Beş deputatsız Azərbaycan parlamenti
Azərbaycan parlamentinə növbədənkənar seçkilərin keçirilməsindən düz bir il keçdi. Milli Məclisin altıncı tərkibi əvvəlkilərdən çox da fərqlənmir – deputat yerlərinin çoxu iqtidar partiyasına aiddir. Amma beş yer hələ də vakant qalır və həmin yerlərin taleyinin nə zaman həll olacağı bəlli deyil.
- “Xalq tələb etmir”: Ermənistan hakimiyyəti növbədənkənar seçkidən imtina edib
- “Rusiya Azərbaycan ərazilərinin 3 faizini işğal edib” – Bakıdan şərh
125 əvəzinə 120 deputat
Azərbaycan parlamentinə seçkilər ancaq majoritar sistem üzrə keçirilir. 2020-ci il 9 fevral seçkilərinin nəticələrinə əsasən, dörd seçki məntəqəsində qalib müəyyən edilməyib.
Mərkəzi Seçki Komissiyası Xətai 33 saylı birinci, Xətai 33 saylı üçüncü, 74 saylı Lənkəran və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələrini ləğv edib.
2020-ci il avqustun 4-də Azərbaycan parlamentinin ən yaşlı deputatı – 82 yaşlı Fəttah Heydərov vəfat edib.
Beləliklə, vakant deputat yerlərinin sayı beşə yüksəlib.
Təkrar seçkilər nə zamandır?
Azərbaycanın Seçki Məcəlləsinə əsasən, seçki nəticələri etibarsız sayıldığı zaman müvafiq dairələrdə təkrar seçkilər keçirilməlidir. Amma…
Seçki Məcəlləsində parlamentə təkrar seçkilərin keçirilməsi ilə bağlı müddət göstərilməməsi məsələnin qeyri-müəyyən müddətə uzanmasına gətirib çıxarıb. Qanunvericiliyə əsasən, təkrar seçkilərin keçirilməsi tarixini ölkə prezidenti təyin edir.
Araya pandemiya girib
Azərbaycan parlamentinə təkrar seçkilərin 2020-ci ilin may ayına təyin olunacağı göslənilirdi. Amma artıq martda bütün ölkədə koronavirus pandemiyasına görə sərt karantin elan olundu. Seçki yaddan çıxdı.
Bir çox ekspertlərin fikrincə, karantinin sonuna qədər beş seçki dairəsi üzrə təkrar seçkilərin keçirilməsi gündəliyə salınmayacaq. Seçkilərdə onlayn-səsvermə heç müzakirə mövzusu da olmayıb.
Hələlik bütün ölkədə karantin 2021-ci il martın sonuna qədər uzadılıb.
Hərbi vəziyyət və üç ay qaydası
Azərbaycanın Seçki Məcəlləsinin 7-1 maddəsində deyilir ki, ölkə ərazisinin ən azı 25 faizində hərbi və ya fövqəladə vəziyyət elan olunduğu zaman onun ləğvindən sonra üç ay müddətində seçki keçirilə bilməz.
Azərbaycanda digər ölkələrdən fərqli olaraq pandemiyaya görə fövqəladə vəziyyət elan olunmayıb.
Amma 2020-ci il sentyabrın 27-də ikinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar ölkədə hərbi vəziyyət elan olunub. Hərbi vəziyyət 2020-ci il dekabrın 7-də ləğv olunub.
Başqa sözlə, hərbi vəziyyət bitəndən sonra üç ay müddətdə – 2021-ci il martın 7-ə qədər Azərbaycanda seçki keçirilə bilməz.
Azərbaycanlılar öz parlamentlərini tanıyırlarmı?
JAMnews vətəndaşların öz parlamentlərinə nə dərəcədə bələd olduqlarını öyrənmək üçün Bakı sakinləri arasında kiçik sorğu keçirib. Onlara cəmi iki elementar sual verilib:
Parlamentdə neçə deputat yeri var və hazırda Milli Məclisin spikeri kimdir?
Qeyd edək ki, Azərbaycanın müstəqillik illərində ilk dəfə ötən il parlament spikeri kürsüsünə qadın seçilib – Sahibə Qafarova.
Bütün parlamentə bir müxalifətçi
Milli Məclisdə 11 siyasi partiya təmsil olunub. “Yeni Azərbaycan” iqtidar partiyası 70 deputatla təmsil olunub. Daha 38 deputat bitərəf kimi qeydiyyatdan keçib, amma praktiki olaraq həmişə iqtidar partiyasını dəstəkləyir. Qalan 10 partiyaya 12 deputat yeri deşer.
Milli Məclisdə yeganə hamı tərəfindən qəbul olunmuş müxalifətçi Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Erkin Qədirlidir.
“Rəsmi məlumata əsasən, bizim 29 nəfər namizədimizdən üçü öz dairələrində seçki nəticələrinə görə ikinci yeri tutub. Bircə Erkin Qədirli qalib olub. Bizim fikrimizcə, biz daha çox deputat yerinə sahib olmalı idik və hazırda bəzi dairələr üzrə nəticələr Avropa Məhkəməsində araşdırma mövzusudur.
Biz 2020-ci il 9 fevral növbədənkənar seçkilərinin demokratik standartlara, Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olmadığını hesab edən yerli və beynəlxalq müşahidəçilərin qənaətləri ilə razıyıq.
Biz o zaman qərara gəldik ki, parlamenti boykot etməyəcəyik və nümayəndəmiz Milli Məclisdə işləyəcək. Amma bir şərtlə: bir ildən sonra biz parlamentin işini ümumi dəyərləndirəcəyik. Tezliklə biz dəyərləndirməmizin nəticəsini açıqlayacağıq”, – Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov Facebook səhifəsində yazıb.