Azərbaycana qarşı sanksiyaları ehtiva edən "PEACE Act"ın məzmunu və reaksiyalar
“PEACE Act” və Azərbaycana qarşı sanksiyalar
ABŞ Nümayəndələr Palatasında respublikaçı konqresmenlər Darrell İssa və Qas Bilirakis tərəfindən 30 sentyabrda təqdim olunan “PEACE Act” konkret olaraq Azərbaycan tərəfindən Ermənistana qarşı yenidən hərbi aqressiya olarsa sanksiyaların tətbiqini nəzərdə tutur.
Bildirilir ki, “PEACE Act” (H.R.5632) “Cənubi Qafqazda sülh prosesini möhkəmləndirməyi və yeni eskalasiyaların qarşısını almağı hədəfləyir”.
Layihə Vaşinqtonun region siyasətində iki əsas dayağı önə çıxarır: Ermənistan və Azərbaycanın suverenliyinin dəstəklənməsi və iki ölkə arasında ədalətli, davamlı sülh sazişinin birbaşa danışıqlarla təşviqi.
Bu çərçivədə ABŞ, güc tətbiqinə alternativ kimi sanksiya rıçaqlarını önə çəkir, eyni zamanda Ermənistanda “zərərli Rusiya təsirinin azaldılması” və Qərblə yaxınlaşma xəttini siyasi olaraq dəstəkləyir.
Qanun layihəsinin məzmunu və məqsədləri
“Preventing Escalation and Advancing Caucasus Engagement Act” (PEACE Act, H.R.5632) adlı qanun layihəsinin mətni ABŞ-nin Cənubi Qafqaz siyasətinə dair bir sıra əsas istiqamətləri ortaya qoyur.
Bildirilir ki, Ermənistan və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi, iki ölkə arasında ədalətli və davamlı sülh sazişi üzrə birbaşa danışıqların təşviqi qanun layihəsinin əsas bəyan edilən məqsədlərindəndir.
Layihədə vurğulanır ki, Vaşinqton münaqişələrin həllində güc tətbiqinə alternativ olaraq sanksiyalardan istifadə etməklə təhdidlərin qarşısını almaq niyyətindədir. Layihə regionda Rusiya təsirinin azaldılmasını da ABŞ siyasətinin tərkib hissəsi kimi görür.
Layihəyə görə, ABŞ Prezidenti müəyyən edərsə ki, Azərbaycan Ermənistana qarşı “düşmən hərəkətlər” (yəni ciddi insan itkilərinə və ərazi suverenliyinin pozulmasına səbəb olacaq təcavüz aktlar) həyata keçirərsə, dərhal Konqresə bununla bağlı izahat təqdim etməlidir. Belə hal baş verərsə, Prezident:
- Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərinə (və onların yaxın ailə üzvlərinə), həmçinin Azərbaycanın təcavüzdə iştirak etmiş hərbi birliklərinə və dövlət qurumlarına və onlara əhəmiyyətli dərəcədə kömək edən xarici şəxslərə qarşı sanksiyalar tətbiq etməlidir. Bu sanksiyalar ABŞ-də həmin şəxslərin bütün aktivlərinin bloklanması və onlara viza-qadağaların tətbiqini (ABŞ-yə girişə qadağanı) əhatə edir.
- Xarici maliyyə qurumlarına məhdudiyyətlər qoymalıdır: Yəni, Azərbaycan neft və qaz məhsullarının ticarətində iştirak edən Azərbaycan maliyyə institutları ilə əhəmiyyətli tranzaksiyaları bilərəkdən həyata keçirən xarici banklar üçün ABŞ-də hesabların açılması və əməliyyatların aparılması qadağan ediləcək və ya ciddi şərtlər tətbiq ediləcək.
- ABŞ Maliyyə Nazirliyi Azərbaycan neft ticarətini asanlaşdıran Azərbaycan banklarının siyahısını və onlarla işləyən sanksiyaya məruz qala biləcək xarici bankların siyahısını dərc etməlidir. Bununla faktiki olaraq, qanun layihəsi Azərbaycan üçün həyati əhəmiyyətli olan enerji sektoruna dolayı sanksiya mexanizmi qurmağı təklif edir.
- Layihədə humanitar fəaliyyətlər üçün istisnalar da nəzərdə tutulur. Məsələn, Azərbaycanla kənd təsərrüfatı məhsulları, ərzaq, dərman və tibbi ləvazimatların ticarətinə aid tranzaksiyalara görə xarici maliyyə qurumlarına sanksiya tətbiq edilməyəcək.
