Nauru prezidenti Baron Divavesi Vaka Abxaziyada rəsmi səfərdə olub. Müstəqilliyi Rusiyadan başqa cəmi beş dövlət tərəfindən tanınmış Abxaziya üçün belə ziyarətlər nadir hadisədir.
Nauru prezidenti Baron Divavesi Vaka bəyan edib ki, bu səfər Nauru Respublikasının iki xalq arasında dostluq və həmrəyliyə sadiq olduğunu nümayiş etdirməyə yönəlib.
“Siz bizə həm etibarlı tərəfdaş, həm sizi dəstəkləyəcək güclü ölkə kimi güvənə bilərsiz. Biz gələcəkdə də sizin maraqlarınızın və Abxaziyanın tanınması prosesinin lobbiçiliyi ilə məşğul olmaq niyyətindəyik”, – Nauru prezidenti vurğulayıb.
Onun abxaz həmkarı Raul Xajimba isə öz növbəsində Abxaziyanın geniş şəkildə tanınmadığını nəzərə alaraq Sakit Okeanı regionunda rəsmi Suxumu tanıyan ölkələrdən – Nauru, Vanuatu və Tuvaludan ibarət Abxaziyanın dostları Qrupunu yaratmağı təklif edib.
“Belə bir qrup bu regionda Abxaziyanın maraqlarının lobbiçiliyi ilə məşğul ola bilər. Biz yaxşı anlayırıq ki, tanınmaq sürətli proses deyil, amma bu növ strukturlar vasitəsilə maraqların lobbiçiliyi bir sıra dövlətlərlə humanitar, iqtisadi əlaqələr səviyyəsində münasibətlərin qurulmasına imkan verə bilər. Həmçinin Naurunun da daxil olduğu Sakit Okeanı adalarının Forumu ilə münasibətlərin inşasını mümkün hesab edirəm. Bu yolla Abxaziya haqda regiona daha çox məlumat ötürmək olar”, – prezident Xajimba bildirib.
Nauru Abxaziyanın müstəqilliyini 2009-cu ilin dekabrında tanıyıb.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış hesab ediləcək və ya başqa səbəbdən qeyri-etik hesab olunan şərhləri silmək haqqını özündə saxlayır