Qara dəniz sahilinə “Zika” təhdidi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mayın 18-də yaydığı bəyanatda bildirilir ki, indiyə qədər ancaq Afrika və Cənubi Amerikada yayılan “Zika virusu Avropaya da keçə bilər.
Bəyanatda yüksək risk zonaları kimi Gürcüstan, Rusiyanın Qara dəniz sahili və Portuqaliyanın Madeyra adası göstərilir, çünki qeyd olunan yerlər “Zika virusunu yayan ağcaqanad növünün yaşadığı yerlərdir.
Mütəxəssislər risk qrupuna daxil olan ölkə hökumətlərini preventiv tədbirlər görməyə çağırır. ÜST tövsiyə edir ki, ilk növbədə virusu yayan ağcaqanadların bilavasitə yaşayış yerlərində onların məhvi üçün xüsusi işlər aparılsın. Bundan əlavə, əhalini “Zika virusu və onun gətirib çıxaracağı ağırlaşmalar barədə məlumatlandırmaq lazımdır. Bu zaman xüsusi diqqət hamilə qadınlara verilməlidir.
“Zika virusu nədir və onun haqqında nələri bilmək lazımdır.
- Virus elmdə Aedes aegypti adı ilə tanınan və dünyanın 50-dən çox ölkəsində yaşayan ağcaqanadın sancması ilə yayılır.
- “Zika qızdırmasını insanlar asan keçirir və adətən o ölümlə nəticələnmir. Xəstəliyin simptomları bunlardır: yüksək hərarət, səpki, baş ağrıları. Bu simptomlar virus insan orqanizminə düşəndən bir neçə gün sonra özünü göstərir. Xəstəlik adətən bir həftə çəkir və bir qayda olaraq, ciddi ağırlaşmalara gətirib çıxarmır. “Zika virusuna yoluxanlar adətən həkimə müraciət etmirlər, həm də bu xəstəliyin müalicəsi üçün xüsusi dərman preparatları da mövcud deyil.
- Hamiləlik vaxtı isə xəstəlik daha ağır keçir. “Zika virusu ilk növbədə məhz bu kateqoriyadan olan insanlar üçün təhlükəlidir, çünki dölə böyük zərər yetirə bilər və yeni doğulmuş uşaqlarda beynin anadangəlmə defektləri (qüsurları), mikrosefaliya və digər nevroloji xəstəliklər aşkar oluna bilər. “Zika virusunun yayıldığı ölkələrdə ensefalit xəstəliyi olan uşaqların doğulması halları daha tez-tez qeydə alınır.
- “Zika virusu ilə bağlı ağır şərait yaranan Salvadorda hökumət yaxın üç il ərində qadınlara hamilə qalmamağı məsləhət görür. Eyni tövsiyələrlə Braziliya həkimləri də çıxış edir. ABŞ-da hamilə qadınlara virusun yayıldığı ölkələrə səyahət etməkdən çəkinməyi məsləhət görürlər.
- Ötən il təkcə Braziliyada “Zika virusuna 2 milyona yaxın adam yoluxub.
- ÜST “Zika virusunu qlobal təhlükə hesab edir və artıq ona pandemiya statusu verib. Bu virusa qarşı peyvənd yoxdur.
- “Zika virusunun potensial yayılma zonası Aedes ağcaqanadlarının yaşadığı istənilən region ola bilər.
Dərc olunub 19.05.2016