- Eyni zamanda, qanun layihəsi kəşfiyyat məlumatlarının mübadiləsi və BMT qərargahına vizaların verilməsi kimi beynəlxalq öhdəliklərin pozulmaması üçün də istisnalar saxlayır.
Sülh prosesini qorumaq üçün əlavə tədbir olaraq layihə Vaşinqtonda imzalanan Birgə Bəyannamənin həyata keçirildiyi dövrdə
hər hansı bir şəxsin həmin Bəyannamənin prinsiplərinə uyğun sülh sazişinin bağlanmasına qəsdən mane olduğunu müəyyən edilərsə
Prezidentin həmin şəxsə qarşı əlavə sanksiyalar tətbiq etmək səlahiyyətini də verir. Bu müddəa xüsusilə sülh prosesini pozmağa cəhd edən fərdlərə qarşı hədəflənib.
Nəhayət, hesabatlılıq və nəzarət mexanizmləri layihənin vacib tərkib hissəsi olaraq qeyd edilir.
Prezident hər 90 gündən bir Konqresə Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı düşmən hərəkət edib-etmədiyi barədə hesabat təqdim etməlidir.
Sanksiyalar tətbiq olunduqdan sonra onların effektliyi barədə də mütəmadi məlumat verilməsi, habelə Azərbaycan düşmən hərəkətləri dayandırdığı təqdirdə sanksiyaların ləğvi prosedurlarının (bir il ərzində hücumların dayandırılması, öhdəliklərə əməl edilməsi şərtilə) müəyyənləşdirilməsi nəzərdə tutulur.
Layihədə sanksiyaların 7 il sonra qüvvədən düşməsi bəndi də var ki, bu da onun müvəqqəti preventiv tədbir kimi nəzərdə tutulduğunu göstərir.
Layihə müəlliflərinin mövqeyi: İssa və Bilirakisin açıqlamaları
Layihəni irəli sürən konqresmenlər bunu Cənubi Qafqazda sülhü möhkəmləndirməyə yönələn tarixi təşəbbüs kimi təqdim edirlər. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi sədrinin müavini Darrell İssa qeyd edib ki, Amerikanın liderliyi regionda qalıcı və ədalətli sülhə nail olmaq üçün həlledici amildir.
Onun sözlərinə görə, bir çoxları Ermənistana qarşı təcavüzü dayandıracaq razılaşmanın mümkünlüyünə inanmasa da, Prezident Trampın sülh gündəliyi strateji və realist yanaşma kimi uğur qazanıb və köhnə beynəlxalq status-kvonu rədd edir.
““PEACE Act” razılaşmanın pozulmasına yönələn istənilən addımın cavabsız qalmayacağını təmin etməklə Tramp administrasiyasının suverenlik və sabitlik naminə apardığı diplomatik səyləri gücləndirir” – deyə İssa vurğulayıb.
Layihənin digər müəllifi, Florida ştatından olan konqresmen Qus (Gus) Bilirakis də bənzər mövqedən çıxış edib. O, ABŞ-nin Ermənistandakı tərəfdaşlarının yanında olduğunu, təcavüzə görə hesabatlılığı təşviq etdiyini və suverenlik ilə regional təhlükəsizliyə hörmətlə yanaşan danışıqlar yolu ilə həllə fokuslanmağı təmin etdiyini bildirib.
Bilirakis layihəni “Azərbaycan təcavüzünün qarşısını almaq və Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhü dəstəkləmək üçün fundamental bir addım” adlandırıb. Onun sözlərinə görə, bu qanun layihəsi vasitəsilə
ABŞ Cənubi Qafqazda öz strateji maraqlarını, yəni ədalətli sülhün təmin edilməsini və təcavüzün cəzasız qalmamasını müdafiə edir.
Təqdim olunan press-relizdə layihənin konkret müddəaları da qısa tezislərlə ictimaiyyətə çatdırılıb.
İssanın ofisinin yaydığı məlumatda vurğulanır ki, “PEACE Act”:
i) yeni təcavüz olarsa Azərbaycan rəsmilərinə, hərbi hissələrinə və onlarla əlbir olanlara qarşı məcburi sanksiyalar tətbiq edəcək;
ii) Azərbaycanın neft ticarətini maliyyələşdirən xarici maliyyə qurumlarına qarşı məhdudiyyətlər hədəfləyəcək;
iii) humanitar kanalları qorumaq üçün ərzaq, dərman ticarətinə istisnalar təmin edəcək;
iv) davam edən diplomatiyanı dəstəkləmək üçün sülh sazişini pozmağa cəhd edənlərə əlavə sanksiyalar səlahiyyəti verəcək;
v) nəzarət mexanizmi olaraq müntəzəm prezident hesabatlarını tələb edəcək.
