Kremlin maraqları haqda: Rusiya prezidenti dostunun – Ermənistan eks-prezidentinin doöum gününü təbrik edib
Rusiya prezidenti Ermənistanın eks-prezidenti Robert Koçaryanı doğum günü münasibətilə təbrik edib. Hər ikisi dost münasibətlərini gizlətmir. Ermənistan mediası Putinin Ermənistanın yeni hakimiyyətindən Koçaryan hələ həbsdə olduğu zaman onun azad edilməsini istədiyi haqda da yazıb.
Koçaryan 2018-ci il iyulun 28-də həbs edilmişdi. Ermənistanın keçmiş prezidenti konstitusiya quruluşunu devirməkdə günahlandırılır. Cinayət işi 2008-ci il hadisələri ilə bağlıdır. O zaman prezident seçkilərinin nəticələrindən narazı olanların nümayişi dağıdılarkən silah tətbiq edilib və 10 nəfər həlak olub.
2018-ci il “məxməri” inqilabdan sonra hakimiyyətə gələn Ermənistan hökuməti bu işə xüsusi diqqətlə yanaşır.
Koçaryanın vəkilləri dəfələrlə müvəkkillərinin haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb ediblər və üç dəfə onun azad edilməsinə nail olublar. Sonuncu dəfə o, 2020-ci il iyunun 19-da Apellyasiya məhkəməsinin qərarı ilə iki milyon dram [4 milyon dollar] girov müqabilində azadlığa buraxılıb. Bu, Ermənistan üçün görünməmiş dərəcədə böyük məbləğdə girovdur. Baş prokurorluq Koçaryanın azad edilməsi qərarından kassasiya şikayəti verib, amma şikayətə baxılmayıb.
Ermənistanın keçmiş prezidentinin ittiham olunduğu “1 mart” işi üzrə məhkəmə hələ davam edir.
● Putin Yerevanda Ermənistanın həbsdə olan eks-prezidentinin həyat yoldaşı ilə görüşüb
● Ermənistanın baş nazirinin Qələbə paradında iştirakdan imtinası Moskvanı məyus etməyib
● “Russia Today” və “Sputnik” agentliyinin rəhbəri Ermənistan hakimiyyətini Rusiya əleyhinə mövqedə günahlandırıb
● Ermənistanın eks-prezidenti həbsxanadan çıxandan sonra ilk böyük müsahibəsini verib
Koçaryanın xidmətlərinin dəyərləndirilməsi
Kremlin saytı xəbər verir ki, Rusiya prezidenti Ermənistan Respublikasının keçmiş prezidenti Robert Koçaryanı yalnız telefonda təbrik etməyib, həm də ona rəsmi teleqram göndərib. Teleqramda deyilir:
“Rusiyada Sizi müasir Ermənistanın inkişafı üçün çox şey etmiş görgəmli dövlət xadimi kimi tanıyırlar. Bizim ölkələrimiz arasında dostluq, müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə Sizin verdiyiniz şəxsi töhvəni yüksək dəyərləndiririk”.
Ekspert rəyi
Siyasi şərhçi Naira Hayrumyan JAMnews üçün hər il Rusiya prezidentindən gələn təbrikin anlamını şərh edib:
“Təbrik özünəməxsus siyasi dəstək janrıdır. Məsələn, dünən Aleksandr Lukaşenkonu doğum günü münasibətilə Ramzan Kadırov təbrik edib və bu da siyasi dəstək nümunəsidir.
Robert Koçaryan məsələsində Vladimir Putin bu yolla siyasi münasibətini bildirir. Həm də yalnız Koçaryana yox, eyni zamanda məsələn, Serj Sarqsyana və Levon Ter-Petrosyana [hər ikisi Ermənistanın keçmiş prezidentidir – JAMnews], onları xüsusi olaraq təbrik filan etmir.
Robert Koçaryana qarşı belə həssas münasibət təsadüfi deyil. Bu yolla ondan Rusiyanın Ermənistandakı maraqlarının əsas müdafiəçisi obrazı yaradılır. Bu isə Rusiya hakimiyyətinin əhəmiyyət verdiyi əsas amildir”.