Pişiklər şəhərinin itləri
Bakıda itin evi varsa, deməli, bəxti gətirib. Adətən azərbaycanlılar xanımların təmizliyə xüsusi diqqət yetirməsi səbəbindən evdə heyvan, xüsusilə də it saxlamağı sevmirlər. Və əgər Məhəmməd peyğəmbər pişikləri incitməməyi vəsiyyət edibsə, itlərin bu sarıdan da bəxti gətirməyib – İslamda it birmənalı şəkildə natəmiz heyvan kimi göstərilir.
Əlbəttə, bu o demək deyil ki, insanlar itləri görən kimi, dabanına tüpürüb qaçır – Azərbaycanda İslam heç də bu qədər radikal deyil. Bakıda doberman və ya bolonka gəzdirən adamlara rast gəlmək olar, qarovul itləri, küçə itləri də var. Hər il beynəlxalq it sərgilər keçirən Kinoloqlar Birliyi də var. Bununla belə, tarixən belə qurulub ki, küçə itlərini sevməkdən daha çox, onlardan qorxurlar.
Bəzən belə bir hiss yaranır ki, pişiklər şəhərin mərkəzini zəbt ediblər, itləri isə şəhərin kənarlarına sıxışdırıb çıxarıblar, onlar da burada təhlükəli sürülərdə birləşib. “Facebook”un Bakı seqmentində bununla bağlı vaxtaşırı çəkişmələr olur: demək olar ki, vəhşi olan bu heyvanlarla nə etməli? Onlar üçün sığınacaq tikmək, yoxsa onları güllələmək lazımdır?
2010-cu illərin əvvəllərində yiyəsiz itləri güllələməyə başladılar. Bu zaman güllələyənlər bunu xüsusi qəddarlıqla, misal üçün, həyətdə düz uşaqların gözü qarşısında edirdi. Heyvan müdafiəçilərindən reaksiya özünü çox gözlətmədi: sosial şəbəkələrdə debatlardan və mətbuatda gedən qəzəbli yazılardan sonra hökumət məsələni öz nəzarəti altına götürdü. Güllələnmə dayandırıldı; Heydər Əliyev Fondu IACC yiyəsiz heyvanlar üçün sığınacaq və xilasetmə mərkəzinin tikintisini maliyyələşdirdi (bu ilin may ayında açılıb). Başqa sığınacaqlar da var, onlar könüllülərin vəsaiti hesabına fəaliyyət göstərir, məsələn, “Bars” və “Balaca şahzadə” kimi. Əgər tüklü dosta ehtiyacınız varsa, hansi cinsdən olmasının da sizin üçün fərqi yoxdursa, elə bura müraciət edə bilərsiz.