Qal rayonunun sakinləri sərhəddəki keçid məntəqələrinin bağlanmasına etiraz edir
Bu gündən etibarən abxaz-gürcü sərhədindəki altı nəzarət-keçid məntəqəsindən dördü bağlanıb. Abxaziya hakimiyyəti yekunda ancaq bir – İnqur körpüsündəki nəzarət-keçid məntəqəsini saxlamaq niyyətindədir.
Bununla bağlı Abxaziyanın Qal rayonunun 120-ə yaxın sakini etiraz aksiyası keçirərək, Nabakiya yaşayış məntəqəsindəki yolu bağlayıb. İndiyə qədər fəaliyyət göstərən, bu gündən etibarən bağlanan keçid məntəqələrindən biri məhz burada yerləşirdi.
Yerli sakinlərin sözlərinə görə, saxlanılacaq yeganə İnqur nəzarət-keçid məntəqəsinə gəlib çıxmaq onlar üçün çətin olacaq. Çoxları bu məntəqəyə qədər avtobusla 15-30 km yol gəlməli, sonra isə İnqur körpüsü ilə gürcü tərəfinə qədər 800 metr piyada getməlidirlər.
Rayonun güc strukturlarının nümayəndələri etirazçılarla görüşüb, bundan sonra sakinlər dağılışıblar.
“Keçidləri bağlayıb, ancaq birini saxlamaq tələbi Abxaziya əhalisinin əksəriyyəti tərəfindən irəli sürülmüşdü. Bu [tələbi və] vəd olunanı həyata keçirmək üçün hakimiyyətə iki il, dörd ay vaxt lazım oldu”, – Apsnıpress agentliyinə Qal rayonu administrasiyasının başçısı Temur Nadaraya bildirib.
O vurğulayıb ki, Abxaziya hakimiyyəti bu qərarın nəticələrini Qal rayonu sakinləri üçün yüngülləşdirmək üçün çox şey edib.
“Qal sakinlərinin İnqur nəzarət-keçid məntəqəsinə rahat gəlib çıxması üçün yolun təmirinə 153 milyon rubl [təqribən 2,5 milyon dollar] vəsait ayrılıb. İctimai nəqliyyat işə salınıb. İnqur nəzarət-keçid məntəqəsinin buraxılış imkanı artırılıb. Narazıların əksəriyyəti qaçaqmalçılıqla pul qazanan və qanunsuz bizneslə məşğul olanlardır”, – Nadaraya bildirib.
Abxaziya hökumətinin qərarına əsasən bu gündən etibarən İnqur çayı üzrə abxaz-gürcü sərhədində cəmi iki nəzarət-keçid məntəqəsi qalacaq. Azağı zonada hələlik müvəqqəti olaraq Aberkıt məntəqəsi fəaliyyət göstərəcək. Daha sonra yalnız İnqur körpüsündəki nəzarət-keçid məntəqəsinin saxlanması nəzərdə tutulub.
Məqalədə ifadə olunan fikir müəllifin terminologiya və baxışını ifadə edir, redaksiyanın nöqteyi-nəzəri ilə üst-üstə düşməyə bilər.