Pankisi sakinləri obyektiv araşdırma tələb edir
Pankisi dərəsinin sakinləri Gürcüstan hakimiyyətinə müraciət edərək, təhlükəsizlik qüvvələrinin dekabrın 26-da keçirdiyi xüsusi əməliyyatla bağlı narahatlıqlarını bildiriblər. Bu əməliyyat nəticəsində Pankisinin beş sakini həbs olunub, civil.ge xəbər verir.
Saxlanılanlardan biri 19 yaşlı Temirlan Maçalikaşvili xüsusi əməliyyat zamanı başından yara alıb və xəstəxanaya yerləşdirilib. Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib ki, hüquq mühafizəçiləri Maçalikaşvili əlindəki qumbaranı partlatmaq istədiyi zaman ona atəş açmağa məcbur olublar; Maçalikaşvilinin qohumları isə iddia edirlər ki, hüquq mühafizəçiləri onun otağına soxulanda o yatıbmış.
Pankisi dərəsinin Ağsaqqallar Şurası bu məsələ ilə bağlı Duisi kəndində fövqəladə iclas təşkil edib, şura və Pankisidə yerləşən ictimai təşkilatlar adından qısa bəyanat yayılıb. Bəyanatda deyilir ki, “biz, Pankisi dərəsinin sakinləri Pankisi dərəsində Gürcüstanın güc strukturları tərəfindən aparılan xüsusi əməliyyatla bağlı son zamanlar baş verən olayları diqqətlə izləyirik”.
“Yaranmış vəziyyətdə biz yekdil fikirdəyik – öz ölkəsində qayda-qanun yaratmaq hakimiyyətin səlahiyyətinə daxildir və bu nöqteyi-nəzərdən heç kim keçirilmiş tədbirlərə qarşı çıxmır. Amma bizim narazılığımız bir gəncin – Temirlan Maçalikaşvilinin ağır vəziyyətə düşməsi və xilasının sual altında olması ilə nəticələnən forma və metodlarla bağlıdır”, – Ağsaqqallar Şurasının bəyanatında deyilir.
Daha sonra yüzlərlə yerli sakin Pankisidə etiraz aksiyası keçirib. Aksiya iştirakçılarından biri – Murad Qoderdzişvili jurnalistlərə deyib ki, təhlükəsizlik qüvvələrinin Maçalikaşviliyə qarşı hərəkətləri “bütün Pankisi dərəsində qəzəbə səbəb olub”. O, həmçinin bəzi ekspertlərin Pankisini terrorla və cinayətkarlıqla assosiasiya etməsinə etirazını bildirib.
Qoderdzişvili “işin obyektiv araşdırılacağına və bu gəncə konkret atəş açan cinayətkarın mütləq cəzalanacağına” ümidini bildirib. “Əks halda indən belə qanun çərçivəsində nə edə biləcəyimizi nəzərdən keçirəcəyik”, o deyib.
• Hüquq mühafiəzçilərinin məlumatına görə, Pankisi dərəsində saxlanılan şəxslər Tbilisidə xüsusi əməliyyat nəticəsində məhv edilən Çatayev və silahdaşları ilə əlaqədə olublar. Məhz onlar terrorçuların Gürcüstan sərhədini keçməsinə, Tbilisidə kirayə mənzil tapıb, tutmasına və silah təchizatına kömək ediblər.
• Xatırladaq ki, 21-22 noyabrda Tbilisidə Keşiş Qabriel küçəsində keçirilən xüsusi əməliyyat nəticəsində üç nəfər məhv edilib, bir nəfər həbs olunub. Daha sonra DTX təsdiqləyib ki, ölənlərdən biri Ahmed Çatayevdir. O, İstanbul aeroportunda terror aktı törətməkdə ittiham olunurdu.