Özünü Ermənistanın hakim partiyasının üzvləri kimi təqdim edən kiberdələduzların fişinq hücumu
Ermənistanda fişinq hücumu
Naməlum şəxslər Ermənistan QHT-lərinə qarşı fişinq hücumu həyata keçirməyə cəhd ediblər. Hakim partiyanın ünvanına bənzər elektron poçt ünvanından məktublar göndərilib və bu məktublar guya “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndəsi adından yayılıb.
Politoloq Tiqran Qriqoryan bildirib ki, kiberdələduzların hədəfi yalnız vətəndaş cəmiyyəti nümayəndələri deyil, həm də Rusiyanın siyasətini tənqid edən analitik məqalələrin müəllifləri olub. Xüsusilə, onun rəhbərlik etdiyi Regional Demokratiya və Təhlükəsizlik Mərkəzi də hücuma məruz qalıb.
“O məktub o qədər qeyri-peşəkar şəkildə saxtalaşdırılmışdı ki, hətta mütəxəssis olmayan şəxs üçün də aydın idi ki, bu, saxta sənəddir və ya hibrid əməliyyat adlandırılan bir şeydir. Yəni bunu ya dələduzluq, ya da bu tip xarici müdaxilə cəhdi kimi qiymətləndirmək olardı”, – deyə o qeyd edib.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Artur Papyan bildirir ki, son bir ildə Ermənistanda bu cür hücumlar artıb. Onun sözlərinə görə, eyni metodlardan daha əvvəl Ukrayna və Moldovada da istifadə olunub.
Dərc olunma anına qədər məlum olanlar və ekspert rəyi.
- Ukraynadan sonra Rusiyanın növbəti hədəfi Mərkəzi Asiya və Cənubi Qafqazdır?
- Rəy: Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası Rusiya Federasiyasının maraqlarını təmsil edəcək
- Putin və Paşinyan arasında açıq mübahisə: statistika Ermənistan baş nazirinin sözlərini təsdiqləyir
Hakim partiyanın nümayəndəsi adından göndərilən məktub barədə
Saxta məktub bir çox şəxsə hakim partiyanın üzvü Mariya Karapetyanın adından göndərilib. Mümkün hücum barədə məlumat verən vətəndaş cəmiyyəti nümayəndələri qeyd ediblər ki,
- kiberdələduzlar civilcontact.am domenindən istifadə edib və saxta elektron poçt ünvanları yaradıblar,
- məktubun mətnində çoxsaylı qrammatik səhvlər olub,
- məktub erməni dilində yazılsa da, “Vətəndaş Müqaviləsi” partiyasının adı ingiliscə Civil Contract kimi göstərilib.
QHT nümayəndələri yalnız informasiya təhlükəsizliyi üzrə ekspertlərə deyil, həm də kibercinayətkarlıqla mübarizə polisi qurumuna müraciət ediblər. Artıq dələduzların yaratdığı civilcontact.am saytına giriş bağlanıb.
“Aydındır ki, bu, hibrid hücumdur”
“Bir qrup dələduz “Vətəndaş Müqaviləsi” partiyasının domeninə o qədər bənzər domen açıb ki, bu, insanları çaşdırırdı. Kiberdələduzlar həmin ünvandan elektron məktublar göndərərək müxtəlif şəxslərin məlumatlarını, elektron poçt ünvanlarını əldə etməyə çalışırlar”, – deyə hakim partiyanın üzvü Vaaqn Aleksanyan bildirib.
Onun sözlərinə görə, bu cür məktubları yalnız vətəndaş cəmiyyəti nümayəndələri deyil, bəzi partiya funksionerləri də alıblar.
“Anladığım qədərilə məqsəd məlumat toplamaq idi. Orada müxtəlif suallar var idi, bir növ Google formasına bənzəyirdi. O, sual formasında məktuba əlavə edilmişdi. Məktubu alan şəxs onu doldurmalı idi. Ola bilsin ki, bu yolla elektron poçt şifrələrinə çıxış əldə etməyə çalışıblar”, – deyə o izah edib.
Aleksanyan əmindir ki, parlament seçkiləri ərəfəsində bu cür hücumlar daha da tez-tez baş verəcək. Seçkilər iyunun 7-nə təyin olunub.
