ABŞ Milli Demokratiya İnstitutunun (NDI) növbəti sorğusunun nəticələrinə görə, Gürcüstanda respondentlərin 72 faizi ölkənin AB-ə daxil olmasının tərəfdarı, 18 faizi isə əleyhdarıdır.
NDI-ın ötən ilin iyulunda dərc olunmuş sorğusuna görə, o zaman hazırda olduğu kimi AB üzvlüyünə 72 faiz respondent “hə”, 16 faiz isə “yox” demişdi.
Hakimiyyətdə olan partiyanın nümayəndələri hesab edirlər ki, AB-ə inteqrasiya ilə bağlı sorğunun nəticələri önəmlidir, çünki cəmiyyətin viza liberallaşmasından böyük gözləntiləri var.
NATO-a gəlincə, Alyansa daxil olmanın tərəfdarları azalıb. Hazırda NATO-a inteqrasiyanı 61 faiz respondent dəstəkləyir, 25 faiz isə rədd edir. Bundan əvvəlki sorğunun nəticələrinə görə isə 64 faiz respondent blokda üzvlüyün tərəfdarı, 22 faiz isə əleyhdarı idi.
Müxalifət nümayəndələri hakimiyyəti NATO-a inteqrasiya məsələsilə bağlı cəmiyyətlə kommunikasiyanı yaxşılaşdırmağa çağırıb.
NDI-ın sorğusu 2016-cı il noyabrın 4-dən dekabrın 4-ə qədər olan müddətdə mötəbər seçim əsasında birbaşa müsahibə metodu ilə aparılıb. Bütün Gürcüstan üzrə (İşğal edilmiş regionlar istisna olmaqla) ümumilikdə 3 141 nəfər sorğuda iştirak edib.