Nə şpal var, nə rels, nə də pul
Abxaziya mart ayında Rusiyadan 7 il əvvəl dəmir yolunun təmiri üçün götürülən krediti ödəməyə başlamalıdır.
Abxaziyanın bu ilki büdcəsində “dəmiryolu borcunu ödəmək üçün 263 milyon rubl [təxminən 3,700,000 dollar] nəzərdə tutulub. Ümumi kredit 2 milyard rubldur [təxminən 28,400,000 dollar] və onun alınması ilə bağlı tarixçə çox qalmaqallıdır.
2009-cu ildə Abxaziyanın o vaxtki prezidenti Serqey Baqapş Rusiyadan dəmir yolunun təmirinə kredit götürməyi təklif etdi, prezidentin sözlərinə görə kredit “çınqıl biznesi hesabına bağlanmalı idi, ictimaiyyət və müstəqil media belə addımın məqsədəuyğunluğunu şübhə altına qoydu.
Abxaz jurnalisti Anton Krivenyuk “Böyük abxaz fırıldağı: dəmiryolu – kredit – çınqıl (http://www.segodnia.ru/content/17639) adlı məqaləsində bu sazişi “böyük fırıldaq kimi xarakterizə etdi və abxaz məhkəməsi tərəfindən “Abxaziya prezidenti Serqey Baqapşa qarşı böhtan, şərəf və ləyaqətin alçaldılmasına görə iki il şərti cəza aldı.
Anton Krivenyukun məqaləsindən:
Abxaziya hakimiyyəti öz növbəsində bu pulları Abxaziyada dəmir yollarının bərpasını maliyyələşdirmək məqsədi ilə dövlət inhisarçısı olan Rusiya Dəmir Yollarına verir. Həmçinin Abxaziya Dəmir Yolları 10 il müddətinə RDY-nın tabeliyi altına keçir. Artıq bu sxem böyük sayda sual doğurur, amma bir az da qabağa gedək.
Bu sxemlə bağlı bütün suallar “Abxaziyanın dəmir yolları yenidən qurulmalıdır bəyanatından sonra doğur… [2008-ci ildə]. Rusiyanın dəmir yolları qoşunlarının komandanlığı bərpa işlərinin bitdiyinə və yolların tam hazır olduğuna dair hesabat verir. Onda belə çıxır ki, Abxaziyanın hər yerində dəmir yolları işlək vəziyyətdədir. Deməli, kreditin dəmir yollarının bərpası üçün lazım olması çox şübhəlidir.
“Krediti Rusiya tərəfi Abxaziyaya verir, abxaz tərəfi isə bu pulları RDY-na [Rusiya Dəmir Yollarına] köçürür. Nəticədə kredit faktiki olaraq Abxaziyanın boynundadır, amma təmir işlərinin aparılmasına görə pulu RDY alır… Kreditin məbləği təxminən respublikanın illik büdcəsinə bərabərdir.
“Faktiki olaraq, Rusiya hökuməti Rusiya inhisarçısına kredit verir, kreditin ödənməsi öhdəliklərini isə öz üzərinə Abxaziya götürür. Abxaziya hökuməti böyük borc altına girdikdən sonra Abxaziya dəmir yollarını 10 il müddətinə RDY idarəçiliyinə verir. Belə saziş nəticəsində Abxaziya borcdan başqa nə əldə edəcəyi və əslində pulun kimin cibinə axacağı tamamilə anlaşılmaz qalır.
