Paşinyana impiçment proseduru: Ermənistanda müxalifətin bu prosesi başlada bilmək ehtimalı müzakirə olunur
Paşinyana impiçment cəhdi
Ermənistanın parlament müxalifəti baş nazir Nikol Paşinyana impiçment elan olunması imkanını fəal şəkildə müzakirə edir.
Eks-prezident Serj Sarqsyanın liderlik etdiyi “Şərəfim var” fraksiyası baş nazir postuna öz namizədini irəli sürüb. Bu şəxs Respublikaçılar Partiyasının Şurasının üzvü, Masis şəhərinin meri David Ambarsumyan olub. Onun adı Ermənistan ictimaiyyəti üçün o qədər də tanış deyil. Digər eks-prezident Robert Koçaryanın liderlik etdiyi “Hayastan” (Ermənistan) fraksiyası isə proseduru dəstəkləməyə hazır olduqlarını və 28 deputatlarının imzasını verəcəklərini bildirib.
Bu prosesi başlatmaq üçün parlament üzvlərinin ən azı üçdə birinin razılığı lazımdır. Həmçinin baş nazir vəzifəsinə namizəd irəli sürülməsi də məcburidir. Baş nazirə etimadsızlıq prosedurunun başlaması üçün 36 deputatın imzası tələb olunur. Halbuki müxalifətin iki fraksiyasının ümumilikdə cəmi 34 deputatı var.
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının nümayəndələri bu prosesə qoşulmaq ehtimalını tamamilə istisna ediblər. Onlar bildiriblər ki, hakimiyyət dəyişikliyi üçün yeganə yol seçkilərdir. Hakim fraksiyadan çıxarılmış deputatlar Ovik Aqazaryan və Akop Aslanyan artıq “Şərəfim var” fraksiyasının təşəbbüsünə qoşulmayacaqlarını açıqlayıblar. Müstəqil deputatlar — “Hayastan” fraksiyasından çıxmış Qeqam Nazaryan və “Şərəfim var” fraksiyasını tərk etmiş İşxan Zakaryan isə hələlik mövqelərini bildirməyiblər.
Vacib məqam ondan ibarətdir ki, 36 deputat yalnız impiçment prosedurunun başlanmasını təşəbbüs edə bilər. Lakin bu qərarın qəbul olunması üçün 107 deputatdan azı 54-ü onun lehinə səs verməlidir. Bu isə hakim partiyanın deputatlarının dəstəyi olmadan mümkün deyil. Buna baxmayaraq, “Şərəfim var” fraksiyası hesab edir ki, baş naziri vəzifədən kənarlaşdırmağın “ən real aləti” məhz impiçment prosedurudur.
Bütün detalları, eləcə də siyasətçilərin və politoloqların şərhlərini təqdim edirik.
- “Tərəfdaşsız tanqo”: Azərbaycan niyə Ermənistanla sülh müqaviləsi imzalamır?
- Kompromatla şantaj, yoxsa katolikos üçün “mesaj”? Paşinyanın sosial şəbəkə paylaşımları haqqında
- “Müharibə olmayacaq, sülh olacaq” – Paşinyanın Ermənistan parlamentində digər bəyanatları
İmpiçment məsələsi gündəmə necə gəldi: ilk uğursuz cəhd
Ermənistanda baş nazirə etimadsızlıq məsələsi aprelin sonlarından etibarən yenidən fəal şəkildə müzakirə olunmağa başlayıb. “Biz ayığıq” hərəkatının üzvləri Narek Malyan və Edqar Qazaryan parlamentin 107 deputatının hər birinə məktub göndəriblər. Məktubda hakimiyyət dəyişikliyi üçün yeganə mümkün yolun impiçment proseduru olduğu bildirilirdi. Hərəkat deputatlar tərəfindən baş nazir postuna irəli sürüləcək istənilən namizədi “heç bir şərt qoymadan” dəstəkləyəcəklərini vəd edib.
