Olimpiada-2018 Rusiya yığmasının iştirakı olmadan keçirilə bilər
Paylaşmaq
Paylaşmaq
Noyabrın 16-da Ümumdünya Anti-dopinq Agentliyinin (ÜADA) Təsisçilər Şurası Rusiyanın analoji təşkilatının (RUSADA) hüquqlarının bərpası ilə bağlı müraciətini rədd edib, BBC xəbər verir
ÜADA təsisçilərinin sözlərinə görə, bu qərar Rusiya idman məmurlarının hələ də ölkədə dövlətin dəstəyilə dopinq istifadəsi sisteminin mövcud olduğunu etiraf etməmələri ilə əlaqədar verilib.
ÜADA Təsisçilər Şurasının qərarı Rusiya yığmasının Cənubi Koreyada keçiriləcək 2018-ci il Olimpiya Oyunlarında iştirakını şübhə altına salır.
RUSADA-nın fəaliyyəti iki il əvvəl, ÜADA müstəqil komissiyasının Rusiyada dopinqlə bağlı ilk məruzəsindən dərhal sonra dayandırılıb. Bu məruzədə deyilirdi ki, Rusiyada hakimiyyət tərəfindən sanksiyalaşmış dopinq istifadəsi sistemi mövcuddur.
Daha sonra Rusiya Anti-dopinq Agentliyinin keçmiş rəhbəri Qriqori Rodçenkov ÜADA komissiyasının gəldiyi nəticələri təsdiqləmiş, London və Soçi Olimpiadalarında Rusiya idmançılarının dopinq istifadəsi ilə bağlı yeni təfərrüatlar açıqlamışdı.
2016-cı ilin mayında Rodçenkovun bəyan etdiyi faktların araşdırılması üçün Kanada idman hüquqşünası Riçard Maklarenin rəhbərliyi altında xüsusi qrup yaradıldı. Maklarenin hesabatının nəticələrinə əsasən, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının Rio-de-Janeyroda keçirilən Paralimpia-2016-da iştirakına icazə vermədi.
Rusiya Olimpiya Komitəsinin sədri Aleksandr Jukov hesab edir ki, ÜADA təsisçilərinin RUSADA-nın hüquqlarının bərpa edilməməsi haqda qərarı Rusiyanın “təmiz” idmançılarının Pxençxan Olimpiadasında iştirakına mane ola bilməz.
Rusiya yığmasının 2018-ci il Olimpiya Oyunlarında iştirakı haqda qərarı BOK qəbul edəcək. Daha əvvəl The New York Times qəzeti BOK rəhbərliyinin dopinq qalmaqalı ilə bağlı Rusiya üçün müxtəlif sanksiyaları gözdən keçirdiyi haqda yazmışdı. Amma mümkün variantlar arasında (milli himnin səsləndirilməsinə qadağa, Rusiya idmançılarının neytral bayraq altında, neytral formada çıxış etməsi) Rusiya yığmasının Olimpiadada iştirakdan tam kənarda qoyulması yox idi.