Priqojin həlak olub, yoxsa öldürülüb?
Priqojin həlak olub
Rusiyanın hərbiləşdirilmiş “Vaqner” qrupunun bədnam şöhrət qazanmış rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında həlak olması rəsmən təsdiqlənib.
Avqustun 23-də axşam saatlarında Federal Hava Nəqliyyatı Agentliyi Moskvadan Sankt-Peterburqa uçuş zamanı qəzaya uğrayan Embraer-135 (EBM-135BJ) təyyarəsinin sərnişinlərinin siyahısını açıqlayıb:
Ekipaj:
Hava gəmisi komandiri Aleksey Levşin;
İkinci pilot Rüstəm Kərimov;
Uçuş bələdçisi Kristina Raspopova.
Sərnişinlər:
Sergey Propustin – “Vaqner” döyüşçüsü;
Yevgeni Makaryan – “Vaqner”döyüşçüsü;
Alexander Totmin – “Vaqner” döyüşçüsü;
Valeri Çekalov;
Dmitri Utkin Vaqner;
Nikolay Matuseev – Priqojinin mühafizə xidmətinin rəhbəri;
Yevgeni Priqojin.
“Baza” nəşrinin yazdığına görə, onların əksəriyyəti ağır dərəcədə yanıb.
“Vaqner” tamamilə başsız qalıb”deyə şərhçilər sosial şəbəkələrdə yazır.
Priqojinlə birlikdə həlak olan “Vaqner” ləqəbli Dmitri Utkin (qrup onun adını daşıyır), onun “sağ əli” idi.
Valeri Çekalov Priqojinə yaxın idi və təhlükəsizlik xidmətinin işinə cavabdehlik daşıyırdı.
Təyyarə hava hücumundan müdafiə vasitəsi ilə vurulub, yoxsa göyərtəsindəki bomba partlayıb?
Yerli sakinlər hadisənin şahidi olub və təyyarə qəzasını videoya çəkiblər.
Azsaylı şahidlərin hamısı iki partlayış eşitdiklərini deyirlər.
Təyyarənin yerə düşmə görüntülərindən bəlli olur ki, o, tamamilə nəzarətdən çıxıb. Hadisə şahidlərinin dedikləri doğrudursa, təyyarənin gövdəsi yerə dəydikdən sonra da ayrı-ayrı hissələri düşməyə davam edib. Mütəxəssislər yazır ki, bu, partlamanın havada baş verdiyini göstərir. Əksər hallarda bu cür dağılma partlayış nəticəsində olur – ya təyyarənin göyərtəsində, ya da raket zərbəsi nəticəsində.
“Gray Zone” “Vaqner” kanalı yazır ki, təyyarə Rusiya hava hücumundan müdafiə atəşi ilə vurulub. Bu məlumatın təsdiqi yoxdur.
Təyyarədə bomba olduğuna dair mülahizələr daha aktivdir. Hökumətyönlü ekspertlər və hərbi müxbirlər sosial şəbəkələrdəki hesablarında yazırlar ki, son anda gəmiyə bir qutu bahalı şərabdan ibarət hədiyyə yüklənib və çox güman ki, onun içərisində bomba ola bilərdi. Təyyarə sözügedən qutu yüklənməzdən əvvəl itlər də daxil olmaqla diqqətlə yoxlanılıb.
- “Putin əslində tez-tez geri çəkilir və onun həmişə sona qədər mübarizə aparması fikri mifdir”
- Rusiyanın təbliğat desantı Belarusu zəbt edib
- Rusiyalı muzdlu döyüşçülər Suriyada əzab verib, başını kəsdikləri adamın videosunu çəkiblər
Priqojinin ölümünün bir neçə dəqiqə ərzində təsdiqlənməsi şübhəlidir
Rusiyanın “Vyorskta” nəşri Priqojinin təyyarənin göyərtəsində olması ilə bağlı məlumatın şübhəli surətdə ortaya çıxmasına diqqət çəkir:
“Adətən Federal Hava Nəqliyyatı Agentliyi bunu daha uzun müddət ərzində təsdiqləyir. Təyyarə qəzalarından sonra sərnişin siyahıları rəsmi olaraq bir neçə saat sonra təsdiqlənir. Adətən iki-üç saat gözləyirlər, hər şeyi iki dəfə yoxlayırlar. Burada isə bir neçə dəqiqə ərzində məlumat yayıldı.
Fövqəladə Hallar Nazirliyinin təyyarə qəzası ilə bağlı ilk rəsmi məlumatı ilə Priqojinin göyərtədə olmasının təsdiqlənməsi arasında üç dəqiqə keçdi: birincisi saat 19:57-də, ikincisi isə saat 20:00-da yayıldı”, – “Vyorstka” yazır.
“Vaqner” özəl hərbi şirkətinin Sankt-Peterburqdakı mərkəzi hazırda belə görünür. Foto: sosial şəbəkələrdən
Embraer Legacy 600 etibarlı və təhlükəsiz hesab olunur
BBC-nin şərhçisi Pavel Aksyonov Priqojinə məxsus Embraer təyyarəsi haqqında:
“Təyyarənin tarixində avadanlığın nasazlığı səbəbindən bir dənə də olsun ciddi qəza baş verməyib. Yeganə qəza 2006-cı il sentyabrın 29-da Braziliyada, Legacy təyyarəsinin Boeing 737 təyyarəsi ilə havada toqquşması zamanı baş verib.
Təyyarələr bir-birinin qanadına yapışıb, nəticədə hər ikisinə ciddi ziyan dəyib. Boeing-in qəzaya uğraması nəticəsində 154 nəfər həlak olub. Legacy, qanadın ciddi zədələnməsinə baxmayaraq, yerə enə bilib.