Hakim fraksiya məktuba heç bir reaksiya vermədi. Yalnız deputat Arsen Torosyan məktubu cıraraq bunu videoya çəkdi və sosial şəbəkələrdə paylaşdı. Müxalif “Şərəfim var” fraksiyası isə cavab olaraq bildirdi ki, hələlik baş nazir vəzifəsinə namizədləri yoxdur. Lakin onlar “heç bir ilkin şərt qoymadan baş nazir postuna namizədliyini müzakirə etməyə və impiçment prosesinə başlamağa hazır olduqlarını” bəyan etdilər. “Hayastan” fraksiyası isə prosesə öz 28 deputatının qoşulması üçün ilkin şərt irəli sürdü. Bu şərt belə idi: “Əgər təşəbbüskarlar çatışmayan 8 deputatın imzasını təmin edə bilsələr və həmçinin prosesin uğurlu nəticələnməsi üçün lazım olan kütləvi xalq iştirakını təmin etməyə qadir olduqlarını və buna görə məsuliyyət daşıdıqlarını açıq şəkildə bəyan etsələr.”
Daha sonra impiçment məsələsini hakim fraksiyadan çıxarılmış deputatlar Ovik Aqazaryan və Akop Aslanyan gündəmə gətirdilər. Onlar baş nazir vəzifəsinə namizəd kimi Nikol Paşinyanın keçmiş silahdaşı, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyanı irəli sürdülər. Lakin impiçment proseduru başlamadı, çünki parlament müxalifəti onun namizədliyini dəstəkləmədi.
Namizədi “ilkin şərtsiz” müzakirə etməyə hazır olduqlarını bəyan edən “Şərəfim var” fraksiyası Edmon Marukyanı “Nikol Paşinyan-2” adlandırdı.
Bundan əlavə, fraksiya bəyan etdi ki, “Marukyanın siyasi kursu hazırkı hakimiyyətdən heç nə ilə fərqlənmir və o da ölkədəki ağır vəziyyətə görə eyni dərəcədə məsuliyyət daşıyır.”
“Serj Sarkisyan bu gün impiçment prosesini batırdı”, — deyə Edmon Marukyan cavabında bildirib.
David Ambarsumyanın namizədliyinə gəlincə, Marukyan onun irəli sürülməsini “Nikol Paşinyanın mövqelərini gücləndirən bir hədiyyə” adlandırıb.
“Müxalifət meydanı birləşmir, nə ‘keçmişləri’, nə də ‘indikiləri’ birlikdə rədd etmir. Onlar bir-birinə top ötürürlər. Ermənistan xalqına göstərirlər ki, alternativ budur, belə bir namizəd. Digər alternativ isə Serj Sarqsyan və ya Robert Koçaryandır. Nikol Paşinyanın istədiyi də məhz budur, onları bir daha məğlub etmək. Bu proqramı ‘Nikol Paşinyan ətrafında birləşmə’ adlandırmaq olar.”
“İndi baş naziri kənarlaşdırmaq üçün ən əlverişli məqamdır”
“Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamikonyan bildirib ki, baş naziri vəzifədən kənarlaşdırmaq üçün hazırda ən uyğun vaxtdır, çünki Paşinyanın reytinqi xeyli azalıb. Bundan əlavə, o hesab edir ki, impiçment prosesi Paşinyanın təsir edə bilməyəcəyi yeganə prosesdir:
“Bu və minlərlə başqa səbəbə görə baş nazirə etimadsızlıq ifadə etmə mexanizmini hazırda ən real və ən mümkün vasitə hesab edirik.”
Mamicanyanın sözlərinə görə, əvvəllər onlar bu məqsədə çatmaq üçün daha düzgün yolun küçə mübarizəsi olduğunu düşünürdülər. Amma indi taktikanı dəyişməyə qərar veriblər. Hesab edirlər ki, “impiçment prosesi genişmiqyaslı küçə konsolidasiyası üçün bir tətiklənmə ola bilər.”
“Əminik ki, impiçment prosesi uğursuzluqla nəticələnəcək.”
Ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan jurnalistlərə bildirib ki, “Şərəfim var” fraksiyasının başladığı proses hakim çoxluğu narahat etmir:
“Əminik ki, impiçment prosesi uğursuzluqla nəticələnəcək. 2026-cı il parlament seçkilərinə sakit şəkildə hazırlaşırıq. İnanırıq ki, səs çoxluğu ilə qalib gələcəyik, 50+1% nəticəyə nail olacağıq.”
Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə seçkilərin fərqli nəticələr göstərdiyinə dair irada cavab olaraq Xudatyan jurnalistlərə belə deyib:
“Ora yerli özünüidarəetmə orqanlarına seçkilər idi. Və nəticələr partiyalarla deyil, şəxslərlə bağlı idi. Əminəm ki, siz də düşünmürsünüz ki, 2026-cı il seçkilərində Ermənistanın Kommunist Partiyası Gümrüdəki kimi 20 və ya daha çox faiz səs ala bilər.”
Şərhlər
Politoloq Robert Gevondyan hesab edir ki, bu prosesi başlayaraq müxalifət 2026-cı il seçkiləri öncəsi əsas oyunçuya çevrilməyi qarşısına məqsəd qoyub.
David Ambarsumyanın baş nazirliyə namizədliyinin irəli sürülməsini şərh edərkən o bildirib ki, bu addımla hər şey başa çatır:
“Məqsədə çatılıb. Daha artığı üçün heç kimin resursu yoxdur. Proses baş tutdu, öz məqsədinə xidmət etdi, bitdi. Sonra, bəlkə də, hansısa başqa addımlar atmağa cəhd ediləcək. Amma bu sadəcə göz boyamaq kimi bir şey olacaq.”
Gevondyan hesab etmir ki, Paşinyana etimadsızlıq proseduru parlamentdə həqiqətən də başlaya bilər. Eyni zamanda qeyd edir ki, impiçment prosesi hakimiyyəti narahat etmir:
“7 iyun 2026-cı ilədək [parlament seçkilərinin keçirilmə tarixi] hər hansı fövqəladə vəziyyət olmasa, hansısa ciddi dəyişikliyin baş verməsi mümkünsüzdür.”
Politoloq Suren Surenyants isə əmindir ki, impiçment təşəbbüslərinin heç biri prosedurun başlanması üçün lazım olan 36 imzanı toplaya bilməyəcək.
Onun sözlərinə görə, hakim partiyadan kənarlaşdırılmış Ovik Aqazaryan və Akop Aslanyan müxalifət fraksiyalarının təşəbbüslərinə qoşulmaq imkanını əvvəlcədən istisna ediblər. Bununla da “öz inteqrasiya potensiallarını məhdudlaşdırıblar.”
“Məntiqi olaraq gözlənilirdi ki, Aqazaryan-Aslanyan duetinin təşəbbüsü hər iki müxalifət fraksiyası tərəfindən ‘bloklanacaq”, — deyə o, Edmon Marukyanın namizədliyinə münasibət bildirib.
O həmçinin əmindir ki, hakim partiyanın heç bir üzvü David Ambarsumyanın namizədliyini dəstəkləməyəcək.
Surenyantsa görə, vəziyyəti yalnız küçə mübarizəsi — ümumxalq hərəkatı dəyişə bilər.
Belə bir hərəkatın formalaşması üçün isə alternativ siyasi proqramın vacibliyini vurğulayır. Onun fikrincə, bu komponent olduqda yalnız 36 imza yox, həm də Paşinyanın impiçmenti üçün lazım olan 54 deputat səsi də təmin edilə bilər.
Müxalif qüvvələr 2020-ci ildən bəri küçə mübarizəsi vasitəsilə Nikol Paşinyanı istefaya getməyə məcbur etməyə cəhd göstəriblər. Belə ilk dalğa 44 günlük Qarabağ müharibəsindən dərhal sonra başlamışdı. Bu cəhdlərin sonuncusu isə keçən il Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına qarşı keçirilən hərəkat olub. Həmin hərəkata arxiyepiskop Bağrat Qalstanyan rəhbərlik edirdi. “Müqəddəs mübarizə” adlandırılan bu hərəkata xalq dəstək vermədi və nəticədə o, tədricən söndü.
Paşinyana impiçment cəhdi
Azərbaycanda xəbərlər