Darrell İssa Kaliforniyanı təmsil edir, Qus Bilirakis isə yunan əsilli olub Floridanı təmsil edir. Analitiklər bildirirlər ki, Kaliforniyada böyük erməni icmasının mövcudluğu və ümumən hər iki konqresmenin uzun illər erməni məsələləri üzrə fəal lobbiçiliyi ilə tanınması bu təşəbbüsün ortaya çıxmasında rol oynayıb.
Məsələn, Bilirakis Konqresdə Ermənistan məsələləri üzrə qrupun həmsədrlərindən biri kimi Türkiyəyə F-16 qırıcılarının satışına qarşı çıxışlar edib və davamlı şəkildə Türkiyə və Azərbaycana qarşı sərt mövqe nümayiş etdirib. Bu baxımdan, layihənin tənqidçiləri onun erməni diasporunun siyasi aləti kimi ortaya çıxdığını iddia edirlər.
İstənilən halda İssa və Bilirakis bu qanun layihəsini ABŞ-nin liderliyi ilə əldə olunmuş sülh prosesinin qorunması üçün zəruri addım kimi təqdim etməyə çalışır.
ABŞ-nin sülh təşəbbüsündə demokratiya və insan haqları vurğusu
ABŞ rəsmiləri və qanunvericiləri Cənubi Qafqazda sülh təşəbbüsünü yalnız hərbi-siyasi anlaşmalarla məhdudlaşdırmır, onu demokratiya və insan haqları tələbləri ilə sıx əlaqəli şəkildə təqdim edirlər. Rəsmi Vaşinqton hesab edir ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh bölgədə yalnız sabitlik yox, həm də demokratik inkişaf üçün yeni imkanlar açmalıdır.
Məsələn, ABŞ-nin Helsinki Komissiyasında keçirilmiş dinləmələrdə vurğulanıb ki, “ABŞ Ermənistanın gələcəyini dəstəkləməkdə unikal rola malikdir. Bu, gələcək sülh, demokratiya və regionda sabitlik üzərində qurulmalıdır, onu pozmağa çalışan zərərli təsirlərdən azad olmalıdır”.
Yəni, ABŞ rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistanın Qərbə inteqrasiyası, demokratik islahatları və eyni zamanda regionun Rusiya kimi avtoritar güclərin təsirindən uzaq tutulması sülh prosesinin tərkib hissəsi sayılmalıdır.
Bildirilir ki, Ermənistanın son illərdə həyata keçirdiyi demokratik islahatlar və xalqının azadlıq iradəsi ABŞ tərəfindən təqdir olunur və Vaşinqton bunu regionda davamlı sülh üçün mühüm sosial-siyasi zəmin kimi görür.
Digər tərəfdən, Azərbaycanla bağlı demokratiya və insan haqları məsələləri də ABŞ-nin gündəmindədir. Dövlət Departamentinin Cənubi Qafqaz siyasətinə dair hesabatlarında qeyd olunur ki, Azərbaycanda insan haqları vəziyyəti problemli olaraq qalır və ABŞ Administrasiyası mütəmadi surətdə Azərbaycan hökumətini fundamental azadlıqlara hörmət etməyə çağırır.
Xüsusilə ifadə və toplaşma azadlığı, müxalifətə təzyiqlərin azaldılması, korrupsiya ilə mübarizə və qanunun aliliyinin gücləndirilməsi kimi məsələlərdə irəliləyişin əldə olunması sülhün tam reallaşması üçün zəruri komponentlər kimi vurğulanır. Rəsmi açıqlamaya görə, “Azərbaycanda insan haqları və fundamental azadlıqlara hörmət edilməsi, ölkənin potensialını tam reallaşdırması üçün vacibdir”.
Bu kimi bəyanatlar göstərir ki, Vaşinqton regionda sülhü yalnız sərhədlərin müəyyənləşməsi və müqavilələrin imzalanması ilə bitmiş hesab etmir. O həm də həmin sülhün davamlı olması üçün daxili siyasətdə islahatların aparılmasını təşviq edir.
ABŞ Konqresində dəfələrlə qaldırılan məsələlərdən biri münaqişə nəticəsində yaranmış humanitar problemlər və insan haqları pozuntuları ilə bağlı ədalətin təmin olunmasıdır. Xüsusilə Ermənistan tərəfinə yaxın dairələr ABŞ qanunvericiliyinə Azərbaycana qarşı daha sərt şərtlər daxil etmək üçün çağırışlar edirlər.
