Qətər Səudiyyə Ərəbistanı və digər üç ərəb ölkəsinin ultimatumuna cavab verib. Cavabın məzmunu açıqlanmır. Ultimatum müəllifləri öz reaksiyalarını “lazımı zamanda” açıqlayacaqlarına söz veriblər.
Bu ölkəyə qarşı iddiaların mahiyyəti terror təşkilatının maliyyələşdirilməsi və dəstəklənməsi, digər ölkələrin daxili işinə müdaxilədən ibarətdir.
Qətərə 13 tələbdən ibarət siyahı təqdim edilib. Onların sırasında aşağıdakılar var:
– İslam Dövləti, “Müsəlman qardaşlar” və Hizbullah kimi qruplaşmalarla əlaqələrini kəsmək
– Əl-Cəzirə telekanalı da daxil olmaqla bəzi kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsini dayandırmaq
– Digər ərəb ölkələrində fəaliyyətdə olan və Qətərdən maliyyə yardımı alan müxalifət nümayəndələri haqda ətraflı məlumat təqdim etmək
Bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə Qətər iqtisadi və diplomatik təcrid təhlükəsi ilə üz-üzə qalacaq.
Terrorçuları maliyyələşdirməklə bağlı ittihamı rədd edən Qətər ona qarşı irəli sürülmüş ittihamları “beynəlxalq hüququn təhqir edilməsi” adlandırıb.
Qətərin xarici işlər naziri şeyx Məhəmməd Əl-Tani bildirib ki, onun ölkəsi ona qarşı irəli sürülmüş ultimatumu rədd edir, amma lazımı şərtlər altında danışıqlarda iştirak etməyə hazırdır.
Bir neçə həftə əvvəl Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərə qarşı presedentsiz diplomatik və iqtisadi sanksiyalar tətbiq edib.
Qarşıdurma sosial şəbəkələrə də sirayət edib. Məsələn, sosial şəbəkə istifadəçiləri London sakinlərini və turistləri İngiltərə paytaxtında yerləşən, Qətə məxsus məşhur “Herrods” univermağını boykot etməyə çağırırlar.
Bu münaqişəyə qarışmış ölkələrdə yeni doğulan körpələrə həsr olunmuş statuslar və tvitlər on minlərlə “layk” toplayıb. Əvvəlcə vətənpərvər ruhlu bir ata bildirib ki, öz qızının adını Qətər qoyub. Cavabında Səudiyyə Ərəbistanında yaşayan biri Tvitterdə bəyan edib ki, onun qızının adı Səudiyyə olacaq.