Paşinyan hökuməti "Həqiqi Ermənistan" konsepsiyasını irəli sürür: cəmiyyətdə reaksiyalar
“Həqiqi Ermənistan” ideyasının təbliği
Nikol Paşinyanın hökuməti insanların şüurunda “tarixi Ermənistandan real Ermənistana keçidi” nəzərdə tutan “Həqiqi Ermənistan” konsepsiyasını irəli sürür. Artıq bununla bağlı qanun layihəsi hazırlanaraq e-draft.am elektron platformasında dərc olunub. Bu platformada bütün hüquqi aktlar ictimai müzakirə üçün yerləşdirilir.
Rəsmi izahatda “tarixi Ermənistan” anlayışının konkret nəyə aid olduğu açıqlanmayıb. Ehtimal olunur ki, söhbət insanların şüurunda qonşu ölkələrin tarixi olaraq Ermənistana aid edilmiş ərazilərinə iddialardan imtina etməkdən gedir. Xüsusilə, “Qərbi Ermənistan” adlandırılan Türkiyə əraziləri – Van, Ərzurum, Sasun, Muş nəzərdə tutula bilər. Bunlar vaxtilə Osmanlı imperiyasının tərkibinə keçmiş erməni torpaqlarıdır.
Lakin cəmiyyətdə hesab edirlər ki, tarixi Ermənistandan imtina narrativi əsassızdır, çünki insanların şüurunda torpaqların geri qaytarılması tələbi yoxdur. Bu istiqamətdə çıxış edən siyasi partiyalar, hərəkatlar və ya təşkilatlar da mövcud deyil. Buna görə də Ermənistan cəmiyyətinin bir hissəsi bu narrativi “öz tarixindən imtina cəhdi”, digər hissəsi isə “Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addım” kimi qiymətləndirir.
Layihə qəbul olunacağı təqdirdə, dövlət “Həqiqi Ermənistan” ideyalarını təbliğ edən tamaşaların, ədəbi əsərlərin və digər bədii məhsulların, həmçinin konsertlərin təşkilini təşviq edə biləcək. Hökumət tərəfindən maliyyə yardımı qrant proqramları vasitəsilə də təqdim ediləcək.
Dövlətin təşviq edəcəyi ideyaların siyahısında ilk sırada “sülh” dayanır. Layihədə qeyd olunur ki, sülh diskursuna, ehtimal ki, azərbaycanlı mədəniyyət xadimləri ilə birgə proqramlar da daxil edilməlidir. Burada, məsələn, birgə festivalların və film istehsalının təşkili nəzərdə tutulur.
“Dövlət tərəfindən maliyyələşdirilən proqramlar müharibə və qisas təbliğatını istisna etməli, regionda [sülh şəraitində] birgəyaşayış mühitinin formalaşmasına və təşviqinə yönəlməlidir”, — deyə qanun layihəsində göstərilir.
Lakin mədəniyyət xadimləri Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən təklif edilən bu qanun layihəsini “senzura cəhdi” kimi qiymətləndirdilər. Baş nazir Nikol Paşinyan isə bu gün keçirilən brifinqdə ittihamı təkzib edib.
“Biz heç nəyi nəzarət altına almaq niyyətində deyilik. Ermənistan demokratik dövlət olub, var və olacaq. Və bu dövlətdə hər kəs öz fikirlərini, rəylərini ifadə etmək imkanına sahib olacaq”, — deyə o bəyan edib.
Keçən həftənin sonunda baş nazir Byurakan kəndinə səfər edib. Burada o, “Oqrad” tamaşasının premyerasında iştirak edib. Tamaşadan sonra Paşinyan aktyorlara “Həqiqi Ermənistan” konsepsiyasını təqdim edib. O, bugünkü reallıqla paralellər apararaq bildirib ki, “hasarı sökmək [tamaşada olduğu kimi] yox, inşa etmək lazımdır”. Aktyorlara “Kirança gedib baxmağı, orada necə hasar qurulduğunu və Ermənistanın necə inşa edildiyini görməyi” tövsiyə edib. O, bununla Tovuz vilayətində yerləşən və Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası aparılan kəndi nəzərdə tutub. Baş nazirin çıxışının videosu şəbəkələrdə yayıldıqdan sonra bir çox mədəniyyət xadimi onu yolverilməz müdaxilə və senzura cəhdi ilə ittiham edib.
- “Ermənistan və Bakı arasında sülh mümkündür, amma zəmanət verilmir” – Tomas de Vaal
- “Sülh müqaviləsi Bakının “Qərbi Azərbaycan” tezisindən imtinasını nəzərdə tutur”: Yerevandan rəy
- “KTMT üçün Azərbaycan həmişə Ermənistan qədər qardaş dövlət olub” – Paşinyan
Hökumətin dəstəkləyəcəyi ideyalar
“Həqiqi Ermənistan” konsepsiyasında Ermənistan “beynəlxalq səviyyədə tanınmış ərazisində mövcud olan siyasi və hüquqi məkan” kimi təqdim olunur.