Məsələn, ABŞ-dəki erməni təşkilatları bildirib ki, “PEACE Act” layihəsi faydalı təşəbbüs olsa da, orada müharibə əsirləri və girov götürülmüş erməni mülki şəxslərin azad edilməsi, Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin hüquqlarının tanınması və 2023-cü ildə Qarabağda baş vermiş etnik təmizləmə iddialarına görə məsuliyyət kimi vacib məqamlar da əks olunmalıdır.
Armenian Council of America təşkilatı Konqresə müraciət edərək layihənin bu istiqamətlərdə gücləndirilməsini istəyib. Onlar bunun ədalətli və dayanıqlı sülh üçün gərəkli olduğunu qeyd etdib.
ABŞ rəsmilərinin açıqlamalarında da sülh prosesi ilə demokratiyanın inkişafının əl-ələ getdiyi vurğulanır. Məsələn, Dövlət Departamentinin sözçüsü (Tramp Administrasiyasında) bölgədə sülh təşəbbüslərindən danışarkən qeyd edib ki, Tramp Administrasiyasının yanaşması sülh naminə istənilən addımı atmağa hazır olan bir rəhbərliyin nümunəsidir və bu proses eyni zamanda qlobal sabitliyə və demokratik dəyərlərə sadiqliyin göstəricisidir.
Yəni, Vaşinqton Cənubi Qafqazda sülh yaratmaqla onu daha demokratik və azad bir region halına gətirməyi paralel məqsəd kimi qarşıya qoyur.
Beləliklə, ABŞ-nin regiondakı sülh təşəbbüsü təkcə geopolitik rəqabət və ya münaqişənin həlli kimi deyil, həm də dəyərlər məsələsi kimi təqdim olunur. Vaşinqton “sülh, demokratiya və insan haqları” üçbucağını Cənubi Qafqaz strategiyasının əsas dayaq nöqtələri kimi görür.
Bu, praktiki olaraq o deməkdir ki, ABŞ Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını dərinləşdirərkən onun demokratik transformasiyasına da dəstək verir.
Azərbaycanla münasibətlərində isə enerji və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, insan haqları dialoqunu gündəmdə saxlayır və sülh müqaviləsinin uğurla icrası üçün Bakının daxili siyasətində müəyyən yumşalmaların zəruri olacağını xatırladır.
ABŞ Senatında və Avropa üzrə alt komitələrdə bu mövzularla bağlı keçirilən dinləmələrdə dəfələrlə bildirilib ki, sülh prosesinin nəticəsi olaraq regionda demokratik təsisatların güclənməsi, qanunun aliliyinin təminatı və insan hüquqlarının qorunması sahəsində tərəqqi olmasa, əldə olunan sülh kövrək qala bilər.
Bu baxımdan, “PEACE Act” kimi qanunvericilik təşəbbüsləri də bir növ rıçaq rolunu oynayır. Onlar sülhü pozacaq addımların cəzasız qalmayacağını göstərməklə yanaşı, tərəfləri (xüsusən Azərbaycanı) beynəlxalq normalara və insan hüquqlarına riayət etməyə təşviq edir.
Azərbaycanın reaksiyası və rəsmi ritorikası
ABŞ Konqresindəki bu qanun təşəbbüsü Azərbaycanda narazılıqla və tənqidi ritorika ilə qarşılanıb. Rəsmi Bakı hələ ki, “PEACE Act” layihəsi barədə xüsusi bəyanat verməsə də, dövlət rəsmilərinə yaxın media qurumları və ictimai xadimlər bu təşəbbüsü “qərəzli, birtərəfli və ədalətsiz” adlandırırlar.
Azərbaycanın mövqeyinə görə, layihə balansdan uzaqdır və regionda gərginliyin dərinləşməsinə xidmət edə bilər. Xüsusilə tənqid edilən məqam ondan ibarətdir ki, ABŞ Konqresində təqdim olunan bu kimi sənədlərdə daima yalnız Azərbaycan “potensial təcavüzkar” kimi göstərilir, Ermənistana qarşı heç bir tələb və öhdəlik nəzərdə tutulmur.
Azərbaycan rəsmiləri bu cür yanaşmaları ikili standart kimi qiymətləndirir və bunun sülhə yox, əksinə, regionda qarşıdurma riskinin artmasına səbəb olacağını bildirirlər.
Azərbaycan mediası “PEACE Act” layihəsindəki “Azərbaycanın Ermənistanla münasibətlərdə yeni hərbi eskalasiyaya yol verməsinin qarşısını almaq” ifadəsini xüsusilə etirazla qarşılayıb, bunu “şər və böhtan dolu” bir ittiham kimi dəyərləndirib.
