ABŞ prezidenti və Aİ Şurasının sədri seçildikdən sonra Cənubi Qafqazda nə və necə dəyişə bilər? Bakıdan baxış
Qərb və Ermənistan-Azərbaycan münaqişəsi
Noyabrın 5-də Amerika Birləşmiş Ştatlarında Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçı Donald Trampın mübarizə aparacağı prezident seçkiləri baş tutacaq. Həmçinin yaxın gələcəkdə Aİ Şurasının sədri seçilməlidir. Bu seçkilərin nəticələrindən asılı olaraq Qərb (ABŞ və Aİ) ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin təfərrüatları, həmçinin Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə bağlı Qərbin mövqeyi bəlli olacaq. Azərbaycanlı analitiklər hesab edirlər ki, “ABŞ və Aİ-nin regionda mümkün iştirakı genişdir: təşəbbüsün olmamasından tutmuş, regionda əsas vasitəçi olmaq cəhdinə qədər”.
- “Zaman göstərir ki, Avropa hələ də Azərbaycan həqiqətlərini dərk etmir”. Bakıdan şərh
- Yaxın Şərq dalanı. Bakıdan baxış
- Keçmiş deputat 8 il müddətinə azadlıqdan məhrum edilib
JAMnews Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) analitik məqaləsini təqdim edir:
Qərbə (ABŞ və Aİ) nə məsləhət vermək olar?
Vaşinqtonun Cənubi Qafqaz siyasəti ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra daha aydın olacaq. Aİ-də artıq Komissiyaya təyinatlar baş tutsa da, Aİ Şurasının sədri yeri hələ boş qalır. İlin sonuna kimi hər kəs öz yerini tapacaq, Aİ strukturlarının Azərbaycan və Ermənistana münasibətdə iştirak dərəcəsinə aydınlıq gələcək.
ABŞ və Aİ-nin regionda mümkün iştirak dairəsi genişdir: Təşəbbüsün olmamasından (Tramp seçilərsə) regionda əsas vasitəçi olmaq üçün növbəti cəhdə qədər.
ABŞ və Aİ-yə məsləhət vermək üçün danışıqlar prosesində onların hazırkı vəziyyətini və mövqeyini nəzərdən keçirmək lazımdır.
44 günlük müharibədən sonra Aİ və ABŞ tam hüquqlu və effektiv vasitəçi olmaq imkanı əldə etdilər. Lakin ermənimərkəzli yanaşmaya görə bütün vasitəçilik cəhdləri uğursuz oldu.
Qərbin ermənimərkəzli mövqeyi aşağıdakı məqamlarda öz əksini tapdı:
- Aİ Şurasının sədri, Fransa prezidenti və Almaniya kansleri tərəfindən imzalanmış Qranada bəyanatında;
- Aprelin 5-də Brüsseldə keçirilən sammitdə Ermənistana Aİ və ABŞ tərəfindən maliyyə və siyasi baxımdan institusional dəstək haqqında qərar qəbul edildikdə;
- Aİ və ABŞ-dan Ermənistana hərbi dəstək verilməsində;
Halbuki, Azərbaycanla bağlı ciddi heç bir iş görülməyib. Qərb ərazi bütövlüyü prinsipinin prioritet olmasını yalnız 2022-ci ilin sentyabrından sonra, şərti sərhəddə toqquşmaların ardından, yəni mövzu məhz Ermənistan üçün aktuallaşanda xatırladı. Qərb Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarına güc tətbiq etməmək öhdəliyini Azərbaycanın boynuna qoymaqla Qarabağ ermənilərinə himayədarlıq etməyə çalışırdı.
ABŞ və Aİ-nin Ermənistana limitsiz yardımı fonunda Qərbin Azərbaycana maliyyə dəstəyi mikroskopikdir. Halbuki, müharibə məhz Azərbaycan ərazisində gedib, minalar və bütün dağıntılar Azərbaycan ərazisindədir.
ABŞ və Aİ-nin Azərbaycan və Ermənistan arasındakı proseslərə cəlb olunmasının Rusiya konteksti də var. Qərb rəsmiləri açıq şəkildə deyirlər ki, onların məqsədi Rusiyanın regionda təsirini azaltmaqdır.
Bəs reallıqda bu istiqamətdə hansı uğurlar var?
Yeganə müsbət məqam sülhməramlıların Azərbaycandan çıxarılmasıdır ki, Qərbin burada heç bir rolu yoxdur. Azərbaycandan sonra Ermənistan da Rusiyanı öz ərazisində, Azərbaycanla sərhəddə məhdudlaşdıra bildi. İqtisadi cəhətdən isə Rusiya Ermənistanda daha da gücləndi.
ABŞ və Aİ-nin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanması istəyi də Bakıda etimad yaratmır. ABŞ-ın Ermənistana yardım, Qarabağ ermənilərinə dəstək və sülh müqaviləsi kimi bəyan etdiyi məqsədlərdən ancaq “Ermənistana yardım” bəndi yerinə yetirilib. Əgər Azərbaycan Qərbin istədiyi kimi indiki yarımçıq formada sülh müqaviləsi bağlamağa razı olsa, o zaman Qarabağ erməniləri ilə bağlı məsələnin sülh müqaviləsindən dərhal sonra gündəmə gətirilməyəcəyinə kim zəmanət verə bilər?! Üstəlik, məsul Aİ (Toivo Klaarın müsahibəsi) və ABŞ diplomatları (hələ də istintaq qruplarının nəticələrini nəzərdən keçirirlər) Qarabağ erməniləri mövzusunu münaqişənin humanitar komponentinin geniş kontekstindən çıxararaq qabardırlar.
Buna görə də Azərbaycan Ermənistanın Konstitusiyasına dəyişikliklər tələb edir ki, Ermənistanda gələcək qisas üçün əsasların nəzəri ehtimalı belə olmasın!
Beləliklə, bu narahatlıqlardan sonra ABŞ və Aİ-yə əsas tövsiyələr aşağıdakı addımlar ola bilər:
- Şarl Mişelin istefasından sonra Aİ Qranada Bəyanatını rədd etməklə nümayiş etdirə bilər ki, Mişelin imzası Aİ-nin mövqeyi deyil, onun şəxsi fikridir;
- ABŞ Dövlət Departamenti 2023-cü ilin sentyabrında Qarabağda baş vermiş hadisələrlə bağlı rəy verə bilər ki, ermənilərin ölkəni tərk etməsini etnik təmizləmə kimi təsnif etmək üçün heç bir əsas yoxdur;
- ABŞ və Aİ münaqişədən sonra yenidənqurma fondu yarada, bu fonddan Qarabağın bərpası üçün Azərbaycana, Qarabağdan olan erməniləri Ermənistanda yerləşdirmək üçün isə Ermənistan hökumətinə yardım göstərə bilər. Bu fonddan kommunikasiyalarının açılmasına hazırlıq kontekstində nəqliyyat infrastrukturuna yardım da mümkündür.