“Ondan sonra nə olacaq, onu həyat göstərər” - İlham Əliyev Ermənistanla danışıqlar haqda
Əliyev Ermənistanla danışıqlar haqda
“Bizi heç kim qorxuda bilməz”, — Azərbaycan prezidenti İran ordusunun sərhəd zonasında keçirdiyi hərbi tlimlərə işarə edərək bildirib. Əliyev həmçinin Rusiya sülhməramlılarının Qarabağda olması məsələsinə də toxunub və qeyd edib ki, “sülhməramlılar müvəqqəti oradadır, qalma müddətləri qeyd olunub”. “Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”, — Əliyev Azərbaycan və Ermənistan arasında sülh danışıqlarındakı vəziyyət haqda deyib.
- “ABŞ birbaşa dialoq tərəfdarıdır”: Vaşinqtonda Bayramov-Mirzoyan danışıqları
- Bakıda retro-vaqonların sərgisi – fotoreportaj
- ABŞ səfirliyi Azərbaycan hökumətini vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırır
Azərbaycan prezidenti İlham Əliyev 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsində Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib və nitq səsləndirib.
“Bu, riyakarlıqdır, bu, satqınlıqdır”
Öz çıxışında Əliyev ölkənin adını çəkmədən İran məsələsinə toxunub və Azərbaycanın cənub qonusunun son əməllərini “riyakarlıq” adlandırıb:
“Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.
Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur.
Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var – bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik”, – deyə Azərbaycan prezidenti bildirib.
“Biz hazırlıqlı olmalıyıq və biz hazırıq”
İlham Əliyev qeyd edib ki, 2023-cü ildə Azərbaycanın dövlət büdcəsində hərbi xərclər rekord həddə çatıb və bu artımın səbəbini izah edib:
“Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır.
Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.
“Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər”
Azərbaycan prezidenti Qarabağın beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanındığı tezisini təkrar edib və Rusiya sülhməramlılarının bu regionda qalması müddəti ilə bağlı fikirlərini səsləndirib.
“İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi.
Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr – bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər,
Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”, – o vurğulayıb.
“Bizim səbrimiz tükənməz deyil”
“Biz, sadəcə olaraq, bütün beynəlxalq razılaşmalara həmişə hörmətlə yanaşırıq. Biz ədalətli insanlarıq və ədalətli ölkəyik. Əgər biz hansısa öhdəliyi öz üzərimizə götürmüşüksə, onu yerinə yetiririk. Biz 2020-ci ilin 10 noyabr Bəyanatında üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk, iki ildir ki, yerinə yetiririk.
Amma Ermənistan yerinə yetirir? Yox! İkinci Qarabağ müharibəsindən dərhal sonra, sadəcə olaraq, o qədər qorxu içində idi ki, təbii, o müddəaları yerinə yetirmişdir və bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında olan əraziləri bizə qaytarıldı. Əgər qaytarmasaydı, yenə də başlarını əzəcəkdik.
Amma ondan sonra? Ondan sonra yenə vaxt uzatmağa başladı. Mən bir daha demək istəyirəm, o öhdəlik hələ tam yerinə yetirilməyib. Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq”, – Əliyev Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi haqda danışarkən bildirib.
“13-14 sentyabr hadisələri elə-belə baş vermədi”
Azərbaycan prezidenti öz çıxışında 13-14 sentyabrda sərhəddə baş verən toqquşma və bu döyüşlər nəticəsində yaranmış reallıqlara da toxunub:
“13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik.
13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir.
Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün?
İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik.
Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır.
Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.
“Ondan sonra nə olacaq, onu həyat göstərər”
Əliyev öz çıxışında İran ordusunun Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə də eyham vurub.
“Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz”, – deyə o vurğulayıb.
“Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək.
Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”, – deyə Azərbaycan prezidenti əlavə edib.