“Abxaziya rəhbərliyi bildirir ki, Rusiyaya olan kredit borcunu olimpiya tikintiləri üçün Rusiyaya ətalətli materialları ixrac edəcək biznes vasitə ilə ödəyəcək. Bunun reallıqda necə baş verəcəyini təsəvvür etmək çox çətindir. Özəl biznesin dövlətin, xüsusən də onun fəaliyyəti ilə bağlı olmayan borclarıyla nə əlaqəsi ola bilər? Bu, yük göndərənə nəqliyyat xərclərinin ödənilməsindən başqa, ona yükün göndərildiyi yolun tikinti xərclərini ödəməyi təklif etməyə bənzəyir… Bəlkə ətalətli materialların ixracı büdcəyə vergi şəklində gəlir gətirəcək? Yox, gətirməyəcək. Abxaziyada qüvvədə olan qanunvericiliyə görə, Abxaziya iqtisadiyyatına istənilən maddi aktivlər şəklində həcmi 250 min dollardan çox yatırımlar edən xarici şirkətlər üçün vergi güzəştləri rejimi işləməyə başlayır. Məbləği 1 milyon dollardan çox yatırım edilən zaman şirkət üç il müddətinə demək olar ki, bütün vergilərdən azad olunur. Qısası, Soçidəki az qala bütün Olimpiya qabağı tikinti dövründə Abxaziyadan ətalətli materiallar daşıyan şirkətlər vergi ödəməyəcək. Olimpiadadan sonra isə Abxaz cınqılına tələbat demək olar ki, olmayacaq. Deməli, Abxaziyada bu qədər ümid bağlanan Olimpiya tikintisi dövlətə qəpik-quruş gətirəcək.
“Fırıldağın nəticələrini nəzərdən keçirək. Abxaziya 2 milyard dollar həcmində borc “yiyəsi olur. Özü də bütün pullar naməlum istiqamətə xərclənəcək, çünki kredit əvvəlcədən artıq bərpa olunmuş dəmir yolunun qondarma bərpası üçün götürülüb. Dəmir yolunun özü on il müddətinə RDY-nun tabeliyinə keçir. Dövlət isə nəticədə Olimpiada ərəfəsində coşqun iqtisadi fəaliyyət hesabına bir qəpik belə qazanmır… Abxaziya üçün çox böyük həcmdə, respublika hökumətinin iştirakı ilə pulların yuyulması sxemi göz qabağındadır.
2011-ci ildə Abxaziya parlamentindən Rusiya banklarından birinə (hansının ki vasitəsiylə kreditin verilməsi həyata keçirilirdi), kreditlə bağlı razılaşmanın guya ki, Xalq yığıncağı tərəfindən təsdiq edilməsi ilə bağlı saxta arayış daxil olanda (əslində isə bu sənədlər heç parlamentə baxılmaq üçün göndərilməmişdi də), kreditlə bağlı məsələ daha böyük qalmaqala səbəb oldu.
2012-ci ildə Abxaziyanın Baş Prokurorluğu parlament komissiyasının sorğusuna əsasən işin təfərrüatları ilə bağlı istintaqa başladı, amma “cinayət tərkibi tapa bilmədi. Halbuki hər şey göz qabağında idi. Daha sonra Abxaziyanın artıq keçmiş baş nazir müavini və maliyyə naziri Beslan Kubrava “prosedur xarakterli pozuntuların alınan kreditin iqtisadi əsaslandırılması kimi qiymətləndirməsinə bəraət qazandırırdı.
Amma kreditin verilməsi proseduru üzrə narazılıqlar hələ başlanğıcıydı. Əsl qalmaqala səbəb görülən işin keyfiyyəti oldu. “Rusiya dəmir yolları tərəfindən görülən təmir işlərinin təhvil-təslim aktı çoxlu sayda yarımçıq qalan işlərə görə artıq Aleksandr Ankvabın prezidentliyi dövründə elə də imzalanmamış qaldı.
Sonradan o Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşü zamanı sonuncudan Abxaziyanın bu borcunu, onun ödənilməsi ilə bağlı olan böyük problemlərə görə silməyi xahiş etdi. Putin bu barədə düşünəcəyinə söz verdi. Düşündü, sonra da borcu silmədi.
İndi artıq Abxaziyanın yeni prezidenti Raul Xadjimbanın analoji xahişindən sonra Rusiya prezidenti şifahi şəkildə borcu silməyə söz verdi. Amma hələ ki, bununla bağlı heç bir rəsmi sənəd üzə çıxmayıb.
- Hökumətlərarası danışıqlara əsasən, illik 2,5 faizlə verilən krediti Abxaziya 2019-cu ilə qədər ödəməlidir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 17.03.2016