Qanun layihəsinə görə, “Həqiqi Ermənistan estetikasının aşağıdakı ideyalar üzərində qurulması vacibdir”:
- sülh,
- vətən və dövlətin eyniləşdirilməsi,
- ədalət, azadlıq, rifah, təhlükəsizlik,
- ictimai məsuliyyət, təşəbbüskarlıq və iştirakçılıq,
- ictimai diskursda, incəsənət və mədəniyyətdə qapalı və ya tabu mövzuların olmaması,
- fasiləsiz (özünü)təhsil və yaradıcılıq fəaliyyəti,
- estetikanın beynəlmiləlləşməsi (yalnız səhnədə və incəsənət əsərlərində deyil, həm də şəhərsalmada özünü göstərməlidir).
“Bu ideyalar Ermənistanın inkişafına, dövlət maraqlarının həyata keçirilməsinə və dövlət daxilində şəxsin ləyaqətli, təhlükəsiz, rifahlı həyatına xidmət edir.
Dövlət siyasəti bu ideyaların vurğulanmasına və müxtəlif estetik formalarda yayılmasına yönəlməlidir”, — sənəddə qeyd olunur.
“Bu gün yaradılan mədəniyyətin sənədləşdirilməsinə ehtiyac var”
Jurnalistlər baş nazirdən soruşublar ki, məzmunu kim və necə nəzarətdə saxlayacaq, hansı meyarlarla qiymətləndiriləcək və bu, senzura cəhdi deyilmi.
Nikol Paşinyan senzura tətbiqi ilə bağlı ittihamların əsassız olduğunu bildirib, lakin məzmunun nəzarətinə dair konkret cavab verməyib. O, yalnız vurğulayıb ki, hökumətin hər hansı nəzarət niyyəti yoxdur:
“Biz istəyirik ki, bu gün Ermənistanda yaşayan insanların mədəniyyəti formalaşsın, inkişaf etsin və bizim mədəni həyatımızın bir hissəsinə çevrilsin. Özümüzə sual veririk: Ermənistanda yaşayan insanlar bu gün milli mədəniyyət yaradırmı? Onların gündəlik həyatı ilə bağlı nümunələr formalaşdırılırmı? Əgər yaradılırsa, onların arasında dəyərli nümunələr varmı?”
O, misal olaraq milli mətbəxi göstərib. Paşinyanın sözlərinə görə, hələ 2018-ci ildə o, kataloqlara daxil edilməmiş erməni yeməklərinin əlavə olunmasını, onların reseptlərinin hazırlanmasını və mədəni irsin bir hissəsi kimi qorunmasını tapşırıb. Baş nazir hesab edir ki, bu ehtiyac musiqi, rəqs və digər incəsənət sahələri üçün də keçərlidir:
“Bu ona görə vacibdir ki, gələcək nəsillər əlavə səy göstərməsin, vaxt itirməsin və bu nümunələri parça-parça toplamaq məcburiyyətində qalmasın. Həm də onların bir hissəsi ümumiyyətlə itirilməsin. Söhbət bu gün Ermənistanda yaradılan mədəniyyətin sənədləşdirilməsindən və gələcək nəsillərə ötürülməsindən gedir. Təbii ki, həmçinin bu mədəniyyətin bu gün səhnədə, rəsm qalereyalarında, muzeylərdə təqdim olunmasından və müvafiq mədəni məzmunun yaradılmasından da söhbət gedir.”
Şərhlər
Erməni mediası son günlər bu qanun layihəsini mədəniyyət xadimləri ilə müzakirə edərək onların mövqelərini öyrənməyə çalışıb. Əksəriyyət hökumətin ideyasını kəskin tənqid edib.
Publisist Tiqran Paskeviçyan deyib:
“Mən Türkmənistan prezidenti Saparmurat Niyazov Türkmənbaşının ‘Ruhnamə’ kitabını xatırladım. Əslində bu, direktivlər vasitəsilə türkmən xalqının həyat tərzini, kimliyini tənzimləmək cəhdi idi. Mən burada Nikol Paşinyanın əyləncə oyuncağına çevriləcək bir manifest görürəm.”
Sənədli film rejissoru Ovanes İşxanyan belə hesab edir:
“Əgər [adətən] senzura hansısa ideologiya ətrafında qurulurdusa, burada bir şəxsin ətrafında qurulub. Məsələn, sovet senzurasından danışsaq, o, sosializm, kommunizm ideologiyası üzərində idi. İndiki halda isə biz hamını özünə bənzətmək istəyən bir insanla üz-üzəyik.
Mətbuat konfransında o dedi ki, hökumət o özüdür. Bu halda isə deyir: “Estetika özüməm.” Və beləliklə, faktiki olaraq, sənətin həqiqi Ermənistana – bizim həqiqi Ermənistana aid olan nümunələri senzura edilməli, kənarlaşdırılmalı, sıxışdırılmalıdır”.
Kukla teatrının bədii rəhbəri Ruben Babayan isə layihəni dəstəkləyib:
“Qisas pis şeydir, zəiflərin xarakteridir. Fərdi şəxs istədiyini edə bilər, amma dövlət müharibə, qisas və zorakılıq təbliğatına himayədarlıq etməyə bilər. Düşünürəm ki, bu, tamamilə təbiidir”.
“Həqiqi Ermənistan” ideyasının təbliği