Poroşenko və İvanişvili Saakaşvilinin Gürcüstana ekstradisiyasını planlaşdırır?
Paylaşmaq
Paylaşmaq
Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili ilə Mixail Saakaşvilinin Gürcüstana ekstradisiyası məsələsilə bağlı danışıqlar aparır. Bu haqda Gürcüstanın baş prokurorunun keçmiş müavini David Sakvarelidze bildirib.
Sakvarelidze deyir ki, Saakaşili Poroşenko üçün əsas rəqibə çevrilib, buna görə də Poroşenko onu kənarlaşdırmağa çalışır.
Ukrayna tərəfinə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin ekstradisiyası haqqında xahişlə Gürcüstanın baş prokurorluğu 17 fevral 2015-ci ildə müraciət edib.
Həmin il aprelin 1-də Ukrayna prokurorluğu Gürcüstana göndərdiyi rəsmi məktubda Sakaşvilini ekstradisiya etməkdən imtina edib, çünki bu halda onun siyasi təqib obyektinə çevriləcəyini güman edib.
Həmin dövrdə Saakaşvili artıq Pyotr Poroşenko tərəfindən müşavir və İslahatlar Şurasının rəhbəri vəzifəsinə təyin edilmişdi. Bir neçə ay sonra isə o, Odessa qubernatoru postuna yeni təyinat alıb. 7 noyabr 2016-cı ildə Saakaşvili bu vəzifəni tərk edərək, müxalifətə keçib.
2015-ci ilin oktyabr ayında Gürcüstanın Ədliyyə Nazirliyi Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi proseduruna başlayıb.
Hazırda Kiyevdə olan və keçmiş prezidentin müşaviri olan David Sakvarelidze Ukraynanın ZIK televiziya şirkətinə müsahibəsində bildirib ki, bu danışıqlarda Gürcüstan tərəfindən Bidzina İvanişvili çıxış edir. Onun sözlərinə görə, məhz o, Ukrayna prezidenti Poroşenko ilə əlaqə saxlayır.
Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri işləyib. Bu gün onun rəsmi vəzifəsi olmasa da, Gürcüstan hökuməti və hakim partiyaya çox böyük təsir gücü var.
Bütün bunlar Saakaşvilinin siyasi fəaliyyətilə bağlıdır. Ukrayna hakimiyyəti bütün yollarla ölkənin müxalifət meydanından Gürcüstanın keçmiş prezidentini kənarlaşdırmağa çalışır, Sakvarelidze televiziya verilişində deyib.
Amma rəsmi olaraq bu məlumatı nə Kiyevdə, nə də Tbilisidə heç kim təsdiqləmir.
Ekstradisiya baş verdiyi halda Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı artıq açılan bir neçə cinayət işi üzrə ittihamlar irəli sürüləcək. O, vəzifə səlahiyyətlərini aşma, büdcə vəsaitinin məqsədsiz xərclənməsi və israf edilməsi, 2007-ci ilin noyabr ayında müxalifətin keçirdiyi aksiyanın qəddarlıqla dağıdılmasında, həm də “İmedi” telekanalının ələ keçirilməsində ittiham olunur. Saakaşvilinin deputat Valeri Qelaşvilinin döyülməsi və bank işçisi Sandro Qirqvlianinin qətli kimi işlərdə də adı hallanır.
Avqustun 2-də məhkəmə qiyabi olaraq Saakaşvilininin barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçmişdi.
Saakaşvilinin özü isə ona qarşı irəli sürülən ittihamları siyasi hesab çürütmək məqsədilə təqib kimi qiymətləndirir.