Putin və Paşinyan arasında açıq mübahisə: statistika Ermənistan baş nazirinin sözlərini təsdiqləyir
Putin və Paşinyanın açıq mübahisəsi
Rusiya Prezidenti Vladimir Putin Düşənbədə keçirilən MDB dövlət başçılarının Şurasının iclası zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Ermənistan arasındakı ticarət dövriyyəsi ilə bağlı gətirdiyi rəqəmlərlə razılaşmayıb. Putin ikitərəfli ticarət dövriyyəsinin həcmini soruşub. “Bu il 4 milyard dollar”, — deyə Paşinyan cavab verib və 2025-ci ilin yanvar-avqust dövrünü nəzərdə tutub.
Lakin Rusiya prezidenti etiraz edib: “Yox, daha çoxdur.” Paşinyan israr edib ki, söhbət 2025-ci ildən gedir, 2024-cü ilin ilk səkkiz ayından yox, həmin dövrdə ticarət dövriyyəsi təxminən 9 milyard dollar olub. Putin mübahisəni davam etdirərək bildirib ki, keçən il də bu göstərici daha yüksək olub. O həmçinin vurğulayıb ki, bu il də göstəricinin “daha yüksək olacağı aydındır.”
Erməni mediası kimin haqlı olduğunu müəyyən etməyə çalışıb. Rusiyadan məlumat almaq mümkün olmayıb. “Azatutyun” (“Azadlıq”) radiosunun məlumatına görə, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri “Rusiya statistika məlumatlarını bağlayıb.”
Lakin Ermənistan üzrə bu məlumatlar açıqdır. Dövlət Gəlirləri Komitəsinin rəsmi məlumatına əsasən, 2025-ci ilin yanvar-avqust aylarında Ermənistanla Rusiya arasındakı xarici ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 9,2 milyard dollar olub. Yəni, Ermənistanın baş naziri haqlı imiş.
Bu isə o deməkdir ki, Ermənistanın əsas ticarət tərəfdaşı olan Rusiya ilə dövriyyə artmayıb, əksinə, əhəmiyyətli dərəcədə – 51,3 faiz azalıb. Bununla yanaşı, Ermənistanın Avropa İttifaqı ölkələri ilə ticarəti canlanma mərhələsindədir. Burada sabit artım müşahidə olunur. Xüsusilə, 2024-cü ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 1,4 milyard dollar, 2025-ci ilin eyni dövründə isə 1,5 milyard dollar təşkil edib.
- “KTMT üçün Azərbaycan həmişə Ermənistan qədər qardaş dövlət olub” – Paşinyan
- “Kreml Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışa bilər” – Rəy
- “Rus çəkmələri olmayan Ermənistan”: cəmiyyətdə Rusiyanın hərbi bazasının çıxarılması tələb olunur
“Paşinyan tamamilə haqlıdır”
“Baş nazir Nikol Paşinyan Ermənistan Statistika Komitəsinin rəsmi məlumatlarını açıqlayıb. Buna görə də o, tamamilə haqlıdır”, — iqtisadiyyat naziri Gevorq Papoyan Facebook səhifəsində yazıb.
Parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədr müavini Babken Tunyan da eyni statistik məlumatlara istinad edərək baş nazirin sözlərini təsdiqləyib:
“Baş nazir Paşinyanın təqdim etdiyi rəqəmlər tam dəqiq olmasa da, reallığı əks etdirir. Çünki müqayisə üçün ötən ilin eyni dövrünün göstəricilərinə baxmaq lazımdır [bütün il üzrə deyil].”
Tunyan qeyd edib ki, cari ilin ilk 8 ayının məlumatlarına əsasən, Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi iki dəfə azalıb:
“Aydındır ki, bu ilin yekunlarına görə ticarət dövriyyəsi ötən ilin göstəricisini keçə bilməz. Yalnız sentyabr-dekabr aylarında bir möcüzə baş versə, bəlkə. Yəni Putinin [2025-ci il üçün] proqnozu səhvdir.”
Onun fikrincə, son 2-3 ilin Ermənistan-Rusiya ticarət dövriyyəsi göstəricilərinə də “böyük ehtiyatla” yanaşmaq lazımdır, çünki onlar re-eksportun da daxil edildiyi rəqəmlərdir:
“Əgər re-eksport göstəricilərini ayırsaq və real ticarət dövriyyəsini müəyyən etməyə çalışsaq, rəqəmlər xeyli az olacaq.”
“Statistik məlumatlarda fərqlər mümkündür”
Bu mübahisədən sonra erməni media resursları hesablamalarda mümkün fərqlərlə də maraqlanıblar. Dövlət Statistika Şurasının üzvü Lilit Petrosyan beynəlxalq təcrübəni təqdim edib. Onun sözlərinə görə, xarici ticarət statistikası sahəsində tərəfdaş ölkələrin ixrac və idxal göstəricilərində fərqliliklər mümkündür.
Petrosyan bildirib ki, bütün ölkələr BMT tərəfindən tövsiyə olunan vahid xarici ticarət statistika metodologiyasını tətbiq etsə də, göstəricilərdə “obyektiv və subyektiv amillərlə” bağlı fərqlər yaranır.
Bu məlumat fərqləri əsasən 3 qrupa bölünür:
- metodoloji,
- texniki səbəblərlə bağlı,
- məlumatların qəsdən təhrif edilməsi.
Məsələn, malların gömrük dəyərinin müəyyənləşdirilməsi üsullarında (müqavilə qiyməti, bazar qiyməti və s.) fərqlər ola bilər. Bundan əlavə, bəzi hallarda ixracatçı ölkədən göndərilən mallar zədələnmə və ya tranzit ölkələrdən birində emal səbəbilə təyinat ölkəsinə çatmır. Belə hallar texniki problemlər kateqoriyasına aid edilir.
Statistik məlumatların qəsdən təhrif edilməsi halında isə aşağıdakı variantlar mümkündür:
- “idxalçılar gömrük rüsumlarını minimuma endirmək məqsədilə malları yanlış kodlarla bəyan edə və ya onların dəyərini bilərəkdən azalda bilərlər,
- ixracatçılar əlavə dəyər vergisinin geri qaytarılan məbləğini artırmaq üçün ixrac olunan malların sayını və dəyərini bilərəkdən şişirdə bilərlər,
- ticarət münasibətlərinin iştirakçıları tərəfdaş ölkə barədə bilərəkdən yanlış məlumat təqdim edə bilərlər.”
Putin və Paşinyanın açıq mübahisəsi