Növbəti “Formula-1” yarışı ərəfəsində Bakıda hərəkət iflic olub
“Formula-1” və Bakıda tıxaclar
10-12 iyunda Bakıda “Formula-1” avtomobil yarışlarının növbəti mərhələsi keçiriləcək. “Azərbaycan Qran-Prisi” başlamazdan bir neçə gün əvvəl ölkə paytaxtında hərəkət demək olar tamam iflic olub. Sosial şəbəkələrin Azərbaycan seqmenti yerli sakinlərin Bakıda yerüstü nəqliyyatla hərəkətin mümkünsüzlüyü ilə bağlı şikayətlərilə dolub-daşır.
- Bakı bir neçə günlük futbola yoluxub – Fotoreportaj
- Bakılılar “Formula-1”-in təxirə düşməsinə sevinir
- “Formula-1” Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib
Şəhərin bütün mərkəzi küçələri bağlanıb, yarışlar məhz bu küçələrdə keçiriləcək, qalan küçələr isə avtomobil axınının öhdəsindən gələ bilmir.
“Azərbaycan Qran-Prisi” “Formula-1” yarışlarının iki mərhələsindən biridir ki, bilavasitə şəhərin küçələrində – adi avtomobil yollarında keçirilir. Digər bu cür mərhələ hər il əhalisinin sayı 3 min nəfərə çatmayan Monte-Karloda təşkil edilir. Çempionatın qalan bütün yarışları digər ölkələrdə yaşayış məntəqələrindən kənarda inşa edilmiş xüsusi yollarda keçirilir.
“Kral yarışlarının” Bakı mərhələsi artıq beşinci dəfə baş tutacaq. “Azərbaycan Qran-Prisi” 2017-ci ildən keçirilir. Yalnız 2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınıb.
“Azərbaycan Qran-Prisi”nin keçirilməsi ilə bağlı müqavilənin müddəti 2023-cü ildə bitir. Əgər Azərbaycan hakimiyyəti müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməsə, gələn il “Formula-1” yarışlarının sonuncu Bakı mərhələsi baş tutmalıdır.
Bakıda hərəkət iflic olub
6 iyun, bazar ertəsindən Bakı yollarının demək olar, hamısı tıxaclardan ibarətdir. Şəhərin əsas 15 magistralında hərəkət iflic olub. Səhər saatlarında əhalisi əsasən paytaxtda işləyən yaxın şəhərləri və ətraf qəsəbələri Bakı ilə birləşdirən yeganə yol tamam dayanıb.
Sosial şəbəkələrin Azərbaycan seqmentində Bakı sakinləri yarışların şəhərin mərkəzində keçirilməsi, nəqliyyatla və hətta piyada hərəkətin mümkünsüzlüyü ilə bağlı narazılıqlarını ifadə edirlər.
Bir neçə xarakterik şərhi təqdim edirik:
“Kimsə milyonlar qazanacaq, insanlar əzab çəkməlidir. Şəhərdə tıxac əlindən hərəkət etmək mümkün deyil”.
“O gün qul təfəkkürlü biri mənimlə xeyli mübahisə etdi ki, bəs “Formula-1” çox mötəbər yarışdır, ölkəmizə nəsə xeyri-filanı da varmış.
Mən insanlara, ölkəmin vətəndaşlarına sözün əsl mənasında zərərli, günlərlə onların əsəblərini tarıma çəkən, həyatdan bezdirən bir tədbiri heç cür mötəbər, faydalı hesab edə bilmərəm.
Ölkənin imici orada hansısa yarışın keçirilməsi ilə yox, həmin ölkənin vətəndaşlarının azad, rahat və firavan həyatı ilə formalaşır.
Qətər 10 dəfə futbol üzrə dünya çempionatı keçirsə də, yenə Qətərdir. “Formula-1” haqqında isə heç danışmağa dəyməz”.
“Dövlət öz vətəndaşlarının hüquqlarını pozmağa davam edir. Rentabelli olmayan yarışlara ölkə büdcəsini xərcləyirlər, insanıar tıxaclardan əziyyət çəkir. İnsanlar üçün bu cür əlavə problemlər yaradırlar ki, onlar əsas problemlərini unutsunlar”.
“Bakıda ailə planlaşdırırsızsa, çalışın uşağınız iyunda doğulmasın. Çünki elementar olaraq xəstəxanaya gedib çıxmayacaqsız, yolların 90 faizi sadəcə işləmir”.
“Formula-1” Qarabağda?
Müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri, iqtisadçı Natiq Cəfərlinin fikrincə, “Formula-1” yarışlarının Bakıdan Qarabağın şəhərlərindən birinə keçirilməsi daha rasional olardı.
“Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq – ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik.
Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin Formula-1 çiləsinə son verərdi.
Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı”, – Cəfərli Facebook səhifəsində yazıb.
DİN-in xəbərdarlığı
Bu arada Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib ki, bazar ertəsi, 6 iyun saat 01:00-dan Bakının “Formula-1” yarışlarının keçiriləcəyi küçə və prospektlərdə avtomobillərin hərəkəti dayandırılır.
Bu yollarda hərəkət çərşənbə günü, iyunun 14-də səhər saatlarından bərpa olunacaq.