Paşinyanın reytinqi düşməkdə davam edir: CRRC-nin sorğusuna əsasən ona cəmi 15% respondent etibar edir
Paşinyanın reytinqi düşür
Ermənistanın Baş naziri Nikol Paşinyana və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasına Cənubi Qafqaz Araşdırmalar Resurs Mərkəzinin (CRRC) sorğusunda iştirak edənlərin cəmi 15 faizi etibar edir.
Sorğu ötən ilin ikinci yarısında, 27 iyuldan 10 oktyabra qədər aparılıb. Sorğuda ümumilikdə 1561 nəfər iştirak edib. Respondentlərin 55 faizi qeyd edib ki, heç bir siyasi qüvvəyə etibar etmir.
Keçmiş Ermənistan prezidentlərinin də reytinqi yüksək deyil. Serj Sarkisyana cəmi 2%, Robert Koçaryana isə 4% respondent etibar edir. Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” parlament blokunun tərkibinə “Daşnaksütyun” EİO partiyası da daxil olduğu üçün tədqiqatçılar onun da reytinqini araşdırmağa çalışıb. Məlum olub ki, respondentlərin iki faizindən də azı bu partiyaya etibar edir.
- Bakı təqdim olunan sübutlara baxmayaraq, Ermənistanın cənubundakı kəndin atəşə tutulmasını təkzib edir
- “Tərəfdaşsız tanqo”: Azərbaycan niyə Ermənistanla sülh müqaviləsi imzalamır?
“Mənbənin ciddiliyi mübahisəlidir”
Hakim partiyanın deputatı Eduard Aqacanyan bildirib ki, bu araşdırmanı aparan təşkilatla tanış deyil, ona görə də “mənbənin ciddiliyi onun üçün mübahisəlidir”.
Onun fikrincə, hakim komandanın üzərində işləməli olduğu məsələlər var və daha effektiv idarəetmə üçün maksimum səylər göstərilməlidir:
“Amma bu, insanların hakimiyyətdən və ya Paşinyandan məyus olduğu anlamına gəlmir. Hesab edirəm ki, “Vətəndaş Müqaviləsi” partiyası daha çox iş görməlidir. Cəmiyyətin gözləntilərini doğrultmaq üçün daha intensiv işləməliyik”.
Aqacanyan həmçinin liderin və bütün komandanın reytinqini daha obyektiv təşkilatlar tərəfindən aparılan sorğuların nəticələrinə əsasən yoxlamaq istədiyini bildirib. Deputat hansı təşkilatlara daha çox güvəndiyini isə dəqiqləşdirməyib.
Parlamentin spikeri əmindir: “Hakim partiya seçkilərdə qalib gələcək”
May ayının əvvəlində keçirilən növbəti brifinq zamanı parlamentin sədri Alen Simonyan vurğulayıb ki, Ermənistanda qanuni seçilmiş hakimiyyət fəaliyyət göstərir və 2021-ci il növbədənkənar parlament seçkilərinin nəticələri heç kimdə şübhə doğurmayıb.
“Ondan əminəm ki, əgər seçkilər bu cümə günü keçirilsə belə, “Vətəndaş müqaviləsi” qalib gələcək. Əminəm ki, 50+1% nəticə ilə qalib gələcək, 2026-cı ildə növbəti parlament seçkiləri zamanı isə daha çox səs toplayacaq”, – deyə Simonyan bildirib.
Başqa bir sorğunun nəticələrinə görə, iqtidar partiyasının göstəriciləri bir qədər yüksəkdir, lakin fərq elə də böyük deyil
Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının reytinqinin aşağı düşdüyünü Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) də qeydə alıb. Sorğunun nəticələrinə görə, hazırkı baş nazirdən cəmi 16% vətəndaş razıdır.
“Əgər parlament seçkiləri bu bazar günü keçirilsəydi, hansı partiyaya və ya blokaya səs verərdiniz?” sualına cavab olaraq respondentlərin 20%-i hakim partiyanı dəstəkləyəcəyini bildirib.
Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasına səs verəcəyini bildirənlərin sayı 2% olub. Keçmiş prezident Robert Koçaryanın liderliyində olan Müxalif “Ermənistan” bloku da eyni göstərici ilə kifayətlənib.
Hakim partiyanın reytinqinin düşməsini son parlament seçkilərinin nəticələri də təsdiqləyir: 2018-ci ildə Paşinyanın partiyası təxminən 885 min səs toplamışdı. 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdə isə bu rəqəm 197 450 nəfər az olmuşdu.
Paşinyanın reytinqi düşür
Azərbaycanda xəbərlər