Dekabrın 4-ü axşam “Günəşli yatağının 10-cu dəniz platformasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi platformaya xilasedici gəmilər göndərib. “İşçilərimizin təxliyə olunması üçün bütün səylər göstərilir. Onların hamısı təhlükəsiz zonadadır. Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıblar. Hündür (8-10 metr) dalğalar təxliyə prosesini çətinləşdirir. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur, – xilasetmə qərargahının rəsmi məlumatında deyilir. Bundan sonrakı informasiya təzadlıydı.
Axşam SOCAR Dövlət Neft Şirkəti bildirdi ki, işçilərin hamısı yanan platformadan uzaqlaşdırılıb. Amma sabahı gün səhər “Trend agentliyi xəbər verdi ki, hamı xilas edilib, amma evə çatdırılmayıb, çünki xilasedici gəmilərdədirlər (axşam isə “Trend özü özünü təkzib edərək platformadan 32 nəfərin xilas olması haqqında informasiya yaydı). Bu zaman “Turan agentliyi hələ dekabrın 4-ü axşam ölən və yarananların olması haqda xəbər verdi. Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı xilasedici qayıqlardan birinin partlaması nəticəsində ən azı 4 nəfərin öldüyünü bildirdi. Daha bir nəfər xilasedici gəmidə həlak olub. 32 nəfər haqqında heç bir məlumat yoxdu. Ola bilsin, onlar ölüb, daha 46 nəfər xilasedici qayıqlarda oturub. Mənbələr əvvəlcədən platformada neçə adamın olması ilə bağlı da fərqli məlumatlar verdilər. İqtidar yönlü mətbuat 43-dən 63-ə qədər müxtəlif rəqəmlər söylədi. Bəzi KİV-lər SOCAR-a istinadən hamının, digərləri isə yenə də SOCAR-a istinadən, yalnız 19 nəfərin xilas edildiyini bildirirlər. Şirkətin özü hələ səhər saatlarında özünün “Facebook səhifəsində 26 nəfərin xilas edildiyini yazdı, halbuki bundan əvvəlki axşam hamının xilas edildiyini bildirirdi. Bu zaman “Reuters agentliyi 32 nəfərin vəfat etdiyini bildirir. O xəbər verir ki, yanğına səbəb boru kəmərinin güclü tufana görə aradan qaldırılması mümkün olmayan ağır sınığı olub. Agentlik SOCAR-ın hələ də platformada olan işçilərindən birinə istinadən bildirir ki, platformada əvvəlcədən 84 nəfər var idi.