Polis azərbaycanlı sahibkarların aclığına zorakı yolla son verib
Paylaşmaq
Paylaşmaq
Polis sahibkarların Sumqayıt şəhər İcra Hakimiyyətindən şəhər bulvarının abadlaşdırılması üçün onlardan alınan borcun geri qaytarılması tələbi ilə keçirdikləri aclıq aksiyasına zorakı yolla son verib.
Aclıq aksiyasının on bir iştirakçısının hamısı Bakının Binəqədi rayonunun polis idarəsinə aparılıb. Bir müddət sonra biznesmenlər azadlığa buraxılıblar, amma onlara həbs təhdidi altında aclıq aksiyası keçirməyi qadağan ediblər.
Sahibkarlar bildirirlər ki, Sumqayıt bulvarının inşası ərəfəsində şəhər icra hakimiyyəti onlardan bulvarın abadlaşdırılması üçün kredit alıb. Amma müqavilə şəhər meriyası ilə yox, podratçı özəl firma ilə bağlanıb. Bulvarın açılışından sonra pulların bir hissəsi onlara ödənib, qalan hissəsini, təxminən dörd milyon manatı (iki milyon avroya yaxın) isə sonra verəcəklərini vəd ediblər. Amma bu pullar hələ də sahibkarlara ödənməyib, çünki podratçı firmanın rəhbəri Müqayis Verdiyev özünü müflis elan edib və dələduzluğa görə mühakimə olunub. İndi biznesmenlər hesab edirlər ki, qalan pulları onlara Sumqayıt İcra Hakimiyyəti qaytarmalıdır. İcra hakimiyyəti isə bundan boyun qaçırır və məhkəməyə müraciət etməyi məsləhət görür.
“Sumqayıt şəhər İcra Hakimiyyəti pulunu tələb edən şəxslərlə müqavilə imzalamış tərəf deyil. Bu borclara görə cavabdeh olan şəxs həbs olunub”, – Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Orucov “Turan” informasiya agentliyinə bildirib.
Sahibkarların vəkili Elçin Sadıqov polisin aclıq aksiyasının dağıdılması istiqamətində hərəkətlərini qanunsuz hesab edir.
“Heç kimin vətəndaşın evinə məhkəmə qərarı olmadan daxil olmağa hüququ yoxdur. Polis tərəfindən aclıq aksiyası iştirakçılarına təhdid və təzyiq vəzifə səlahiyyətlərinin aşılması kimi dəyərləndirilməlidir. Biz insidentlə bağlı Baş Prokurorluğa və müvafiq hakimiyyət orqanlarına müraciət edəcəyik”, – Sadıqov xeberman.com saytına bildirib.
Sumqayıt Dənizkənarı Bulvarının açılışı 2016-cı il sentyabrın 27-də baş tutub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.