Qeyd olunur ki, imzalanan birgə bəyanatın həyata keçirilməsi dönəmində sülhə mane olan hər kəsə sanksiya nəzərdə tutan maddə, əslində Azərbaycanı hədəfə alan təzyiq mexanizmidir. Çünki layihə müəlliflərinin düşüncəsində sülhə mane olacaq tərəf olaraq yalnız Azərbaycan təsəvvür edilir.
Azərbaycan tərəfindən mümkün cavab addımları sırasında ABŞ ilə dialoq kanallarında etirazların bildirilməsi, ABŞ administrasiyasına bu cür qanunların ikitərəfli münasibətlərə zərər vuracağı mesajlarının verilməsi gözlənilir.
Artıq Azərbaycan parlamentinin bəzi üzvləri və siyasətçilər açıq şəkildə bildiriblər ki, “erməni lobbi dairələrinin təsiri ilə hazırlanmış bu sənəd” ABŞ-nin neytral vasitəçi roluna xələl gətirir və etimad mühitinə ziyan vurur.
Bakı rəsmiləri həmçinin xatırladırlar ki, 2020-ci ildə və 2023-cü ildə keçirilən hərbi əməliyyatlar nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib.
Onların fikrincə, post-münaqişə dövründə sülh gündəliyinin irəli aparılmasına mane olan tərəf Azərbaycan deyil, əksinə Azərbaycan regionda hərtərəfli sülh sazişinin imzalanmasına maraqlıdır.
Rəsmi ritorikada tez-tez vurğulanır ki, “Azərbaycan qalib tərəf olaraq sülhə ən çox maraqlı olan ölkədir və yeni eskalasiyaya ehtiyac duymur”. Bu tezis ilə Bakı sülh prosesini pozmaq niyyətinin olmadığını, əksinə, erməni tərəfinin qərarsızlığı üzündən sülh müqaviləsinin yubandığını bildirmək istəyir.
Buna misal kimi, Azərbaycan Prezidentinin Administrasiyası nümayəndələri Ermənistanın hələ də sülh sazişi imzalamağa tam hazır olmadığını, müxtəlif beynəlxalq aktorlardan (o cümlədən Rusiyadan) təsirləndiyini qeyd edirlər. Belə bir şəraitdə ABŞ Konqresində yalnız Azərbaycana təzyiqi nəzərdə tutan bir qanun layihəsinin irəli sürülməsi, Azərbaycan cəmiyyətində ABŞ-yə qarşı narazılığı artırır və Vaşinqtonun bitərəfliyinə şübhə yaradır.
Azərbaycanın rəsmi mövqeyinə görə, əgər ABŞ həqiqətən regionda sülh istəyirsə, bu kimi birtərəfli sənədlər irəli sürmək əvəzinə, hər iki tərəfi dialoqa təşviq edən və balanslı yanaşmanı əks etdirən addımlar atmalıdır. Məsələn, Bakı gözləyir ki, Vaşinqton Ermənistanın da öhdəliklərə əməl etməsinə eyni dərəcədə diqqət yetirsin. Halbuki mövcud “PEACE Act” layihəsində Ermənistana dair birbaşa tələblər və ya sanksiya öhdəlikləri yoxdur, bu da Azərbaycanın fikrincə ədalətsiz təmayül yaradır.
Ehtimal olunur ki, Azərbaycan hökuməti layihənin qanunlaşacağı təqdirdə ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalacağı barədə xəbərdarlıqlar edə bilər.
Azərbaycanın xarici siyasətində çoxvektorluluq prinsipinə uyğun olaraq, rəsmi Bakı belə bir qanunun qəbulunu ABŞ-nin özünü regionda vasitəçi kimi etibardan salması kimi dəyərləndirəcək və nəticə etibarilə xarici balansını daha çox Rusiya, Çin və digər tərəfdaşlar lehinə yenidən tənzimləməyə çalışa bilər.
Bu mənada, Azərbaycan analitikləri “PEACE Act”ın əks effekt verə biləcəyini, yəni Bakını Qərbdən uzaqlaşdırıb Moskva və Tehranla daha sıx əməkdaşlığa sövq edə biləcəyini iddia edirlər.
Buna görə, Azərbaycan tərəfi hələ də ümid edir ki, Birləşmiş Ştatlar administrasiyası bu təşəbbüsün irəliləməsinə imkan verməyəcək və regionda sülh prosesini sanksiyalar dili ilə deyil, diplomatik ünsiyyətlə yolu ilə davam etdirəcək.
“PEACE Act” və Azərbaycana qarşı sanksiyalar