Məhkəmə azərbaycanlı jurnalist Əfqan Muxtarlıya altı il həbs cəzası verib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlı altı il azadlıqdan məhrumetmə cəzası alıb. Bu qərarı yanvarın 12-də Azərbaycanın Balakən rayon məhkəməsi çıxarıb.
Muxtarlı Azərbaycanın cinayət məcəlləsinin üç maddəsi üzrə təqsirli bilinir: dövlət sərhədini qanunsuz keçmə, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə. Jurnalistin özü və vəkilləri bütün ittihamları rədd edir və bildirirlər ki, Muxtarlı mayın 29-da Tbilisidə Gürcüstanın kriminal polis əməkdaşları tərəfindən oğurlanıb və Azərbaycanın xüsusi xidmət orqanlarına təhvil verilib.
Prokuror özünün ittiham nitqində səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.
Muxtarlı özünün son sözündə araşdırmaları haqqında danışıb: Göygöl təbiət qoruğunda qanunsuz biznes, Müdafiə Sənayesi Nazirliyində və orduda oğurluq, Azərbaycan hakimiyyətinin Gürcüstana sərmayələri. O həm də həlak olan jurnalistlərin adlarını çəkərək deyib ki, kamerada sağ qaldığı üçün şanslıdır.
“Uzağı məni yeddi il müddətinə həbs edə bilərsiz. Amma bu da bizi susdurmayacaq. Mübarizəmiz davam edəcək. Biz ona görə yazmırıq ki, sabah Əliyevləri devirəcəyik. Ona görə yazırıq ki, insanlara ümid veririk”.
Bu sözlərdən sonra hakim Muxtarlının sözünü kəsib.
Jurnalistin vəkili Elçin Sadıqov prosesi “sifarişli” adlandırıb.
“İttiham tərəfi cəza üçün Cinayət Məcəlləsinin maddəsində nəzərdə tutulduğundan artıq müddət tələb edə bilməz. İttihamçı səkkiz il tələb edib, halbuki bu maddələr üzrə maksimal müddət yeddi ildir. Bu özü-özlüyündə artıq siyasi sifarişin sübutudur”, – bastainfo.com agentliyi Sadıxovdan sitat gətirir.