Onlar Hippokrat andını pozublar
Arevik Zohrabyan artıq həyat yoldaşının ölümündə günahkar olanların axtarışını dayandırıb, çünki 3 il sürən mübarizə heç bir nəticə vermədi. Hər gün o iki yetkinlik yaşına çatmayan oğlunun niyə ataları yanlarında deyil və indi haradadır – suallarına cavab axtarmağa məcburdur.
Bu, 2013-cü ilin yazında oldu. Arevikin həyat yoldaşı, 27 yaşlı Tsolak Mkrtçyanın sadəcə qarnı ağrıdı, dərmanlara qarşı allergiyası olduğu üçün o dərman qəbul etmədi. Tsolak “Masis tibb mərkəzi QSC-nə müraciət etdi və ona burada əzələ daxili “Papaverin dərman vasitəsini vurdular, bundan sonra da o evinə qayıtdı. Aravik danışır ki, gecə ağrılar yenidən başladı və əri yenidən xəstəxanaya qayıtmalı oldu.
“Mən onunla getməyi təklif etdim, amma o razı olmadı, dedi ki, tez gedib qayıdacaq. Və getdi… Mən elə hey telefonuna zəng etdim, o isə cavab vermirdi. Bütün gecəni gözlədim, səhər saat 6-da da mənim arxamca gəlib, dedilər ki, yoldaşım ölüb, – bunları danışan Aravik, sözünə davam edə bilməyib, susur.
“Masis tibb mərkəzinin cərrahiyyə şöbəsinin müdiri Qevork Qriqoryan Tsolakın damarına “Baralqetas dərmanı vurur, nəticədə də pasient anafilaktik şok keçirir. Məhkəmə ekspertizasının rəyinə görə, Tsolak Mkrtçyan “Baralqetas tipli (Baralqin) narkotik dərman preparatının inyeksiyası nəticəsində yaranan anafilaktik şokdan keçinib.
Arevik bildirir ki, hələ xəstəxanaya ilk gəlişində yoldaşı həkimi xəbərdar edib ki, dərmanlara qarşı allergiyası var, amma cinayət işi çərçivəsində həkim Qriqoryan Tsolakın ona bu haqda demədiyini qeyd edib.
Dərhal adrenalin (epiferin) inyekiyası etməklə və reanimasiya tədbirlərini görməklə insanı anafilaktik şokdan azad etmək olar. Tsolak Mkrtçyana adrenalini çox gec vurdular və bu, məhkəmə tibbi ekspertizanın rəyində qeyd edilib.
Ekspert komissiyalarının rəyləri bir-birini təkzib edir
Tsolak Mkrtçyanın ölüm səbəblərinin araşdırılması üçün Ermənistan Respublikasının baş allerqoloqu Spartak Qambarovun başçılığı ilə tibbi ekspert komissiyası yaradıldı.
Komissiyanın gəldiyi nəticəyə görə, adrenalin inyeksiyası vaxtında daxil edilsəydi anafilaktik şokun inkişafının qarşısını almaq olardı. Niyəsə istintaq orqanı bu rəyi əsas kimi götürmədi. Arevik Zohrabyan xatırlayır ki, müstəntiq artıq ilk görüşləri zamanı həkim haqqında dedi: “O adlı-sanlı həkimdir, ona heç nə edə bilməyəcəklər.
İlkin istintaq zamanı ikinci ekspertiza təyin olundu, bu dəfə anestezioloq İrina Malxasyanın başçılığı altında.
İkinci dəfə komissiya elə bir rəy verdi ki, onun əsasında işi dayandırmaq olardı: yəni adrenalinin gec vurulması ölümə səbəb olmadı, anafilaktik şok onsuz da inkişaf edəcəkdir.
Arevik Zohrabyanın şikayətindən sonra üçüncü komissiya yaradıldı ki, ona yenə də İrina Malxasyan başçılıq edirdi və bu komissiya da bundan əvvəlki rəyi təsdiqlədi. Arevik Zohrabyan bildirir ki, bu cür rəylər çıxarmaqla komissiya üzvləri öz həmkarlarının, həkim Qriqoryanın maraqlarını qorumağa çalışırlar. Tsolak Mkrtçyanın ölüm faktı ilə açılan cinayət işi nəticədə tibbi ekspert komissiyasının rəyi əsasında bağlandı.
Bizimlə söhbət zamanı İrina Malxasyan bildirdi ki, bu işi xatırlamır, onun vaxtı yoxdur və o hesab edir ki, əksər hallarda ölüm hadisəsi həkimin səhvlərinə görə baş vermir və jurnalistlər boş yerə səs-küy qaldırırlar.
Həkim Qevork Qriqoryanız özü jurnalistlərlə söhbətdən imtina etdi. O vəkillərin və jurnalistlərin qərəzli olduğunu bildirdi: “Nə qədər istəyirsiz, mənə çamur atın, – sonda həkim bildirdi.
