Naxçıvan Muxtar Respublikası başçısı mütləq oxunmalı kitabların siyahısı haqda sərəncam verib
Paylaşmaq
Paylaşmaq
Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Oxunması vacib kitabların siyahısı haqda” sərəncam imzalayıb. Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyi, milli kimlik hissini və dünya görüşünü formalaşdırmağa xidmət edəcək oxunması vacib kitabların siyahısı təsdiqlənib. Buna müvafiq olaraq təhsil müəssisələrinin və mədəniyyət qurumlarının kitabxanalarında xüsusi kitab köşələri yaradılmalıdır.
Siyahı 30 adda kitabdan ibarətdir və onların sırasına həm Azərbaycan müəlliflərinin əsərləri, həm də dünya klassik ədəbiyyatına aid nümunələr daxildir.
Siyahının ən başında ehtimal olunduğu kimi Azərbaycanın keçmiş prezidenti, Talıbovdan əvvəl Naxçıvana rəhbərlik etmiş Heydər Əliyevin əsəri yer alıb. Mütləq oxunmalı kitablar siyahısında bir nömrəli əsər “Ümummilli lider Heydər Əliyevin yeni, 2001-ci il, yeni era və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabıdır.
Siyahıya Nizami, Tusi, Sədi, Şəhriyar, bir neçə naxçıvanlı müəllif, həmçinin Drayzer, Heminquey, Mopassan, Cek London və digər klassiklər var.
Rus ədəbiyyatı sovet dövrünə aid sadəcə bir əsərlə təmsil olunub – Nikolay Ostrovskinin “Polad necə bərkidi” avtobioqrafik romanı ilə.
Talıbovun sərəncamı sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirə obyekti olub. Adları göstərilmədən bu şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq:
– Düzü, siyahıda göstərilmiş kitabların çoxu az-çox anlaşılandır, böyüklərə hörmət, ibrət, amma bəzi müddəalar siyahıya qətiyyən sığmır. Ya bu yumor üçündür, ya da heç fərqinə varmayıblar.
–Oy! Mən də siyahıya baxdım… orada həqiqətən maraqlı əsərlər sadalanıb! Mən doğrudan təəccüb içindəyəm.
– Gözəl təşəbbüsdür. Mən bu sərəncamı bütün Azərbaycana tətbiq edərdim. Bu kitabları oxumayanlar cərimələnsin! Bəlkə belə olsa bir neçə ildən sonra cəmiyyətimizdə müsbət dəyişikliklər oldu.
– Əla seçimdir – “Ulu öndərdən” sosialist realizminə qədər. Üstünə də bonus – aşağı sosial məsuliyyətli olsa da, vətənpərvərlik hissi yüksək olan qız haqqında hekayə! (Mopassanın “Toppuş” əsəri nəzərdə tutulur, orijinalda “Boule de Suif” – red.)
Vasif Talıbov sərt xasiyyəti ilə məşhurdur. Onun rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında avtoritar hakimiyyət qurulub, bütün müxalif partiyalar və media qadağan edilib, vətəndaş cəmiyyəti fəalları təqib olunur, internet klubların fəaliyyəti və xarici musiqinin yayımlanması məhdudlaşdırılıb.