ABŞ Milli Demokratiya İnstitutunun (NDI) növbəti sorğusuna əsasən respondentlərin 40 faizi bildirib ki, onların nöqteyi-nəzərinə ən yaxın olan “Gürcü arzusu” hakim partiyasıdır. 22 faizin bildirdiyinə görə isə heç bir partiya onların baxışlarını ifadə etmir.
“Nöqteyi-nəzərinizə ən yaxın olan partiya hansıdır?” sualına sorğu iştirakçılarının 10 faizi “Milli hərəkat”, 3 faizi “Vətənpərvərlər alyansı”, daha 3 faizi isə “Azad demokratlar” cavabını verib.
Bundan başqa NDI-ın sorğusuna əsasən respondentlərin 33 faizi Gürcüstan parlamentində onları təmsil edən majoritar deputatın kim olduğunu bilmir.
“Sizin majoritar deputatınız kimdir?” sualına 8 oktyabr seçkilərində səs verən sorğu iştirakçılarının 65 faizi doğru, 8 faizi yanlış cavab verib, 25 faizi isə bilmədiyini bildirib. 1 faiz sualı cavablamaqdan imtina edib.
NDI-ın sorğusu 2016-cı il 4 noyabrdan 4 dekabra qədər olan müddətdə mötəbər seçim əsasında birbaşa müsahibələr metodu ilə aparılıb. Ümumilikdə bütün Gürcüstan üzrə (işğal olunmuş ərazilər istisna olmaqla) 3 141 nəfər sorğuda iştirak edib.