğulayıb.
9 noyabr 2020-ci il bəyanatının ziddiyyətləri
“Yeri gəlmişkən, bu açıqlama ilə Rusiya Qarabağda Ermənistan ordu birliklərinin mövcud olduğunu rəsmən qeyd etmiş olur. Əgər yuxarıda yazdığım 1-ci versiya reallaşırsa, problem yoxdur. Yox, əgər 2-ci və bizim ehtimal etmədiyimiz başqa xoşagəlməz mətləblər varsa, onda narahat olmağa dəyər. Aydındır ki, Ermənistan ordusunun Azərbaycan ərazisində mövcudluğu tam qanunsudur, bunu heç söyləməyə ehtiyac yoxdur. Amma digər yandan, 10 noyabr Bəyanatının 1-ci maddəsində yazılıb:
“10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.”
Bu maddə açıq şəkildə deyir ki, Ermənistan (ordusu) Dağlıq Qarabağda tutduğu mövqelərdə qalacaq. 4-cü maddədə isə yazılıb:
“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.”
Rus dövlət ağlı bu sənədə hər ehtimala qarşı həm gec partlayan minalar, həm də istənilən tərəfə yozmaq, şərh etmək mümkün olan ziddiyyətli, ikimənalı cümlələr yerləşdirib”, – deyə, ekspert fikirlərini tamamlayıb.