- Sübut olunub: bir il əvvəl rusiyalı jurnalistləri soyğun məqsədilə yox, araşdırmalarına görə öldürüblər
- Son bir həftə ərzində yüzlərlə rusiyalı muzdlu Suriyada öldürülüb və yaralanıb
- Rusiyanın Suriyada biznes maraqları
Versiya: Bu Priqojinin təşkil etdiyi hiylə ola bilərmi?
“Meduza”nın Rusiyanın Prezident Administrasiyasına yaxın olan həmsöhbətini Priqojinin təyyarəsinin qəzaya uğraması təəccübləndirməyib.
Amma Kremldəki mənbə Vaqner özəl hərbi şirkəsi rəhbərinin sağ olduğunu istisna etməyib.
“Meduza” xəbər verir ki, iğtişaşdan sonra onun sonunun pis olacağı bəlli idi, bu [Kremldə] bağışlanmır. Adı açıqlanmayan mənbə onu da qeyd edib ki, uğursuz üsyandan sonra “Putin nəticə çıxarıb və Priqojini etibarlı və idarə oluna bilən insanlar” siyahısından çıxarıb.
Kremlə yaxın olan bu şəxs Priqojinin sağ qala biləcəyini istisna etməyib: “O, troldur. Onun müxtəlif strukturlarda informatorları var”.
Versiya: Priqojin və Utkinin oxşarları
Rusiya və beynəlxalq nəşrlər Priqojin və Utkinin “oxşarlarının” olduğunu dəfələrlə yazıblar. Bu insanlar rəsmi olaraq pasportlarını dəyişərək onların tam adaşı olublar.
Media yazırdı ki, 2023-cü ilin iyununda əsl Priqojin artıq sanksiyalar altında olduğu zaman Litvaya uçan məhz onun dublyoru olub.
Priqojinin daha bir adaşı haqda cinayət işi ilə əlaqədar həbs edildikdən sonra məlum olub.
“Vaqner” rəhbərlərinin bu “oxşarların” neçəsinindən istifadə etdiyi məlum deyil. 2023-cü il iyunun sonunda üsyan cəhdindən sonra Priqojin Belarusa getdiyini elan etdi. Amma o, demək olar ki, eyni vaxtda həm Sankt-Peterburqda, həm də Moskvada peyda olmuşdu, üstəlik Putinlə görüşmüşdü.
“The New York Times” iyul ayında Pentaqonun Priqojinin hərəkətlərini gizlətmək üçün “oxşarlardan” istifadə etdiyi versiyası haqqında yazmışdı.
Lakin qəribə şəraitdə həlak olan səhra komandirləri də az deyil
“Dövlət maşını üçün azca əlverişsiz olan, öz rəislərinə şəxsi sədaqətini deyil, “Novorossiya” adlanan ideyaya sadiqliyini bəyan edən səhra komandirlərinin həyatlarını planlaşdırdıqlarınadan xeyli tez başa vurduqlarını unutmaq çətindir. 2014-cü ilin separatçılarının ən parlaq personajları öldü və onlar döyüş meydanında ölmədilər “, – BBC müxbiri Anastasiya Lotareva deyir.
- “LXR müdafiə naziri” Aleksandr Bednov, ləqəbi Batman, 2015-ci ildə konvoyla birlikdə vurulub”.
- “Prizrak” (“Kabus”) adlandırılan batalyonunun komandiri Aleksey Mozqovoy həmin ilin mayında maşında güllələnib.
- 2015-ci ilin dekabrında onun kazak əməkdaşı Pavel Dremov partladılıb.
- “Motorola” 2016-cı ildə partladılıb
- 2017-ci ilin əvvəlində “Givi” ləqəbli səhra komandiri öldürülüb. Son ikisi Donbass separatizminin tanınmış simaları idi.
- 2018-ci il avqustun 31-də “DXR-nin rəhbəri” Aleksandr Zaxarçenko Donetskdə kafedə partladılıb.
Bu işlərin heç biri tam araşdırılmayıb və müxtəlif versiyalar var – Ukrayna hərbçilərinin törətdiyindən tutmuş vaqnerçilərin əli ilə öldürülmələrinə qədər”, – Lotareva qeyd edir.
Mixail Podolyak: “Bu, Putinin siqnalıdır”
“Aydındır ki, Priqojin Lukaşenkonun qəribə “zəmanətlərinə” və Putinin eyni dərəcədə absurd “şərəf sözü”nə inandığı anda öz ölüm əmrini imzalayıb.
Çevriliş cəhdindən iki ay sonra Priqojin və Vaqner komandasının meydandan kənarlaşdırılması Putinin 2024-cü il seçkiləri öncəsi Rusiya elitasına verdiyi siqnaldır. “Diqqət! Sədaqətsizlik ölümə bərabərdir”. Ancaq bu, həm də Rusiya ordusuna bir siqnaldır: “Xüsusi əməliyyat qəhrəmanları” olmayacaq. Əgər Ukrayna tribunalı deyilsə, o zaman FTX gülləsi”, – Ukraynanın prezident ofisinin müşaviri Mixail Podolyak sosial şəbəkələrdə yazıb.
Bayden: “Rusiyada arxasında Putinin dayanmadığı nəsə baş vermir”
“Rusiyada arxasında Putinin dayanmadığı nəsə baş vermir”, – Reuters ABŞ prezidenti Co Baydenin Yevgeni Priqojinin mümkün ölüm xəbərinə ilk reaksiyasından sitat gətirib.
Ağ Evin milli təhlükəsizlik sözçüsü Adrien Vatsonun sözlərinə görə, son qiyam cəhdini nəzərə alsaq, “Vaqner” rəhbərinin mümkün ölümü heç kəsi təəccübləndirməyəcək.