Müxalifət partiyası Bakı sakinlərinə şəhərin merini seçmək imkanının verilməsini tələb edir
Paylaşmaq
Paylaşmaq
Müxalifətçi “Respublikaçı Alternativ” (REAL) partiyası rüblük iclasında mükalimə apararaq, ölkə hökumətinə qarşı bir neçə tələb irəli sürmək barədə qərar verib. İlk öncə, Bakı merinin seçkilərinin keçirilməsi tələbi qoyulub. İkincisi, vətəndaşların devalvasiyadan sonra məbləğləri xeyli artmış dollar kreditlərinin ödənilməsi tələb edilib.
“Respublikaçı Alternativ” – milliyyətçi-liberal yönümlü qeydiyyatdan keçməmiş müxalifət partiyasıdır. 2013-cü ildə partiyanın lideri İlqar Məmmədov kütləvi iğtişaşların təşkilində ittiham olunaraq yeddi il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ilin avqustunda cəzası şərti cəza ilə əvəzlənərək azad edilib və bildirib ki, REAL partiyası Azərbaycanda hakimiyyətə gəlmək niyyətindədir.
Bakı – Avropada merin seçilmədiyi və prezident fərmanı ilə təyin edildiyi yeganə paytaxt şəhəridir. Azərbaycan uzun illər öncə Avropa Şurasına bu vəziyyəti düzəldəcəyinə söz versə də, vədini indiyədək yerinə yetirməyib.
Bu yaxınlara qədər Bakının başçısı Hacıbala Abutalıbov idi. 2018-ci ilin aprelində o, baş nazirin müavini təyin olunub, mer vəzifəsi isə vakant olaraq qalır.
O ki qaldı devalvasiyaya, son üç il ərzində Azərbaycanda bu iki dəfə baş verib. Nəticədə, dollar təxminən 2,5 dəfə bahalaşıb, bütün məhsulların qiymətləri nəzərə çarpacaq dərəcədə yüksəlib, ən çox zərər görənlər isə banklarda dollar kreditləri olanlar olub.
“Devalvasiyadan sonra Azərbaycanda 700 min nəfər problemli kredit sahibinə çevrilib. Bu məsələnin həlli həm bank sektorunun, həm də ümumilikdə iqtisadiyyatın canlanmasına təkan verə bilərdi. Biz bu cür kreditlərin dövlət tərəfindən ödənilməsini nəzərdə tutan qanun layihəsi təklif edirik”, – “JAMnews”a açıqlamasında REAL-ın İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib.
Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə əsasən, bu qanun layihələrinin parlamentin müzakirəsinə təqdim edilməsi üçün REAL partiyası vətəndaşlardan 40 min imza toplamalıdır.