Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər. 15-16 mart, 2020
Martın 16-dan sonra yeni məlumatlara baxmaq üçün buraya tıklayın
16 mart, 2020
Koronavirus epidemiyası ilə bağlı Ermənistanda fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət 2020-ci il aprelin 14-ə qədər qüvvədə olacaq.
Martın 16-a qədər Ermənistanda 30 koronavirusa yoluxma halı qeydə alınıb. Bir nəfər sağalıb.
_____________________________________
Gürcüstanda koronavirusa yoluxan ilk pasiyent sağalıb və xəstəxanadan evə buraxılıb. Amma o, bir həftə ərzində özünütəcrid şəraitində qalacaq.
Bununla da ölkədə xəstələrin sayı 33 nəfərə çatıb. Onlardan dörd nəfər azyaşlıdır. 500 nəfərə yaxın insan karantin altındadır.
_____________________________________
4-9 martda Gürcüstanın Qudauri dağ kurortunda istirahət edən çexiyalı turistlər evlərinə qayıdandan sonra onlarda koronavirus aşkarlanıb.
Ümumilikdə onlar yeddi nəfər olublar, üçü xəstələnib, onlardan biri Slovakiya vətəndaşıdır. Gürcüstanda olduqları müddətdə onlarda heç bir xəstəlik əlaməti olmayıb.
Xüsusi xidmətlər turistlərin olduqları yerləri müəyyən edir və onların təmasda olduqları insanları tapırlar. Bir neçə nəfərə artıq özünütəcrid tövsiyə olunub.
_____________________________________
Hazırda Azərbaycanda 23 koronavirusa yoluxma halı qeydə alınıb.
Onlardan 6 nəfəri sağalıb, 1 nəfər ölüb.
Bu insanların nə qədərinin xaricdə, nə qədərinin ölkə daxilində yoluxduğu haqda məlumat verilmir.
Yoluxanlar arasında əcnəbi vətəndaşlar da var.
_____________________________________
Martın 16-da Ermənistanda iki yeni koronavirusa yoluxma halı qeydə alınıb. Beləliklə yoluxanların sayı 30 nəfərə çatıb, bir pasiyent sağalıb və xəstəxanadan evə buraxılıb.
300 nəfərə yaxın insan özünütəcrid rejimində və ya karantin altındadır.
15.00-a təyin olunan hökumətin növbədənkənar iclasında Ermənistanda fövqəladə vəziyyətin elan edilməsi məsələsi müzakirə olunacaq.
_____________________________________
Martın 16-da Gürcüstan və Rusiya Federasiyası arasında quru sərhədində Yuxarı Lars nəzarət-keçid məntəqəsində hərəkət dayandırılıb. Bu, Gürcüstan girişində açıq qalan sonuncu keçid məntəqəsi idi. Artıq ölkə əcnəbilərin üzünə tamam bağlanıb, bununla belə Gürcüstan vətəndaşları evə qayıda bilərlər.
Məhdudiyyətlər yük daşımalarına aid edilmir.
_____________________________________
15 mart, 2020
Gürcüstanda üç yeni koronavirusa yoluxma halı təsdiqlənib. Bununla da ölkədə xəstələrin sayı 33 nəfərə çatıb. Onlardan dörd nəfər azyaşlıdır. 500 nəfərə yaxın insan karantin altındadır.
______________________________________
Ermənistanda martın 15-də bir gün ərzində səkkiz yeni koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan yeddisi Eçmiadzin şəhərində, İtaliya səfərindən qayıdan yerli qadınla təmasdan sonra yoluxub.
Ümumilikdə ölkədə 28 nəfər virusa yoluxub, İranda səfərdə olan pasiyent sağalıb və xəstəxanadan evə göndərilib. Yoluxanlar arasında on nəfərdən çoxu Eçmiadzin sakinidir və onların yoluxma mənbəyi İtaliya ilə bağlıdır.
______________________________________
• Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
• Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar.VİDEO
Koronavirus epidemiyası ilə əlaqədar olaraq Qafqazın müxtəlif yerlərində qəbul edilən təhlükəsizlik tədbirləri
Azərbaycan
Azərbaycanda təhsil müəssisələri, uşaq bağçaları, əyləncə mərkəzləri bağlıdır. restoran və kafelər üçün məhdudiyyətlər tətbiq olunub – onlar işlərini 21.00-dan gec olmayaraq bitirməlidirlər.
Rusiyadan başqa bütün qonşu ölkələrlə quru sərhədləri bağlanıb. Bir çox aviareyslər dayandırılıb.
Məhdudiyyətlər yükdaşımalara şamil edilmir. Nəzarət-keçid məntəqələrində bütün ölkəyə gələnlərin temperaturu yoxlanılır.
Ermənistan
Koronavirus epidemiyası ilə bağlı Ermənistanda fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət 2020-ci il aprelin 14-ə qədər qüvvədə olacaq.
Əsas yoluxma ocağı Eçmiadzin (Yerevandan 20 kilometrlik məsafədə) şəhəri olub. Şəhər praktiki olaraq təcrid edilib, girişlər və çıxışlar ciddi nəzarətdə saxlanılır.
Ermənistan bütün quru sərhədlərini bağlayıb. Ən son martın 15-də bağlanan Gürcüstanla sərhəd olub. Məhdudiyyətlər yükdaşımalara şamil edilmir.
Hava əlaqəsi hələlik açıqdır, hərçənd aviaşirkətlər Ermənistana uçuşları məhdudlaşdırıb və ya tamam dayandırıblar. Nəzarət məntəqələrində bütün gələnlərin temperaturu yoxlanılır.
Ermənistan vətəndaşları istənilən sərhəddən, o cümlədən də quru yolla evlərinə qayıda bilərlər.
Gürcüstan
Gürcüstanda bütün təhsil müəssisələri bağlıdır. Sərhəddə fövqəladə rejim elan edilib. Ölkəyə yalnız Gürcüstan vətəndaşları buraxılır, sərhəddə onların temperaturunu yoxlayırlar və onlar 14 gün özünütəcrid rejimində keçirməyə məcburdurlar. Bu tələbin yerinə yetirilməsinə polis nəzarət edir, qaydanı pozanlar karantinə yerləşdiriləcək.
Başqa heç kimi ölkəyə buraxmırlar. Məhdudiyyətlər yükdaşımalara, o cümlədən də poçtla göndərilən bağlamalara şamil edilmir.
Sosial şəbəkələrdə çoxları fövqəladə halın tətbiqini və bütün ticarət və əyləncə mərkəzlərinin bağlanmasını tələb edirlər.