Parlamentə keçən yeganə azərbaycanlı müxalifətçi tənqid hədəfinə çevrilib
Paylaşmaq
Paylaşmaq
Müxalif “Respublikaçı Alternativ” Partiyasının idarə heyətinin üzvü Erkin Qədirli parlamentə keçən yeganə müxalifətçi olandan sonra tənqid hədəfinə çevrilib. Çoxları hesab edir ki, Qədirli mantdatdan imtina etməlidir, çünki seçkilər ədalətsiz keçirilib. Amma o özü bu niyyətdə deyil.
Azərbaycanda növbədənkənar seçkilər fevralın 9-da baş tutub. Milli Məclisdə yerlərin çoxunu yenə də “Yeni Azərbaycan” iqtidar partiyası qazanıb. Müstəqil yerli və beynəlxalq müşahidəçilərin, o cümlədən də AŞPA və ATƏT-in fikrincə, seçkilər qeyri-demokratik şəraitdə, çox sayda kobud pozuntular və saxtakarlıqların müşayiəti ilə keçirilib.
Bir çox müxalifətçilər, müstəqil namizədlər, fəallar və sadəcə sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, bu şəraitdə Erkin Qədirlinin öz qələbəsini qəbul etməsi bir növ hakimiyyətlə sövdələşmə, hətta ümumilikdə müxalifətçilik adına və tərəfdarlarına qarşı xəyanətdir. Qədirlinin qalibiyyətinin hansısa məqsədlə hakimiyyət tərəfindən təşkil olunduğunu düşünənlər də az deyil.
Sosial şəbəkələrdə yazılan şərhlərdən nümunələr:
“Erkin hakimiyyətə lazımdır. Buna görə də ona imkan veriblər ki, parlamentə keçsin”;
“O, parlamentə getməməlidir, sadəcə ona görə ki, bu, hakimiyyətin sədəqəsidir”;
“Bu cür başa gələn mandatı qəbul etməklə həm Qədirli, həm də ReAl əslində kim olduqlarını gözəl nümayiş etdirdilər. Göstərdilər ki, onlar xalqa tüpürürlər, onları ancaq hakimiyyət maraqlandırır”.
Amma Qədirlinin tərəfini saxlayanlar və bu ittihamları sərsəmlik hesab edənlər də var:
“Erkin Qədirlidən mandatdan imtina etməsini tələb edənlər özlərini məntiqsiz aparırlar. Axı onlar guya çoxdan çalışırdılar ki, parlamentdə fəal müxalifət təmsil olunsun. Və budur, indi bircə nəfər müxalifətçi deputat olduğu zaman onlar nəyə görə isə bundan narazıdırlar”.
“Bu mənim şəxsi qələbəmdir”
“ReAl” partiyası qeydiyyatdan keçmədiyi üçün Erkin Qədirli parlament seçkilərinə müstəqil namizəd kimi qatılmışdı.
“Mən deputat mandatından imtina etməyəcəyəm. Bu mənim şəxsi qələbəmdir”, – o, az əvvəl keçirdiyi mətbuat konfransında bəyan edib.
Qədirlinin sözlərinə görə, onun dairəsində seçki pozuntusuz keçib. Bununla belə ReAl-çı bildirir ki, ona da, digər namizədlərə də əslində qazandıqlarından daha çox səs yazılıb. O, bunu seçki komissiyasının seçici fəallığının realda olduğundan daha yüksək olduğu görüntüsü yaratmaq istəyi ilə izah edib.
Həmçinin Qədirli əlavə edib ki, əgər artıq belə alınıbsa, o, öz seçiciləri ilə hakimiyyət arasında vasitəçi olmağa və öz seçicilərinin rifahı uğrunda bacardığı qədər çalışmağa hazırdır.
Foto: Erkin Qədirli mətbuat konfransında (Meydan.tv)