Prezident İlham Əliyev: “İran tərəfindən Azərbaycana qarşı terror aktı törədilib”
Prezident Naxçıvana dron hücumu haqqında
Martın 5-i Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas günün birinci yarısında Naxçıvan Muxtar Respublikasının ərazisinin İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmasından sonra baş tutub.
İclasda çıxışan edən prezident İlham Əliyev birmənalı şəkildə bildirib ki, Naxçıvana hücum İran tərəfindən həyata keçirilib və hədəfləri mülki obyektlər olub. Onun sözlərinə görə, Azərbaycan bu hadisəni “çirkin terror aktı” kimi qiymətləndirir.
“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi pilotsuz uçuş aparatları ilə atəşə tutulub və hədəflər mülki obyektlər olub”, – deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan bu hadisəni qətiyyətlə pisləyir və İran tərəfinin məsələ ilə bağlı izahat verməsini, üzr istəməsini və hadisəyə görə məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Rəsmi məlumata görə, bir pilotsuz uçuş aparatı Naxçıvan beynəlxalq hava limanının terminal binasına düşüb; digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb, iki mülki şəxs yaralanıb. Hücum nəticəsində ümumilikdə dörd mülki şəxs xəsarət alıb. İranın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan cavab zərbəsi endirmək hüququnu özündə saxladığını bildirib.
İran Xarici İşlər Nazirliyində isə ölkənin Azərbaycana zərbə endirməsi ilə bağlı iddialar təkzib edilib. “İran yalnız öz düşmənlərinin, o cümlədən regionda fəaliyyət göstərən və İrana qarşı hücumlar üçün istifadə olunan ABŞ və İsrailin hərbi bazalarına zərbələr endirir”, – İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi AnewZ nəşrinə bildirib.
28 fevralda ABŞ və İsrail İranın bir sıra şəhərlərində hərbi infrastruktur və nüvə obyektlərinə qarşı genişmiqyaslı raket hücumlarına başlayıb. İran isə cavab olaraq İsrail ərazisinə raketlər buraxıb və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücum edib, bu zaman mülki obyektlər də bombardman edilib.
Azərbaycan prezidentinin çıxışından əsas tezislər
- Dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisinin heç vaxt digər dövlətlərə qarşı istifadə olunmasına imkan verilməyib və verilməyəcək.
- Ölkənin bütün silahlı qüvvələri bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
- “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”.
- “Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir”.
- “Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.
- “Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb.
O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir.
İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq”.
- “Bütün başqa çirkin amillərlə yanaşı, bu, böyük nankorluq nümunəsidir. İranda son hadisələr baş verən kimi xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir”.
- İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək.
Beynəlxalq reaksiya
Dünya ölkələri və beynəlxalq təşkilatlar İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı həyata keçirdiyi hücumları kəskin şəkildə pisləyərək rəsmi Bakıya dəstək ifadə ediblər. Onların sırasında Türkiyə, BƏƏ, Böyük Britaniya, Fransa, Almaniya, Niderland, İspaniya, Avstriya, İsrail, Bolqarıstan, Gürcüstan, Moldova, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Albaniya, Estoniya, Litva, Latviya, Monteneqro, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan və Suriya var.
Xüsusi bəyanatlarla Avropa diplomatiyasının rəhbəri Kaja Kallas, BMT baş katibinin sözçüsü Stefan Düjarrik, Türk Dövlətləri Təşkilatının baş katibi, Avropa İttifaqının Azərbaycandakı səfiri, BMT-nin Azərbaycandakı nümayəndəliyi və İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi çıxış edib.
Bütün bəyanatlarda İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın ərazisinə endirdiyi zərbələr təhlükəli eskalasiya, dövlət suverenliyinin kobud şəkildə pozulması və regional təhlükəsizlik və sabitlik üçün birbaşa təhdid kimi qiymətləndirilib.
Albaniyanın baş naziri Edi Rama beynəlxalq ictimaiyyəti İranı terrorçu dövlət kimi tanımağa çağırıb. “Sərhədlərindən kənara dəfələrlə zorakılıq və qorxu ixrac edən bu rejimdən sadəcə uzaq durmaq kifayət deyil. Onun əslində nə olduğunu, terrorçu dövlət olduğunu qəbul etmək lazımdır”, – Rama sosial şəbəkələrdə yazıb və Albaniyanın Azərbaycanı, onun rəhbərliyini və xalqını qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Prezident Naxçıvana dron hücumu haqqında