Suriyanın İdlib əyalətində döyüşən tərəflər arasında atəşin dayandırılması martın 6-da saat 0:00-da qüvvəyə minməlidir. Bunu Vladimir Putinlə Moskvada uzun çəkən görüşdən sonra Rəcəb Tayyib Ərdoğan elan edib.
Rusiya və Türkiyə prezidentlərinin Kremldəki danışıqları beş saat 40 dəqiqə davam edib – BBC xəbər verir ki, bunun üç saatı üzbəüz görüşə həsr olunub.
Nəticədə, elan edilib:
İdlibdə Dəməşq-Hələb strateji yolu boyunca 12 kilometr enində təhlükəsizlik dəhlizi yaradılacaq
Atəşkəs rejimi martın 6-da gecə yarısından etibarən qüvvəyə minir
Rusiya ilə Türkiyənin qarşılıqlı razılaşmasına uyğun möhkəmləndirilmiş müşahidə postları yaradılır
Rusiya və Türkiyə liderlərinin danışıqlarının lap başlanğıcında görüşün ev sahibi olan prezident Putin əsas problemin adını çəkdi və bu, onlarıln birbaşa şəxsi söhbətini zəruriləşdirdi: Suriyanın İdlib vilayətindəki döyüşlər – burada ilk baxışdan Bəşər Əsədə sadiq olan Suriya hökumət ordusu ilə üsyançılar (Rusiya dövləti onları terrorçular adlandırır) bir-birinə qarşı vuruşurlar; lakin bununla belə, hamıya məlumdur ki, qarşıdurmaya fəal şəkildə Türkiyənin Silahlı Qüvvələri və rusiyalı hərbçilər cəlb olunublar.
Kremlin fəal şəkildə dəstəklədiyi Əsəd ordusu İdlibdə minlərlə dinc sakinin öldürülməsində ittiham edilir. Dekabrın 1-dən bombardmanlar gücləndirilib və BMT-nin rəyinə əsasən, təxminən 950 min qaçqın Suriyanın bu hissəsini tərk edib.
Putinlə Ərdoğanın bu danışıqlarda daha böyük nəyəsə nail olmaq şansları var idimi? Rusiyanın aparıcı politoloqlarından Sergey Şelin hesab edir ki, yox idi. İki prezidentin görüşü ərəfəsində o yazmışdı:
«Ərdoğan Suriyada nə istədiyini dəqiq bilir, Putin isə yalnız nə istəmədiyini bilir. Onların dərhal müharibə etmədən keçinəcəklərinə ümid var. Lakin uzun müddətə sülhün bərqərar olmasına ümid yoxdur».