Poti: turist mövsümü təxirə salınır
Hər il yay gələndə Potidə eyni şeylər təkrar olunur: turist mövsümünün açılışı elan edilir və burdakı çimərliklərin potensialından danışılır. Bununla da hər şey bitir – turistlər bura gəlmir ki, gəlmir.
Potinin boş qalan çimərliklərində ancaq yerli sakinlərə rast gəlmək olar – onlar da adətən çimib, tez evlərinə gedirlər. Əslində burada məşğul olunası başqa bir şey də yoxdur: çimərlikdə nə kafe, nə diskoteka, nə mağazalar, nə də şezlonqlar var. Hətta kola və qarğıdalı satanlar da yoxdur – ancaq ağır-ağır dalğalanan dəniz və qara qum var.
Düzdür, bu tənhalığın da öz ləzzəti var, amma əksər turistlər insanlar arasında olmağı sevir, Potiyə isə bunu ancaq arzulamaq qalır.
Əslində, potensial kifayət qədər var: burada Gürcüstanda ən uzun qumlu çimərlik, yumşaq iqlim, aşağı qiymətlər və çoxlu sayda maraqlı yerlər var. Yəni dəniz turistləri cəlb edə biləcək yeganə səbəb deyil.
Maltakva – şəhər kənarındakı çimərlik belə adlanır. Bu, ən rahat çimərlikdir, şəhərin mərkəzindən dörd kilometr aralıda yerləşir. Hələ ki, Gürcüstanda heç bir hakimiyyət bu obyekti öz prioritet və strategiyalar siyahısına daxil etməyib. İstər-istəməz bu yerin sovet vaxtlarındakı vəziyyəti ilə müqayisə aparmalı olursan. Təəssüf ki, müqayisə heç də müstəqillik dövrünün xeyrinə deyil. Bəli, Poti həmişə ilk növbədə liman şəhəri olub, amma keçmişdə o kurort funksiyasını da çox uğurla yerinə yetirib.
Misal üçün, bu bir vaxtlar məşhur olan “Qızıl gölün bataqlığa çevrilməsi prosesi artıq bitmək üzrədir. Əvvəllər isə buranı böyük ölkənin hər yerindən putyovka ilə gələn adamlar böyük həzzlə seyr edərdilər.
Yaxınlıqda yerləşən meşə-park ərazisi isə Çernobıl zonasını xatırladır – kimsəsiz binalar, müdhiş boşluq, qulaq batıran səssizlik. Bir vaxtlar isə burada kurortçular gəzişərdi.
Poti meriyasında isə optimist insanlar işləyir: onlar hələ də böyük uğura ümidlərini itirmirlər. “Artıq çimərlik boyu çəkilən yolun tikintisinə başlanılıb, – yerli bələdiyyədə dedilər. Burada piyada zonası, avtomobil dayanacağı, kiçik binalar – mağaza və kafelərin olacağına söz verirlər. İşlər təxminən 2 il ərzində aparılacaq, bu məqsədlər üçün 18 500 laridən çox pul ayrılıb.
Hazırda Poti Gürcüstanın Qara dəniz sahilində yerləşən və yerli sakinlərin gəliri turizmdən heç də asılı olmayan yeganə şəhəridir. Amma ona görə yox ki, başqa gəlir var, ona görə ki, turist yoxdur.
Burada yeknəsəq və darıxdırıcı həyat hökm sürür. Yuxarı sinif şagirdindən gələcəklə bağlı planlarını xəbər alsaz, o düşünmədən buradan getmək istədiyini deyəcək. Və siz onu başa düşəcəksiz.
Potidə doğrudan da heç bir məşğuliyyət yoxdur. Hətta yayda da. Sevgilisi olan 20 yaşlı oğlan onu kinoya dəvət edə bilməyəcək, çünki burada kinoteatr yoxdur. Adətən bu məqsədlər üçün gənclər Batumiyə gedirlər – orada kino, kafe, çimərlik, hovuz, diskoteka və parklar var… Evə qayıtmaq istəmirsən – yenə də bu boş maraqsız şəhər və zibil.
Zibil Potiyə gələn qonaqlarda özünəməxsus assosiasiya yarada bilər. O, hər yerdə var, onu elə bil yığırlar, amma görünür güc bərabər deyil və hər dəfə də zibil qalib gəlir. Bir dəfə dostlarımı Potidə yay tətilini keçirməyə dəvət etdim, amma zibilin əlindən Urekiyə qaçmalı olduq.
Halbuki Ureki də heç Gürcüstanın sahilində ən təmiz yer deyil.
İlk dəfə dərc olunub: 22.07.2016