Hamburqda dünyanın iyirmi aparıcı dövlətinin sammitində Donald Tramp və Vladimir Putinin ilk şəxsi görüşü baş tutub. Görüş planlaşdırılandan daha uzun sürüb – iki saat on beş dəqiqə.
Görüşün yeganə konkret nəticəsi Suriyanın cənub-qərbində atəşkəsə nail olunduğu haqda bəyanat olub. Moskvada bunu dərhal “irəliləyiş” adlandırıblar. Amma Vaşinqtondakı rəsmi şəxslər vurğulayıblar ki, atəşkəslə bağlı bütün əvvəlki razılaşmalar sonradan pozulub.
Dövlət katibi Tillersonun və xarici işlər naziri Lavrovun bəyanatlarından bəlli olur ki, danışıqlarda əsas məsələ Amerika seçkilərinə Rusiyanın ehtimal edilən müdaxiləsi olub. Lavrovun sözlərinə görə, ABŞ prezidenti Vladimir Putinin belə bir müdaxilənin olmadığına dair zəmanətini “dinləyib və qəbul edib”. Amma Tillerson danışıqların nəticəsini fərqli dəyərləndirib: tərəflərin baş verənlərlə bağlı dəyərləndirməsi ziddiyyət təşkil edib və onların nə zamansa razılaşdırılmış mövqeyə gələ biləcəkləri aydın deyil.
Moskva və Vaşinqtonda Suriya ilə bağlı danışıqları da fərqli dəyərləndirirlər. Prezident Əsədi dəstəkləyən Rusiya tərəfi əməkdaşlıq haqda danışır. Amerika tərəfi isə Əsəd üçün siyasi perspektiv görmədiyini bildirir.
Rusiya və ABŞ prezidentləri Şimali Koreyanın aqressiv davranışları ilə bağlı daha bir beynəlxalq böhran ətrafında heç bir konkret razılaşmaya gələ bilməyiblər.
Ümumilikdə müşahidəçilər Tramp və Putin görüşünü sonuncunun taktiki uğuru kimi qiymətləndirirlər, hansı ki, uzun müddət bu danışıqlara can atırdı və nail də oldu. Amma Putinin yekun məqsədi Krımın anneksiyasından sonra Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi idi. Bu məqsədə çatmaq çətin ki, mümkün olsun, çünki Rusiyanın Amerikadakı prezident seçkilərinə hazırkı prezident Trampın xeyrinə müdaxiləsi ilə bağlı şübhələr hələ də aradan qalxmadığı üçün o, ABŞ-da böyük təzyiq altındadır.