Bununla əlaqədar o, Yerevan küçələrində yayılan çap qəzetini üzə çıxaran araşdırmanı da xatırladıb. Araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, Amerika simvolikasına baxmayaraq, qəzet Rusiyada çap olunub.
“Eyni zamanda gözlərimizin qarşısında internetdə Sünikdə guya atışma baş verdiyi barədə dezinformasiya yayılırdı. Aydındır ki, hibrid hücumla üz-üzəyik”, – deyə hakim partiyanın üzvü qeyd edib.
Yerli televiziya kanallarından biri Yerevanın müxtəlif rayonlarında Wyoming Star adlı qəzetin nüsxələrini aşkar edib. Qəzet əsasən paytaxtın mərkəzində pulsuz paylanır. Erməni və ingilis dillərində dərc olunan 12 səhifəlik qəzetin redaktoru məlum deyil. Məqalələr imzasızdır. Qəzetdəki bütün materialları Ermənistanın hazırkı hakimiyyətini tənqid edən məzmun birləşdirir.
Jurnalistlər müəyyən ediblər ki, qəzet Rusiyada çap olunur və Ermənistana oradan gətirilir. Qəzetin son səhifəsində onun naşiri kimi fərdi sahibkar Şukuryan Vanik Volodyayeviç göstərilib. Lakin o, Ermənistanın Hüquqi Şəxslərin Dövlət Reyestrində qeydiyyatdan keçməyib. Şukuryanın özü jurnalistlərə bildirib ki, Wyoming Star qəzetinin sahibi və ya redaktoru ilə şəxsən tanış deyil. Onları onun “əməkdaşlıq etdiyi” şəxslər tanıyır.
Bundan əvvəl, martın 5-də bir neçə yerli nəşr, eləcə də müxalifət deputatları Sünik vilayətinin Qafan şəhərində sakinlərin atəş səsləri eşitdiyini bildirmişdi. Qafan Ermənistanın cənubunda yerləşir, lakin Ermənistan İran sərhədinə birbaşa yaxın deyil. Ermənistanın Müdafiə Nazirliyi bu məlumatları təkzib edib.
“Ermənistan ərazisində nə atışma, nə də partlayış qeydə alınıb. Bəzi dairələr manipulyativ başlıqlarla məqalələr yayaraq əhali arasında yolverilməz gərginlik yaratmağa çalışırlar”, – deyə nazirliyin mətbuat katibi Aram Torosyan vurğulayıb.
Şərh
İnformasiya təhlükəsizliyi üzrə ekspert Artur Papyan hesab edir:
“Ermənistanda böyük kiberhücumları ya azərbaycanlılar, ya da ruslar həyata keçirir. Onların Ermənistanı hədəf aldığını və rəqəmsal izlərin Ukrayna infrastrukturu ilə bağlı olduğunu görəndə əminliklə deyə bilərik ki, ruslarla üz-üzəyik.
Son fişinq hücumunun məqsədi vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrinin və dövlət məmurlarının Google hesablarına çıxış əldə etmək idi. Niyə? Çünki bir çoxları üçün Google hesabları telefon nömrələrinin ehtiyat (back up) nüsxələri, eləcə də WhatsApp ilə əlaqəlidir.
Hətta bütün rəsmi və ya iş yazışmaları başqa formatda aparılsa belə, bu ümumi fayllara çıxış böyük dəyər kəsb edə və mühüm kəşfiyyat məlumatı verə bilər.
Google hesablarına çıxış əldə etməyə cəhd geniş yayılmış üsullardan biridir. Rəqəmsal təhlükəsizlik səviyyəsini artırmaq və şübhəli mesajlara qarşı diqqətli olmaq lazımdır.
Xüsusilə Ermənistan-Avropa inteqrasiyası və demokratik dəyərlər kontekstində vacib və dəyərli məlumatlara sahib olan şəxslərin Google Advanced Protection xidmətindən istifadə etməsi çox arzuolunandır.
Məsələn, mənim başıma gələn hadisədə məktubda göstərilən keçidə daxil olmağa cəhd edəndə Google dərhal məni dayandırdı və bunun çox təhlükəli olduğunu bildirdi”.
Ermənistanda fişinq hücumu