Oğurlanmış azərbaycanlı jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva və vəkil Arçil Çopikaşvili işin materialları ilə tanış olublar. Muxtarlının vəkili bildirir ki, Muxtarlını oğurlayan şəxslərin hərəkət trayektoriyasını qeydə ala biləcək video-kameralar işləmirmiş. Vəkil Arçil Çopikaşvilinin sözlərinə görə, bütün bu video-kameralar Gürcüstan Daxili İşlər Nazirliyinin nəzarətindədir və onların heç birində heç bir görüntü yoxdur.
Çopikaşvili cinayətinin üstünün açılmayacağından ehtiyat edir.
“Video-görüntü yoxdur, bu da ondan xəbər verir ki, bizim ilk gəldiyimiz qənaət öz qüvvəsində qalır. Yəni araşdırma sadəcə “araşdırma aparırıq” deyə bilmək üçün aparılıb. Videomateriallar olmadan, Muxtarlının aparıldığı nəqliyyat vasitəsi müəyyən edilmədən həqiqəti üzə çıxarmaq mümkün deyil. Üstündən bir ay keçməsinə baxmayaraq, Əfqan Muxtarlının Barataşvili körpüsündən evinə doğru getdiyi nəqliyyat vasitəsi müəyyən edilməyib və bu istiqamətdə yeni heç nə yoxdur”, – Çopikaşvili bildirib.
“Praymtaym” nəşri iyunun 19-da bu işlə bağlı Gürcüstanın daxili işlər naziri Qriqori Mqebrişvili ilə danışıb. O, nazirlik əməkdaşlarının Əfqan Muxtarlının oğurlanmasında iştirakını istisna edib. O həmçinin bildirib ki, götürülmüş videokamera görüntülərində formalı polis əməkdaşları qeydə alınmayıb.
“Ümumilikdə siz necə düşünürsüz, hadisələrin ən mümkünsüz inkişafında belə formalı kriminal polis günün günorta çağı küçədən adamı oğurlayır və bunu heç kim görmür?! Belə bir versiya nəzəri cəhətdən belə mümkün deyil. Bununla yanaşı biz məhkəmə qərarına əsasən vəkilinin göstərdiyi kimi Əfqan Muxtarlının mümkün marşrutu üzərindəki bütün kameraların video-görüntülərinə əl qoymuşuq, çoxlu adam dindirmişik. əminliklə deyə bilərəm ki, göstərilmiş sahələrdə və ətraf ərazilərdə polis formalı adamlar ümumiyyətlə qeydə alınmayıb”, – Mqebriaşvili deyib.
Jurnalist Əfqan Muxtarlı Azərbaycandan Gürcüstana 2014-cü ildə hakimiyyətin təzyiqləri üzündən köçüb. Onun Avropa İnsan Haqları Məhkəməsinə bir neçə müraciəti kommunikasiya mərhələsindədir. Son zamanlar o, beynəlxalq təşkilat və KİV-lə – IWPR və Meydan TV – əməkdaşlıq edirdi.
Muxtarlı Tbilisidə 2017-ci il mayın 29-da yoxa çıxıb. Daha sonra məlum olub ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının əlindədir. Muxtarlının sözlərinə görə, Gürcüstanda yerli xüsusi xidmət orqanları əməkdaşları başına kisə keçirərək onu oğurlayıb və Azərbaycanın xüsusi xidmət orqanlarına təhvil verib. Azərbaycan məhkəməsi Muxtarlı haqqında 3 ay həbs qətimkan tədbiri qərarı çıxarıb, o, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. Muxtarlının sözlərinə görə, sərhəddə onun üzərinə 10 min avro qoyublar.