Ötən gün həbs olunan Əli Kərimli azadlığa buraxılıb
Noyabrın 17-də saxlanılan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şura müxalif koalisiyasının keçmiş prezidentliyə namizədi Cəmil Həsənli və 50 nəfərə yaxın partiya üzvü artıq azadlıqdadır.
Onların hamısı “sanksiyalaşdırılmamış yürüşdə” iştirak etməkdə ittiham olunublar, Kərimli isə əlavə olaraq bu yürüşü təşkil etməkdə günahlandırılıb. Məhkəmə Kərimli də daxil olmaqla səkkiz nəfəri 235 dollardan 1450 dollara qədər cərimələyib. Yürüşün qalan iştirakçılarına inzibati xəbərdarlıq edilib.
• Azərbaycanda polis Respublika Günü münasibətilə təşkil olunmuş bayram yürüşünü dağıdıb
• 2017-ci il Azərbaycanda: birinci vitse-prezidentin gəlişi, jurnalistin oğurlanması və sairə
“Sanksiyalaşdırılmamış yürüş” deyəndə hakimiyyət Şəhidlər Xiyabanında məzarların üzərinə gül dəstələri qoymaq cəhdini nəzərdə tutur. Bu yürüş Milli Dirçəliş Gününün 30 illiyinə həsr olunub.
Nə baş verib?
Müxalif təşkilatların üzvləri noyabrın 17-də axşama doğru Şəhidlər Xiyabanına yollansalar da, polis tərəfindən yolları kəsilib. AXCP sədri Əli Kərimli və Demokratik Qüvvələrin Milli Şurasının lideri Cəmil Həsənli də daxil olmaqla 50-ə yaxın adam saxlanılıb.
AXCP üzvləri Səbail rayon məhkəməsinin qarşısına toplaşıb və yoldaşlarının azad olunmasını tələb ediblər. Həmin günün axşamı saxlanılanları tədricən buraxmağa başlayıblar.
Həmin axşam ən son azadlığa çıxanlardan biri Cəmil Həsənli olub. O danışıb ki, polisdə Kərimliyə və ona izahat yazmaq təklif olunub, amma hər ikisi vəkilsiz izahat yazmaqdan imtina edib.
“Dindirmə olmadı. Biz sadəcə oturmuşduq, polis əməkdaşları isə nə isə gözləyirdi”, – Həsənli danışıb.
Qanunsuz yürüş keçirmələri ilə bağlı ittihamın cavabında isə saxlanılanlar bildiriblər ki, bu, siyasi yürüş olmayıb, onlar bayramın şərəfinə həlak olmuş qəhrəmanların məzarları üzərinə gül qoymaq istəyiblər. Nəticədə gecəyə doğru Əli Kərimli və yeddi silahdaşından başqa saxlanılanların hamısını buraxıblar.
Saxlanılmanın nəticələri
Bütün gecə və səhəri gün Əli Kərimli və digər saxlanılanların harada olduğu və aqibətlərinin necə olacağı bəlli deyildi. Yalnız o məlum idi ki, onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi ilə (toplantı, mitinq, nümayiş, küçə yürüşü, piket təşkili və keçirilməsi qaydalarının təşkilatçı tərəfindən pozulması) ittiham irəli sürülüb. Noyabrın 19-da məhkəmə Əli Kərimlinin inzibati cərimə ilə cəzalandırılması haqda qərar çıxarıb və partiya sədri azadlığa buraxılıb.
Məhkəmə binası qarşısında Kərimlini yüzlərlə AXCP üzvü qarşılayıb.
“Mən sizləri ölkəmizin azadlığı üçün bizimlə birlikdə mübarizəyə başlayanların məzarlarına gül qoymağa dəvət etdim. Sağ olun ki, siz bu dəvətə qoşuldunuz. Amma hakimiyyət bundan qorxuya düşdü və bizi həbs etmək qərarına gəldi. Heç kimin vətəndaşlara qəhrəmanlarını anmağı qadağan etmək haqqı yoxdur, biz belə bir qadağanı tanımırıq və lazım bildiyimiz zaman Şəhidlər Xiyabanını ziyarət edəcəyik”, – Kərimli deyib.
Onun sözlərinə görə, məhkəmə yürüş iştirakçılarının saxlanılmasını həmin vaxt Şəhidlər Xiyabanını əcnəbi turistlərin ziyarət etməli olduğu ilə əsaslandırıb. Bu arqumenti müxalifətçi “ələ salma və səfehlik” adlandırıb.
Bu niyə baş verdi?
“Təəssüf, Azərbaycan müxalifəti elə vəziyyətə salınıb ki, öz mövcudluğunu xatırlatmaq üçün bayramlardan istifadə etməli olur”, – JAMnews-un siyasi şərhçisi Şahin Rzayev deyir. – “Mayın 28-də Birinci Azərbaycan Respublikasının elan olunmasının 100 illiyi qeyd edilən gün digər müxalif partiya Respublikaçı Alternativ yürüş keçirərək ADR banilərinin monumentinə gül qoydu. O zaman liderlərdən biri – Azər Qasımlı da həbs olunmuşdu və uydurulmuş ittihamla bir ay müddətinə azadlıqdan məhrum edilmişdi. Niyə hakimiyyət müxalif fəallara toplaşmaq üçün normal şərait yaratmasın ki? Amma görünür, onlar “cini şüşədən” buraxmaqdan və hərəkat üzərində nəzarəti itirməkdən qorxurlar”.