Prezident Trampı hakimiyyətdən uzaqlaşdırmağa çalışacaqlar
Paylaşmaq
Paylaşmaq
Amerika Konqresinin Aşağı Palatasının spikeri Nensi Pelozi prezident Trampa qarşı impiçment prosedurunun başladıldığını elan edib – CNN xəbər verir.
Səbəb
Buna Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti ətrafında yaranmış qalmaqal səbəb olub. Opponentlərinin sözlərinə görə, bu söhbət zamanı Tramp Zelenskini Ukraynada Co Baydenin (keçmiş vitse-prezident və 2020-ci ildə baş tutacaq prezident seçkilərində Trampın əsas rəqiblərindən biri) oğlunun adının hallandığı korrupsiya işinin araşdırmasını yenidən başlatmağa məcbur etmək istəyib. Əks təqdirdə Tramp Ukraynaya 400 milyon dollar həcmində hərbi yardımı dondurmaqla təhdid edib.
Daha əvvəl bu iş qapadılıb və korrupsiya faktları aşkarlanmayıb.
Tramp bildirib ki, o Zelenski ilə söhbətində həqiqətən də Bayden haqda söz açıb, amma heç bir hüquqa zidd əmələ yol verməyib.
Hadisələr necə inkişaf edəcək?
Konqresin Aşağı Palatası Tramp və Zelenskinin danışığının stenoqramını və digər sənədləri nəzərdən keçirəcək. Əgər konqresmenlər prezidentin qanunu pozduğu qənaətinə gəlsələr, impiçment (prezidentin hakimiyyətdən uzaqlaşdırılması) prosedurunun başlanması məsələsi səsə qoyulacaq.
Daha sonra əgər Konqresin Aşağı Palatası “lehinə” səs versə, məsələyə Senatda baxılacaq. Orada senatorların azı üçdə ikisi ona səs verməlidir.
Nəticə
İmpiçment proseduru başladılarsa, bunun ABŞ-da 2020-ci ilin noyabrında baş tutacaq prezident seçkilərinə qədər başa çatacağı ehtimalı azdır.
Amma bu prosesin gedişatında Trampın qanun pozuntusuna yol verdiyini göstərən faktların üstü açılarsa, bu, onun təkrar seçilmək şansını kəskin azaldacaq. Əgər belə faktlar üzə çıxmazsa, bu, Demokrat Partiyasından olan namizədə ciddi zərbə olacaq.
İndi sorğular göstərir ki, ölkə təxminən bərabər üç düşərgəyə bölünüb – Trampın tərəfdarları, onun rəqibləri və hələlik rəğbət obyektini müəyyən edə bilməyənlər. İndi məhz sonuncuların səsi uğrunda mübarizə başlayır.