Qevork Qriqoryanın xeyrinə ekspert rəyi verən komissiyanın üzvü, anestezioloq David Melkonyan da bildirdi ki, konkret olaraq bu hadisəni xatırlamır, amma hesab edir ki, Masis xəstəxanasında çoxlu sayda problemlər var, o cümlədən də o gecə-gündüz növbətçilik edən anestezioloqların olmamasını qeyd etdi.
Komissiyanın üzvü, həkim Davit Melkonyan hesab edir ki, həkimlər həmişə ictimaiyyətin diqqət mərkəzində olurlar: onlar 30 il səhvsiz işləyə və birdən bircə fakta görə müttəhimlər kürsüsündə əyləşə bilərlər. “Hər şeyi təfərrüatı ilə öyrənmək lazımdır, ola bilsin, hansısa şəxsi problemləri olub, bəlkə nəsə baş verib, – Melkonyan dedi.
Qanun həkim “həmrəyliyinə uduzur
Arevik Zohrabyanın maraqlarını müdafiə edən vəkil İnessa Petrosyan deyir ki, ilkin istintaq zamanı tutarlı sübut kimi ekspert həkimlərin rəyi nəzərdən keçirilir. İnessa Petrosyan bunu yolverilməz hesab edir: “Ekspert həkimlər həkim həmrəyliyindən çıxış edərək, öz həmkarlarına qarşı olan rəylər vermirlər. Vəkilin fikrincə, işi icraata götürən orqan həm də istintaq fəaliyyətini həyata keçirməlidir, misal üçün, telefon zənglərinin təhlilini.
Ermənistan Respublikası Cinayət Məcəlləsinin 130-u maddəsi həkim səhvini aşağıdakı kimi müəyyən edir: tibbi yardım və ya xidmətləri həyata keçirən şəxsələr tərəfindən peşəkar vəzifələrin yerinə yetirilməməsi və ya onların lazımi qaydada yerinə yetirilməməsi, hansının ki nəticəsində pasient ölür ya da onun həyatına ciddi zərər yetirilir.
Yuxarıda qeyd edilən maddə üzrə, polisin məlumatlarına görə, 2010-2014-cü illər ərzində 121 fakt qeydə alınıb, 22 iş məhkəməyə göndərilib, 54-ü bağlanıb, 2-si dayandırılıb, 43-ü ilkin istintaq mərhələsindədir.
Elə həmin dövr ərzində Ermənistan Respublikası Məhkəmə Departamentinin məlumatlarına görə, “tibbi yardım və ya xidmətləri həyata keçirən şəxsələr tərəfindən peşəkar vəzifələrin yerinə yetirilməməsi və ya onların lazımi qaydada yerinə yetirilməməsi, hansının ki nəticəsində pasient ölür ya da onun həyatına ciddi zərər yetirilir maddəsi ilə məhkəmədə 27 işə baxılıb və 32 həkimin taleyi həll olunub. Onlardan 28-nə qarşı azadlıqdan məhrum etmə cəzası tətbiq olunub, amma 19 həkim amnistiya ilə cəzadan azad edilib, qalan 8-nə qarşı isə məhkəmə şərti olaraq təyin edilmiş cəzanı tətbiq etməmək qərarını çıxararaq, Ermənistan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə müvafiq olaraq, sınaq dövrü təyin edib. Bir həkim bəraət alıb, digərinə qarşı açılan cinayət işi cinayət tərkibinin olmamasına görə dayandırılıb. İki həkim 100.00 dram (200 dollardan bir qədər çox) məbləğində cərimə olunub.
Hüquqşünas, beynəlxalq hüquq üzrə mütəxəssis Ara Kazaryan izah edir ki, hakimlərə cəzanın şərti tətbiq olunmaması haqqında qərar vermək imkanı verilib. Söhbət Cinayət Məcəlləsinin 70-ci maddəsindən gedir.
“Məhkəmə siyasətini adətən Kassasiya məhkəməsi presedentlərə əsaslanaraq, müəyyən edir. Amma heç də istisna deyil ki, məhkəmə siyasəti həm də telefonla, məhkəmələrə çatan daxili təlimatlar əsasında həll olunsun. 70-ci maddə bir tərəfdən humanist bir addımdır, amma digər tərəfdən də korrupsiya riski də istisna deyil, – Ara Kazaryan deyir.
Beləliklə, həkimlərin maraqları həm ilkin istintaq, həm də məhkəmə icraatı və ekspertiza vaxtı da müdafiə olunur. Həkim səhvinə görə yaxınlarını itirən adamlar isə bu müdafiəni vəkil və jurnalistlərdə tapmağa çalışırlar. Müxtəlif məhkəmə instansiyalarına şikayətlərini verəndən sonra onların ümidləri kəsilir, cəzasızlıqla barışıb, susurlar.
Yerevan xəstəxanalarından birinin reanimasiya şöbəsinin yanında 35 saniyə