Necə ideal uşaq tərbiyə etmək olar?
İdeal uşaq tərbiyə etmək çox asandır. Bunun üçün mərhələli təlimata riayət etmək lazımdır. Beləliklə, başlayaq.
Bu da riayət olunmalı qaydalar:
1. Həmişə vaxtında yuxudan oyanın – yəni mümkün qədər tez və həmişə eyni vaxtda.
2. Dərhal yatağınızı toplayın.
3. Yataqdan duran kimi əl-üzünüzü yuyun, geyinin, çay için və idmanla məşğul olun. Qaçış da kifayət edər. Ən pis halda, adi idman hərəkətləri də etmək olar.
4. Səhər yeməyində faydalı ərzaqlardan istifadə edin: süd, yumurta, kəsmik sizin dostlarınızdır. Qəhvə və peçenye düşməninizdir.
5. İşə həmişə vaxtında gəlin. Yolda boş yerə vaxt itirməmək üçün audio kitab dinləyin.
6. İşdə boş söhbətlərlə fikrinizi yayındırmayın – axı bura söhbət etməyə gəlməmisiz. Bunu nahar fasiləsində də etmək olar.
7. İş yoldaşlarınız və rəhbərliklə həmişə nəzakət və hörmətlə davranın.
8. Hər gün soyuq su ilə yuyunun – onda sağlamlığınız möhkəm olacaq və işdən qalmayacaqsız.
9. Valideynlərinizə diqqət ayırmağı unutmayın – tez-tez onlara zəng edin və qonaq gedin.
10. Əşyalarınızı səliqə ilə düzün – dolabın qapısını açanda adamın başına heç nə tökülməməlidir. Paltarı səliqə ilə qatlayın. Corabları bükün.
11. Heç vaxt çirkli qab saxlamayın. Yeyən kimi yuyun. Axşamlar da zibil atmağı unutmayın, yoxsa evdə siçan və tarakanlar əmələ gələcək.
12. Həyatda heç nəyə nail olmayan adamlarla, əyyaşlar və tənbəllərlə deyil, uğurlu adamlarla dostluq edin.
13. Axşamlar sosial şəbəkələrdə oturmayın. Kitab oxumağa və vaxtında yatmağa çalışın ki, yaxşıca yuxunuzu alasız.
14. Həmişə düzünü danışın.
15. Bütün işlərinizi vaxtında görün, deadline-ı ötürməyin, heç nəyi sabaha saxlamayın.
Beləliklə, bütün bu qaydalara riayət edin (əlbəttə, buna uşaq anadan olana qədər başlamaq lazımdır), bu zaman övladınızın başqa yolu qalmayacaq. Onlar bu dünyaya gözlərini açıb sizi, onlar üçün ən vacib və ən yaxın insanları görəcək və sizin etdiklərinizi, yəni gördükləri yeganə davranış modelini təkrar edəcəklər! Daha bir şərt də var. Siz bu düzgün həyat tərzini sürərkən xoşbəxt olmalısız. Bədbəxt valideynlər uşağın əvvəl-axır hər şeyi əksinə edəcəyinə zəmanətdir.
Bu üsuldan xoşunuz gəlmirsə, başqalarını da təklif edə bilərəm. Misal üçün, ikinci üsul.
Bu siyahıdakı 15 bənddən hansılarını uşaqlarınızdan tələb edirsizsə, onları qeyd edin. Misal üçün, vaxtında yatıb-durmaq, yerini yığmaq və s. Sonra da özünüzün riayət etdiyiniz qaydaları qeyd edin. Misal üçün, mən heç vaxt faydalı səhər yeməyi yemədən evdən çıxmıram. İndi də hansı bəndlərin hər iki siyahıya düşdüyünə baxın. Onları vərəqdə yazın. Bax bunları siz uşaqlarınızdan tələb edə bilərsiz. Yerdə qalanları isə sadəcə unudun.
“Mən idmanla məşğul olmuram, amma sən məşğul ol, mənim səhvlərimi təkrar etmə – bu, işləmir. Yeganə tərbiyə üsulu şəxsi nümunədir. Yerdə qalan hər şey şeytan əməlidir, xüsusən də öyüd-nəsihət və cəzalandırma.
“Anam idmanla məşğul olur, buna görə də qəşəng, həm də şəndir, bütün günü hərəkətdə olsa da yorulmur, – bu, uşağın öz istəyindən başqa ümid edə biləcəyiniz yeganə arqumentdir.
Demək istədiyim o deyil ki, professor uşaqlarının hamısı professor, süpürgəçilərinki süpürgəçi olur. Amma kitablara, işlərin planlaşdırılmasına, yeməyə, fiziki aktivliyə münasibəti uşaqlar sizdən götürür. Nə qədər bəsit səslənsə də bu, mühüm prinsipi anlamağa və tətbiq etməyə kömək edir: özünüzün etmədiyini başqalarından tələb edə bilməzsiz.
Düzgün həyat tərzini ancaq göstərmək olar. “Beyninə doldurmaq, “yeritmək mümkün deyil.
Mən bunu hər gün axşam yeniyetmə qızımı yatmağa göndərəndə edirəm. İki yaşında onun əl-üzünü yuyub, yataq otağına apara bilirdim; indi isə 12 yaşı var və bunun üçün çox böyükdür. İndi gecə yarı olmadan yatmır. Çünki anası da gecə saat üçdən tez yatmır. Mən böyüyəm və heç kimin qarşısında hesabat verməli deyiləm, mənim “hamı yatandan sonra, heç kim fikrimi yayındırmayanda işləməyi xoşlayıram kimi bəhanələrim var. Uşaqların da ideal olmamaq üçün öz səbəbləri var.
Ola bilsin ki, biz özümüz uşağın “yenə ən son anda ayaqqabılarını təmizləməsini və ya “yenə zərərli yeməklər yeməsini” qəbul etməliyik.
Əgər bazar günü günortaya qədər yatmağı, iş günündən sonra da əlində çips və pivə ilə divanda uzanmağı sevirsizsə, qəbul edin. Yox, əgər düzgün həyat tərzinin tərəfdarısızsa mərhələli təlimata qayıtmaq mümkündür. Elə indidən başlaya bilərsiz!
Dərc olunub 15.12.2016