Prezidentin tövsiyəsinə rəğmən nazirlik Söyüdlüdə müstəqil monitorinqə şərait yaratmayıb
Söyüdlü hadisələri
Azərbaycanın Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış ekoloji problemlə bağlı etirazldardan 3 aya yaxın vaxt keçsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə müstəqil ekspertizaya hələ də şərait yaratmayıb. Bu barədə məlumatı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru İlham Hüseynli məlumat verib.
- Azərbaycanda 20 yaşlı qız Ermənistana casusluqda ittiham olunur
- Azərbaycan ordusunun zabiti Vaqif Xaçatryanın ailəsinə müraciət edib
- Avropa Məhkəməsi Azərbaycanda həbs olunan müxalifətçinin işinə təcili qaydada baxacaq
“Abzas Media”nın məlumatına görə, koalisiya kənddə keçirilən etiraz aksiyalarından sonra iyulun 10-da Ekologiya və Təbbi Sərvlətlər Nazirliyinə Söyüdlü hadisələri
müraciət edərək ərazidə monitorinqin aparılmasına şərait yaradılmasını xahiş edib. Bundan bir gün sonra ölkə başçısı İlham Əliyev də Söyüdlü hadisələrindən danışıb, əraziyə müstəqil ekspertlərin də cəlb edilməli olduğunu bildirib.
Ancaq İlham Hüseynli deyir ki, görünür, nazirlik bu məsələdə maraqlı deyil. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə dəfələrlə əlaqə saxlasalar da, müsbət cavab almayıblar.
İ.Hüseynli nazirliklə sonuncu dəfə elə bu gün əlaqə saxladıqlarını, ancaq bu dəfə də “müraciətinizə baxılır” cavabı aldıqlarını deyir:
“Bizim istəyimiz daha etibarlı monitorinq idi. Adətən bu cür məsələlərdə dövlətin apardığı monitorinqlər olur, ancaq bir qayda olaraq yerli ictimaiyət daha çox vətəndaş cəmiyyətinin apardığı monitorinqlərin rəyini etibarlı hesab edir. Bu həm də bizim təşkilatın missiyasi idi. Biz mədən sənayesində şəffaflıq təşəbbüslü koalisiyayıq. Biz buna görə müraciət etdik. Çox təəssüf, biz növbəti dəfə gördük ki, hökumətin bu qurumu vərəndaş cəmiyyətilə işləməkdə maraqlı deyil”, – deyə İlham Hüseynli bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama vermək istəməyib.
Nə baş verib?
20-21 iyunda Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası keçirilib. Onlar yaxınlıqda yerləşən “Gədəbəy” qızıl yatağından çirkab suların axıdılması üçün yeni süni gölün salınmasına etiraz edirlər.
Kənd sakinlərinin bildirdiklərinə görə, uzun illərdir qızıl mədəninin istismarı nəticəsində ətraf mühitə ciddi ziyan dəyir. Hava sionid qazı ilə çirklənib və bu da əhalinin sağlamlığına ziyan vurur. Kəndlilər deyirlər ki, indi də kəndlilərin örüş sahələrində zəhərli tullantılar üçün nəzərdə tutulmuş ikinci süni gölün salınması vəziyyəti daha da ağırlaşdıracaq.
Söyüdlü kənd sakinlərinin aksiyasını dağıtmaq məqsədilə polis əməkdaşları rezin güllələrdən, gözyaşardıcı qazdan istifadə ediblər.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə qarşı narkotik ittihamı ilə cinayət işi açılıb.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.
11 iyulda ölkə başçısı İlham Əliyev də hökumət üzvləri ilə keçirdiyi müşavirədə Söyüdlüdə baş verən hadisələrdən danışıb. O bildirib ki, etirazlarda özünü ləyaqətli aparan təkcə polislər olub və onlar dözümlü davranıblar.