Rusiya Azərbaycanda hərbi baza yaratmağı hədəfləyib – Bakıdan şərh
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirilən görüşdə imzaladıqları növbəti üçtərəfli bəyanat həm Bakıda, həm də Yerevanda ekspertləri məyus edib.
Azərbaycanlı politoloqların fikrincə, Qarabağda hərbi əməliyyatlar dayandırılandan sonra dərhal həll edilməsi tələb olunan bir sıra ciddi problemlər var.
Amma üç ölkə liderlərinin yeni bəyanatı buna heç cür xidmət etmir.
- Ermənistan və Azərbaycanı nəqliyyat dəhlizləri birləşdirəcək – Moskvada liderlərin görüşünün nəticələri
- “Qan, tər, gözyaşı və səriştəli idarəçilik” – politoloqdan Ermənistanın böhrandan çıxış formulu
- Cənubi Qafqaz: əhalinin bir-birindən və dünyanın qalan hissələrindən daha varlı olduğu ərazi
“Yeni bəyanatdan görünür ki, Rusiya bu mərhələdə bütün diqqətini 10 noyabr 2020-ci il Bəyanatının 9-cu maddəsinin icrasına yönəldib”, – politoloq Şahin Cəfərli deyir.
O qeyd edir ki, həmin maddədə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası nəzərdə tutulur.
“Şübhəsiz ki, bu, bizim üçün önəmli məsələdir. Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla – şose və dəmiryolu ilə Ermənistan ərazisindən göndəriləcək, Rusiyanın nəzarətində olsa da, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq və sairə”, – ekspert vurğulayır.
Amma onun fikrincə, hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlər var. Politoloq bu problemləri belə sıralayır:
“ – Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası;
– Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması;
– Dağlıq Qarabağdakı erməni silahlı dəstələrinin taleyi;
– Dağlıq Qarabağdakı oyuncaq-separatçı rejimin və onun başçılarının taleyi;
– Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar;
– Ağdərə-Kəlbəcər yolunun açılması…”
Şahin Cəfərli qeyd edir ki, bu məsələlər hələ müzakirə mövzusu deyil. Ola bilər ki, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılsın – o hesab edir.
“Bəs, Rusiya niyə bütün diqqətini 9-cu maddəyə cəmləşdirib? Məncə, bunun 2 əsas səbəbi var”, – Cəfərli davam edir.
“Birincisi, Moskva tezliklə Azərbaycan üzərindən Ermənistanla etibarlı, daimi quru və dəmir yolu əlaqəsi yaratmaq istəyir.
Hazırda Rusiya-Ermənistan qarşılıqlı ticarət əlaqələri əsasən Gürcüstan üzərindən, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsi vasitəsilə həyata keçirilir. Lakin qış aylarında Qərbi Gürcüstan yolunda hərəkət çətinləşir, bəzən isə tam dayanır. Ona görə də, daha əlverişli alternativə ehtiyac var.
Digər tərəfdən, Gürcüstan hökuməti öz ərazisi ilə Ermənistana hərbi yüklərin daşınmasına icazə vermir, yaxud nadir hallarda icazə verir. Faktiki olaraq, Ermənistandakı Rusiya hərbi bazaları nəqliyyat-logistika imkanlarından məhrum şəraitdə qalıb. Gürcülərin birmənalı strateji seçimi və avroatlantik inteqrasiya siyasəti aparması o deməkdir ki, Gürcüstan marşrutu istər ticarət əlaqələri, istərsə də hərbi yüklərin tranziti baxmından Rusiya üçün etibarlı və uzunmüddətli ola bilməz.
Azərbaycan ərazisi vasitəsilə Rusiya öz hərbi bazalarını blokada vəziyyətindən çıxaracaq və oranın təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə biləcək. (Təbii ki, Azərbaycanın razılığı ilə.)
Başqa bir problem budur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan qopuq vəziyyətdə, bir növ onun anklavı kimi qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də həll etmiş olacaq.
İkincisi, düşünürəm ki, kommunikasiyaların açılmasından, nəqliyyat əlaqələrinin bərpasından sonra Rusiya Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirə bilər. Açıq sərhədlər və kommunikasiyalar bunun üçün yaxşı zəmin hazırlayır. Moskva tərəfindən belə bir təklif səslənərsə, Bakının buna yox deməsi elə də asan olmayacaq, çünki əks halda, Rusiya Qarabağda bizə problemlər yaratmaq imkanındadır. Avrasiya İttifaqına üzvlük bizi bu risklərdən xilas edə bilər.
Məncə, Rusiyanın bölgə ilə bağlı vizyonu belədir: keçmiş SSRİ zamanında olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır və orada suverenliyimiz təmin olunur, tərəflər sıx əməkdaşlığa başlayır, tədricən düşmənçiliklər unudulur, Qarabağdakı sülhməramlı kontingent Rusiya hərbi bazasına çevrilir, beləliklə, Rusiyanın himayəsində sülh və sabitlik bərqərar olur”, – Şahin Cəfərli qeyd edib.