“Status söhbəti edəcəklərsə, Rusiya sülhməramlıları münaqişə zonasından çıxmalıdır” – Bakıdan şərh
Rusiya prezidenti Vladimir Putin mətbuatın suallarına cavab verərkən Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycan və Ermənistan liderləri ilə aparılan danışıqlar haqda danışıb və qeyd edib ki, münaqişə zonasının statusu gələcəyin məsələsidir. Rusiya liderinin sözləri Azərbaycanın siyasi çevrələrində birmənalı qarşılanmayıb.
- Putin: “Əgər Ermənistan Qarabağ üzrə razılaşmadan imtina edərsə, bu, intihar olar”
- “Heç bir status haqda söhbət gedə bilməz” – İlham Əliyev
“Putinin dediklərindən ən vac piib məqamlar:
1. Şuşa söhbəti masada heç vaxt olmayıb, Ordumuz Ali Baş Komandanın əmrini və xalqımızın Şuşa arzusunu bütün maneələrə rəğmən canı-qanı hesabına həyata keçirib, işğala son qoyub;
2. Putin münaqişənın başlaması haqda ya məlumatlı deyil (buna inanmıram), ya da qəsdən təhrif edir – Sumqayıt səbəb deyildi, nəticə idi, özü də “KQB”-nın yaratdığı nəticə;
3. Sözündən belə çıxdı ki, Ermənistan Qarabağı tanıyıb özünə qatsa idi, Rusiya Azərbaycana qarşı qoşun çəkə bilərmiş;
4. Paşinyanı çox təriflədi, çox güman, onu müvəqqəti saxlayıb, sazişi yerinə yetirmək üçün;
5. Ermənistana daha yaxın və isti mesajlar verdi – orada cəmiyyəti itirdiyinin fərqindədir;
6. Azərbaycana da bəzi pozitiv mesajlar verdi – müharibəni öz suveren ərazimizdə apardığımızı təsbit etdi;
7. Abxaziya və Osetiya misalı xəbərdarlıq idi: Bizə dedi ki, onlara atəş açsaz, Qarabağı tanıyarıq, Ermənistana dedi ki, sözümüzə baxmasaz, Qarabağı birdəfəlik unudun;
8. Və ən vacibi: Dediyindən belə çıxdı ki, hələ statusla bağlı başımız çox ağrıyacaq, status məsələsini masaya daşıyacaqlar və bunu da Minsk Qrupu çərçivəsində edəcəklər.
Əgər belədirsə, əgər Minsk Qrupu masaya dönüb bu gün Əsgərimizin yaratdığı yeni, bizə daha üstünlük verən reallıqla “status” söhbətinə başlayacaqsa, o zaman MQ-nun başqa kriterləri də gündəmə gəlməlidir: Həmsədr ölkələrin ordusu sülhməramlı ola bilməz!
Hətta qonşu ölkələrin əsgərləri də bu missiyada yer almamalıdır – Rusiya hər 2 kriteri ilə sülhməramlı roluna iddia edə bilməz. Əgər status söhbəti edəcəklərsə, Rusiya sülhməramlıları çıxmalıdı – yox əgər qalırsa, status söhbəti bağlanmalıdır!” – Azərbaycanın müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsində yazıb.