“Pul verməsən, səni yüz faiz həbs edəcəyəm” - "Meydan TV işi" üzrə istintaq aparan 23 yaşlı müstəntiq rüşvətlə ittiham olunur
“Meydan TV işi”nin müstəntiqinə qarşı rüşvət ittihamı
“Meydan TV” əməkdaşlarına qarşı açılan cinayət işi üzrə istintaq qrupunun üzvü, cəmi 23 yaşı olan müstəntiq Fərid Şükürlü bu dəfə başqa bir iş üzrə müxtəlif ittihamlarla gündəmdədir.
Turizm sahəsində çalışan və hazırda həbsdə saxlanılan Leyla İbrahimova bildirir ki, rüşvət vermədiyi üçün Fərid Şükürlü tərəfindən ona qarşı saxta ittihamlar irəli sürülüb, polis idarəsində fiziki və psixoloji zorakılığa məruz qalıb.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb.
İddiaların mərkəzində dayanan Fərid Şükürlü istintaqçıdır. O, Polis Akademiyasını bitirəndən dərhal sonra Bakı Şəhər Baş Polis İdarəsində fəaliyyətə başlayıb. Şükürlü hazırda “Meydan TV” əməkdaşlarına qarşı açılmış cinayət işi üzrə istintaq qrupunun da üzvüdür. Məhkəmə sanksiyası zamanı isə həmin jurnalistlərə, “siz bizi pisləyin ki, biz də irəli gedək” deməklə ictimai-siyasi manipulyasiya niyyəti güddüyünü ortaya qoyub.
Leyla İbrahimova kimdir?
“Meydan TV” yazır ki, Leyla İbrahimova Azərbaycanda turizm sahəsində çalışır. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır və Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə təkrar dələduzluqda ittiham olunur.
İttihama görə, o, “Orxan” adlı şəxsdən turizm xidməti göstərmək adı ilə 10 min manata yaxın pul alıb və mənimsəyib. Lakin Leyla İbrahimova bu şəxsi tanımadığını, heç bir dələduzluq törətmədiyini və ittihamların saxta olduğunu bildirir. O, həmçinin istintaq zamanı polis idarəsində rüşvət verməyə məcbur edildiyini, zorakılığa məruz qaldığını, şəxsən müstəntiq Fərid Şükürlü tərəfindən təhdid olunduğunu və onun bu cinayət işini qərəzli şəkildə qurduğunu iddia edir.
İbrahimova əvvəlki bir cinayət işi üzrə (yenə də 178.2.2-ci maddə ilə) 2024-cü ildə axtarışda olub. 2025-ci ilin aprelində isə bir məhkəmənin verdiyi azadlıq qərarından cəmi dörd gün sonra yenidən yeni ittihamla həbs edilib. O, bu prosesi Bakı Şəhər Baş Polis İdarəsinin qərəzli təzyiq siyasəti kimi qiymətləndirir.
Zərərçəkmiş deyir ki, ona qarşı irəli sürülmüş dələduzluq ittihamı əsassızdır və saxta şahidlər üzərindən qurulub. O, hüquqlarının pozulduğunu, müstəntiqin təkcə ona deyil, zərərçəkən kimi tanınan şəxslərə də təzyiq göstərdiyini bildirir.
“Heç bir pulla gəlmədiyimi deyəndə dedi ki, səni yüz faiz həbs edəcəyəm” – İbrahimova belə deyir
Leyla İbrahimovanın bildirdiyinə görə, aprelin 24-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) könüllü getdiyi gün müstəntiq Fərid Şükürlü tərəfindən açıq şəkildə rüşvət tələb edilib:
“Mənə ilk sualı bu oldu: “Nə qədər pulla gəlmisən?” Heç bir pulla gəlmədiyimi deyəndə, “onda səni yüz faiz həbs edəcəyəm”, – söylədi. Qarşıma saxta axtarış qərarı və uydurma ittiham qoydu”.
Onun sözlərinə görə, ekspertiza adı ilə başqa otağa aparıldıqdan sonra orada polis əməkdaşının fiziki zorakılığına məruz qalıb:
“Sol qulağımın üzərindən sillə ilə vuruldum. Otağa qayıdanda vəkilim də orada idi. Hamıya dedim ki, öldürsələr belə, qol çəkməyəcəyəm”.
“Sahiblərinə deyərsən ictimailəşdirər” – “Meydan TV”-yə işarə
İbrahimova deyir ki, Fərid Şükürlü onu istintaq idarəsinin “qaranlıq otağı” ilə təhdid edib (Bu otaq işgəncə üçün istifadə edildiyinə görə bu cür adlanır – JAMnews). Təkrar zorakılığa məruz qoyub və məcburi “axtarış sənədinə” imza atması üçün basqı göstərib. Müstəntiqin istintaqdan kənar, istehzalı münasibəti isə onun sözlərinə görə daha dərin narahatlıq doğurur:
“Məsələni ictimailəşdirəcəyimi deyəndə “sahiblərinə deyərsən ictimailəşdirər” dedi. Burada “Meydan TV”-yə eyham vururdu. Həm də mən həmin kanaldan olan əməkdaşla eyni kamerada saxlanılıram”.
Zərəçəkmiş bildirir ki, onun işində “zərərçəkmiş” qismində təqdim edilən şəxslərdən bəziləri sonradan şikayətlərini geri götürmək istəyiblər. Lakin Fərid Şükürlü buna imkan verməyib:
“Saxlanılmamışdan iki gün əvvəl biri idarəyə gedib şikayəti geri götürmək istədi, amma ‘indi vaxtım yoxdur’ deyə qəbul edilmədi. Soruşanda isə dedi ki, ‘səni tutmağa əsasım olsun’”.
“Mən hazırda məhkəmə qərarına əsasən azadlıqda olmalıyam. Lakin BŞBPİ rüşvət vermədiyim üçün yeni saxta ittihamla məni həbs etdirdi”, – deyə Leyla bildirir.
İbrahimova ona qarşı zorakılıq və qanunsuz təzyiqlə bağlı müstəntiq Fərid Şükürlünün cəzalandırılmasını tələb edir və yaxın günlərdə apelyasiya şikayəti verməyə hazırlaşır.
Rəsmi cavab yoxdur
“Meydan TV”-nin məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə ünvanladığı sorğu cavabsız qalıb. Leyla İbrahimovanın vəkili Araz Allahverdiyevdən də onun dediklərinə münasibət almaq mümkün olmayıb.
“Meydan TV işi”nin müstəntiqinə qarşı rüşvət ittihamı