Gürcüstanın “İmedi” teleşirkətində Vasiko Odişvilinin hər bazar günü efirə çıxmalı olan “VasMedia” satirik şousu dünən yayımlanmadı.
“Liberal” və “Netqazeti” teleşirkətdəki mənbələrinə istinadən məlumat yayırlar ki, Odişvilinin verilişi senzuranın qurbanı olub və onun yayımını parlamentin sədri İrakli Kobaxidze haqqında zarafata görə dayandırıblar.
Verilişin prodüseri Qvantsa Qordeziani “Liberal”la söhbətində bu məlumatı təkzib edib. Onun sözlərinə görə, verilişinin formatının dəyişdirilmısi planlaşdırılıb və şou bu səbəbdən dayandırılıb.
Maraqlıdır ki, “İmedi”nin efirində oktyabrın 7-də verilişin anonsu yayımlanmışdı, müvafiq olaraq, bu verilişin “formatının dəyişdirilməsi” əvvəlcədən planlaşdırılmamışdı.
Verilişin müəllifinin özü jurnalistlərin zənglərinə cavab vermir.
Sentyabrın 30-da efirə çıxmış verilişdə Vasiko Odişvili parlamentin sədri İrakli Kobaxidze barədə zarafat edib. Odişvili Kobaxidzenin “Maestro” teleşirkıtinin “Milli hərəkat” tərəfindən idarə edilməsi haqqında bəyanatına şarj düzəltmişdi.
Verilişin bağlanması ilə əlaqədar bu gün brifinqdə parlamentin sədrinə sual verilib.
Kobaxidzenin sözlərinə əsasən, onda bu verilişin bağlanması haqqında məlumat yoxdur.
“Düşünmürəm ki, hansısa veriliş bağlansın, məndə verilişin bağlanması haqqında heç bir məlumat yoxdur”, – o deyib.