Paşinyanın paylaşımı Qarabağ müharibəsinin ikinci ildönümündə cəmiyyəti hiddətləndirib
Paşinyanın sosial şəbəkədə paylaşımı
İki il əvvəl, 2023-cü il sentyabrın 19-da Azərbaycan Qarabağda hərbi əməliyyata başladı. Əməliyyat bir gün davam etdi. Nəticədə Ermənistan tərəfindən 223 nəfər, o cümlədən 20 mülki şəxs həlak oldu, onlardan 6-sı azyaşlı idi.
Döyüşlərin başa çatmasından və 10 ay blokadada qalan ərazinin açılmasından sonra demək olar ki, bütün erməni əhalisi öz yurdunu tərk etdi. Təxminən 120 min nəfər Ermənistana köçdü.
Hökumət tərəfindən hərbi əməliyyatların ildönümü ilə bağlı rəsmi müraciət olmadı. Ermənistan XİN-i də səssiz qaldı. Halbuki iki il əvvəl qurum Azərbaycanın “etnik təmizləmə siyasəti” apardığı barədə bəyanat vermişdi.
Eyni zamanda, baş nazir Nikol Paşinyan səhər saatlarında “Facebook” səhifəsində iş gününün “gözəl başlanğıcı” ilə bağlı video paylaşdı. Bu, cəmiyyətdə böyük narazılıq doğurdu.
- Ermənistan yaşlı erməninin başını kəsmiş azərbaycanlının axtarışını dayandırdı. Niyə?
- Azərbaycandakı erməni məhbuslar: intihara cəhd iddiaları və humanitar monitorinq böhranı
- Paylaşılan Sülh Sazişinin mətni birmənalı qarşılanmayıb – Bakıdan fikirlər
“Sabah sənin xoşbəxt saatın gələcək” – Paşinyanın paylaşımı
Baş nazir “Facebook” səhifəsində iş gününün necə başladığını əks etdirən video yayımlayıb.
“Elvina Makaryanın mahnısı iş gününün gözəl başlanğıcıdır”, – o, videoya belə şərh yazıb.
Videoda tanınmış erməni müğənnisi Elvina Makaryanın “Qürub” adlı mahnısının həmin hissəsi səslənir: “Günəş, sən yenidən doğmalısan, sabah sənin xoşbəxt saatın gələcək”.
“Yada salın, bu gün hansı gündür” – Ermənistan sakinləri baş nazirə xatırlatdı
Paşinyanın hərbi əməliyyatların ildönümündə paylaşdığı videonun altında yüzlərlə istifadəçi narazılığını bildirib. Şərhlərdən bəziləri belədir:
“Nədən danışırsınız? Gözəl gün? 19.09.2023, yəqin ki, sizin üçün gözəldir”.
“Bu gün Artsax xalqının soyqırımının ikinci ildönümüdür. Anlamıram, məgər belə bir gündə bu mahnını sosial şəbəkədə paylaşmaq vacib idi? Bu, həlak olanlarımıza qarşı hörmətsizlik demək deyilmi?”
“Yada salın, bu gün hansı gündür, minlərlə insan matəmdədir”.
“İki il əvvəl məhz bu gün biz vətənimizi itirdik! Az da olsa, xəcalət çəkin”.
“Bəlkə bu gün bizə hansısa müraciətlə çıxış edərdiniz? Biz başa düşürük ki, Artsax haqqında danışmaq tabu mövzudur. Amma yüz mindən çox erməni evini tərk etməyə məcbur olub, bu qədər insan öldürülüb. Onlar haqqında heç olmasa bir kəlmə deyərdiniz”.
“O, Əliyevə məktub yazır [videoda Paşinyan kompüterdə nəsə yazır] və onu bu gözəl gün münasibətilə təbrik edir”.
“Onlar həlak oldular ki, biz xoşbəxt olaq”
Ötən həftə, sentyabrın 13-də hökumətin dəstəyi və dövlət büdcəsindən maliyyələşdirilən “Festivar” musiqi festivalı çərçivəsində Razdan şəhərində konsert keçirilib. Bu da ölkə əhalisinin bir çoxunda narazılıq yaradıb. Məsələ ondadır ki, 2022-ci il sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə daxil olmuşdu. Döyüşlər bir neçə istiqamətdə aparılmış, sentyabrın 14-dək davam edən hərbi əməliyyatlarda Ermənistan tərəfindən 224 nəfər həlak olmuş, təxminən 300 nəfər yaralanmışdı.
Bununla belə, hakim komanda həmin gün konsertin təşkilini qeyri-adi hal hesab etməyib.
“Həmvətənlərimiz bizim yaşamağımız üçün, xoşbəxt olmağımız üçün həlak olublar. Onlar Ermənistan Respublikasının dövlətçiliyi, xalqın rifahı, hamımızın, övladlarımızın xoşbəxtliyi naminə həyatlarını qurban veriblər. Vətəni müdafiə edərkən həlak olan hərbçilər indi göylərdə xoşbəxtdirlər, çünki onların fədakarlığı sayəsində bu gün övladları, yaxınları və həmvətənləri gülümsəyir, sevinir, oxuyur və rəqs edirlər”, – deyə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovanisyan bildirib.
Onun fikrincə, konsertin keçirilməsi heç bir halda onların qəhrəmanlığını kiçiltmir. Deputat həlak olanların yaxınlarını vəziyyətə başqa prizmadan baxmağa çağırıb:
“Konsert məhz onların [həlak olan hərbçilərin] sayəsində təşkil olunub. Biz daimi hüznlə onların bizə qoyub getdiklərini məhv etməməliyik”.
Paşinyanın sosial şəbəkədə paylaşımı