Rusiyalı müxalif siyasətçi Navalnı Rusiyaya qayıdır, burada onu həbs təhlükəsi gözləyir
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı zəhərlənəndən və Almaniyada müalicə olunaraq həyatı xilas ediləndən sonra yanvarın 17-də Moskvaya qayıdacağını bildirib – Rusiyanın “Novaya qazeta” nəşri məlumatı yayıb.
“Qarşımda “qayıtmaq və ya qayıtmamaq” məsələsi heç vaxt durmayıb. Sadəcə ona görə ki, mən getməmişdim. Mən reanimasiya qutusunda gəlib Almaniyaya çıxmışdım, bir səbəblə: məni öldürmək istəmişdilər”, – siyasətçi sosial şəbəkələrdə danışıb.
Avqust ayından Navalnı Omsk hospitalından köçürüldüyü Almaniyada qalırdı. Bir neçə laboratoriya Navalnının “Noviçok” kimyəvi silahı ilə zəhərləndiyini təsdiqləmişdi. Berlinin “Şarite” klinikasında müalicə olunandan sonra Navalnı Almaniyada reabilitasiya keçirdi.
Navalnı Rusiya hakimiyyətini ona qarşı sui-qəsd törətməkdə ittiham edib, beynəlxalq araşdırma qrupu isə ehtimal olunan sui-qəsdçilərin adlarını müəyyən edib və onlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.
- Aleksey Navalnı baş tutmayan qatili ilə danışıb
- Rusiyanın əsas müxalifətçisi sosial şəbəkələrdə necə mediaiçperiya yaradıb?
- Rusiya prezidenti Navalnıdan nə gözləməli?
Rusiya hakimiyyəti zəhərlənmə ilə bağlı istintaq aparmır və hadisə ilə əlaqəsini qəti inkar edir.
Navalnını həbs gözləyir?
Bu arada Rusiyada Navalnıya qarşı İkinci Dünya Müharibəsi veteranı haqqında böhtan ittihamı ilə cinayət işi qaldırılıb. Bu maddə ilə onu cərimə və 200 saata qədər məcburi əmək cəzası gözləyir.
Cəzaların İcrası Federal Xidməti isə məhkəmədən siyasətçinin 2014-cü ildə şərti cəzaya məhkum edildiyi cinayət işi üzrə 3,5 il müddətinə həbsxanaya göndərilməsini tələb edib. Qurumdan hesab edirlər ki, müxalifətçinin Almaniyaya getməsi onun şərti cəza şərtlərini pozub.
Dekabrın sonunda İstintaq Komitəsi Navalnıya qarşı yeni cinayət işi qaldırıb – Korrupsiya ilə Mübarizə Fondunun vəsaitlərinin talan edilməsi ilə bağlı. Tətbiq olunan maddəyə əsasən onu 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Navalnı bu haqda nə deyir?
Siyasətçinin özü hesab edir ki, bu istintaqlar onun ölkəyə qayıdışına imkan verməmək üçün başladılıb.
“Mənim qətlimə əmr verən Putin bütün öz bunkerinə çağırır və qulluqçularına göstəriş verib ki, mən qayıtmayım. Qulluqçular adətən olduğu kimi hərəkət edirlər: mənə qarşı yeni cinayət işləri quraşdırırlar. Amma onların orada nə etdikləri mənim üçün çox da maraqlı deyil. Rusiya mənim ölkəmdir, Moskva mənim şəhərimdir və mən onlar üçün darıxıram”, – Navalnı yanvarın 13-də bildirib.